Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2010, № 1, maddə 58) ilə təsdiq edilmiş "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nın 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
 
"1. Ümumi müddəalar
 
  1.1. Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən hazırlanmışdır və təhsilin hər hansı pilləsini və səviyyəsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını tənzimləyir. Arayış təhsilin müvafiq pillələrini və səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.
  1.2. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti "2" olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab edilirlər.
  1.3. Müvafiq kursu bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün ümumtəhsil fənni (fənləri) üzrə biliyi qiymətləndirilməyən, habelə tədris planında nəzərdə tutulmuş fənlər (peşə liseylərində ümumtəhsil fənləri istisna olmaqla) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən, habelə istehsalat təcrübəsi və təlimlərdə iştirak etməyən şəxslər ilk peşə-ixtisas təhsilini başa vurmamış hesab edilirlər.
  1.4. Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən şəxslər orta ixtisas təhsil pilləsini başa vurmamış hesab edilirlər.
  1.5. Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə tələb olunan kreditləri qazanmayan və yaxud yekun attestasiyadan keçməyən şəxslər ali təhsilin müvafiq səviyyələrini başa vurmamış hesab edilirlər.".
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
 Azərbaycan Respublikası Baş nazirinin
birinci müavini Yaqub Eyyubov
 Bakı şəhəri, 23 may 2013-cü il
№ 82