Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilsin.

2. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil edilsin:

2.1. Müsabiqənin ilk mərhələsi 2020-ci ilin fevral-mart aylarında rayon və şəhərlərdə;

2.2. ölkə mərhələsi aprel ayında Bakı şəhərində keçirilsin.

3. Müsabiqənin ölkə mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin:

3.1. Bakı şəhərindən – 12 nəfər;

3.2. Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən və Abşeron rayonundan – 2 nəfər;

3.3. digər şəhər və rayonların hər birindən – 1 nəfər;

3.4. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə – 3 nəfər.

4. Təhsilin inkişafı proqramları şöbəsi (N.Hüseynova) Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrindən müsabiqənin ölkə mərhələsində iştirak edəcək şagirdlərin seçilməsini təmin etsin.

5. Təhsilin inkişafı proqramları şöbəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri müsabiqənin ilk mərhələsini mütəşəkkil keçirmək üçün işçi qrupu və münsiflər heyəti yaratsınlar, müəyyən etdikləri meyarlar əsasında iştirakçıları qiymətləndirib qaliblərin adlı siyahısını (SAA, oxuduğu məktəb, sinif və tədris dili) mart ayının 30-dək Ümumi və məktəbəqədər təhsil şöbəsinə təqdim etsinlər.

6. 2020-ci ildə müsabiqə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” başlığı altında müəyyən olunmuş mövzular əsasında təşkil edilsin (1-ci əlavə). Ölkə mərhələsində iştirakçılar təklif edilən mövzuların adı yazılmış 17 zərfdən birini götürməklə orada qeyd olunmuş mövzu üzrə çıxış edəcəklər.

7. Müsabiqənin ölkə mərhələsi iştirakçılarının təqdimatlarının qiymətləndirmə meyarlarıqiymətləndirməni aparan işçi qrupunun tərkibi təsdiq edilsin (2 və 3-cü əlavələr).

8. Müsabiqənin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılsın.

9. Ümumi və məktəbəqədər təhsil şöbəsi (V.Yaqublu) müsabiqənin ölkə mərhələsinin nəticələri barədə əmr layihəsini müsabiqə başa çatdıqdan sonra 3 gün müddətinə hazırlayıb rəhbərliyə, müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

10. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

11. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

12. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əlavələri ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və yerlərə çatdırılmasını təmin etsin.

13. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

19 fevral 2020-ci il

F-115