2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrasına dair Təhsil Nazirliyinin 2018-2020-ci illər üçün Tədbirlər Planının 3.1.3.1-ci bəndinin yerinə yetirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki:

1.1. Aidiyyəti yerli təşkilatlarla birgə 2019-2020-ci dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2014-cü ildə anadan olmuş uşaqların sayının dəqiqləşdirilməsi, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görsünlər;

1.2. Məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndir-mədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlasınlar;

1.3. Məktəbəhazırlıq qruplarının müəyyən olunmuş qaydalar əsasında  və Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarına uyğun olaraq şəhər və rayonlar üzrə 2019-2020-ci dərs ilində məktəbəhazırlığa cəlb olunacaq uşaqların sayı proqnozu daxilində komplektləşdirilməsini təmin etsinlər;

1.4. Məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil  məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər həyata keçirsinlər;

1.5. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun elektron sistem vasitəsilə həyata keçirildiyini nəzərə alaraq, tabeliklərindəki ümumi təhsil müəssisələrinin məktəbə-hazırlıq qruplarına uşaqların qeydiyyatının mektebeqebul.edu.az sistemində aparılmasını  təmin etsinlər;

1.6. 2019-cu il oktyabr ayının 25-dək əlavə olunan forma üzrə məlumatı və görülmüş işlər barədə yazılı hesabatı Nazirliyə göndərsinlər.

2. 2019-cu il avqustun 26-dan sentyabrın 25-dək məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu prosesinin əlaqələndirilməsi və səmərəli təşkil edilməsi məqsədilə yaradılmış İşçi qrupunun tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Məcburi köçkün rayonlarının məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilsinlər.

4. Müvafiq ərazi maliyyə hesablaşma mərkəzləri məktəbəhazırlıq qruplarının mövcud normativlər əsasında müəyyən edilmiş say çərçivəsində təşkilini nəzarətdə saxlasınlar.

5. Təhsilin inkişafı proqramları şöbəsi (Emin Əmrullayev), İnsan resursları şöbəsi (Eşqi Bağırov), Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (Vəfa Yaqublu) məktəbəhazırlıq təhsilini aparacaq müəllimlərin yerlərdən alınmış adlı siyahısı əsasında həmin müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlərin avqust-sentyabr ayları ərzində təşkilini təmin etsinlər.

6. Ümumi və məktəbəqədər təhsil şöbəsi (Aydın Əhmədov), Təhsil İnstitutu (Emin Əmrullayev), Tədris resurları şöbəsi (Elvin Rüstəmov) 2019-2020-ci dərs ilində məktəbəhazırlıq təhsilinin təşkili üçün tələb olunan tədris resurslarının, malların adı və miqdarı barədə məlumatı Maliyyə şöbəsinə təqdim etsinlər.

7. Maliyyə şöbəsi (Rauf Orucov) və Əsaslı Tikinti və Təchizat İdarəsi (Anar Axundov) ayrılmış büdcə vəsaiti çərçivəsində əmrin 6-cı bəndinin icrası üzrə təqdim olunacaq məlumatlar əsasında məktəbəhazırlıq təhsilinin təşkili ilə bağlı tələb olunan tədris resurslarının və digər malların satın alınması və vaxtında ümumi təhsil müəssisələrinə çatdırılması ilə bağlı aidiyyəti tədbirlərin görülməsini təmin etsinlər.

8. İnformasiya şöbəsi (Elnur Məmmədov) KİV-lərdə məktəbəhazırlığın təşkili ilə bağlı təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsini, əmrin “Azərbaycan müəllimi” qəzətində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

9. Əmrin icrasını nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə edilsin.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

9 avqust 2019-cu il

F-489