Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi və qaydalarda dəyişikliyin edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulmuşdur.

Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin davam etdirilməsi, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.37-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Təhsil Nazirliyinin 18 oktyabr 2018-ci il tarixli F-716 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”nın 3.4-cü bəndinə aşağıdakı dəyişiklik edilsin:

- “Ümumi sualların 40%-i (24 bal) təşkil edən keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir” cümlələri “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir” cümləsi ilə əvəz edilsin.

2. Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə və apellyasiya komissiyalarının tərkibi təsdiq edilsin:

 

Müsabiqə komissiyası

Komissiyanın sədri:

Məhəbbət Vəliyeva   Nazir müavini

 

Komissiyanın üzvləri:

Muxtar Məmmədov   Aparat rəhbəri

Aydın Əhmədov   Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri

Emin Əmrullayev   Təhsilin inkişafı proqramları şöbəsinin müdiri

Eşqi Bağırov   İnsan resursları şöbəsinin müdiri

İlqar Mahmudov   Daxili nəzarət şöbəsinin müdir əvəzi

Rəşad Tağıyev   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

 

Apellyasiya komissiyası

Komissiyanın sədri:

Firudin Qurbanov Nazir müavini

 

Komissiyanın üzvləri:

Fərzəli Qədirov   Aparat rəhbərinin müavini

Anar Cəfərov   Nazirin müşaviri, Hüquq şöbəsinin müdir əvəzi

 

3. Yerli təhsili idarəetmə orqanları:

3.1 direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrində sözügedən vəzifəni müvəqqəti icra edən şəxslərin müsabiqədə iştiraka cəlb edilməsi, namizədlərin test imtahanı və müsahibə mərhələlərinə effektiv hazırlaşma imkanlarını təmin etmək üçün onlara metodiki yardım göstərilməsi məqsədilə tədbirlər həyata keçirsinlər;

3.2 direktor vəzifəsi vakant olan təhsil müəssisələrinin siyahısını ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla 10 iyul 2019-cu il tarixinə kimi müvafiq qaydada elektron portala daxil edilməsini təmin etsinlər;

4. Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutu (V.Yaqublu) müsabiqənin keçirilməsi üçün test tapşırıqlarının və müsahibə materiallarının hazırlanması və onların məxfiliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Texniki Universiteti (X.Yahudov) müsabiqənin imtahan mərhələlərinin universitetin tədris binasında keçiriləcəyini nəzərə alsın və bununla bağlı lazımi tədbirləri həyata keçirsin.

6.  Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (V.Xanlarov) tapşırılsın:

6.1 müsabiqə zamanı istifadə olunacaq proqram təminatının fasiləsiz fəaliyyətini və dayanıqlığını təmin etsin;

6.2 proqram təminatının təhlükəsizliyini artırmaq məqsədi ilə əlavə dəyişikliklərin edilməsini təmin etsin;

6.3 imtahan mərkəzi ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında bağlantını təmin etsin, server avadanlığına nəzarəti həyata keçirsin və məlumatların replikasiya vasitəsi ilə təhlükəsiz saxlanılmasına şərait yaratsın.

7. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqələrin təşkili və keçirilməsi üçün zəruri avadanlıqların quraşdırılması, sazlanması, maddi-texniki təchizatın təmin olunması məqsədi ilə mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar tələb olunan zəruri tədbirləri həyata keçirsin.

8. Məxfi və dövlət nümunəli sənədlərlə iş sektoru (R.Məmmədov) müsabiqənin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsin.

9. İnsan resursları şöbəsinə (E.Bağırov) tapşırılsın:

9.1 müsabiqənin 2019-cu ilin iyul-noyabr aylarında qaydalara uyğun təşkili və keçirilməsi prosesinə nəzarəti həyata keçirsin;

9.2  müsabiqələrin nəticələri üzrə hesabatları hazırlayıb rəhbərliyə təqdim etsin.

10. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin yerli təhsili idarəetmə orqanlarına göndərilməsini, Nazirliyin internet saytında yerləşdirilməsini, müsabiqə və onun nəticələri ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasını təmin etsin.

11. Əmrin icrasına nəzarət nazir müavini M.Vəliyevaya həvalə olunsun.

Əsas: Nazir müavini M.Vəliyevanın xidməti məlumatı.

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

8 iyul 2019-cu il

F-424