İdris Balakişi oğlu İsayev

 

""
1970-ci ildə Bakı şəhərində anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə və kredit fakültəsində əyani təhsil alıb və ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə təşkil etdiyi MBA proqramı çərçivəsində biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb.
1992-1993-cü illərdə “İnkişaf” Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Maliyyə Nazirliyində iqtisadçı, şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2005-ci il 24 yanvar tarixindən əmək fəaliyyətini Dövlət Sosial Müdafiə Fondunun Aparatında Maliyyə-büdcə şöbəsinin müdiri kimi davam etdirib. 2013-cü il 31 oktyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 279 nömrəli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 noyabr tarixli 688 nömrəli sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.
Sosial müdafiə, əmək və məşğulluq sahələrində bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, büdcə proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında səmərəli fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 oktyabr tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci il 12 noyabr tarixli sərəncamı ilə isə Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalları ilə təltif edilib.
Rus və ingilis dillərini bilir.
Evlidir. 3 övladı var.