Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə

 

QƏRARA ALIRAM:

 

1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilsin: 

1.1. Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat

1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında: 

adlı təqaüd alan tələbələrə – 120 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 105 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

1.3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat

1.4. İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 35 manat

1-1. Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin.

2. Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.

3. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2013-cü il

№ 3108