Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1995-ci il 6 noyabr
 tarixli 242 nömrəli qərarı ilə
təsdiq edilmişdir
5 №-li Əlavə 
 
Ali   məktəbintəcrübə-konstruktor, layihə-texnolojibüroları haqqındaəsasnamə
 
1. Bu Əsasnamə ali məktəb nəzdindəki sərbəst balansa və hüquqi şəxs statusuna malik olmaqla, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən təcrübə-konstruktor bürosu (TKB) və həmçinin layihə-texnoloji büronun (LTB) fəaliyyətini əhatə edir.
Təcrübə-konstruktor və layihə-texnoloji bürolar təsisçi nazirlik (idarə) tərəfindən nazirliyin özünün təşəbbüsü və ya ali məktəbin rektorunun vəsatəti əsasında yaradılır, yenidən təşkil və ya ləğv edilir.
2. TKB və LTB öz fəaliyyətini ali məktəblərdə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında Əsasnaməyə uyğun həyata keçirir.
3. TKB və LTB-nin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
- ilk növbədə ali məktəblərin alimlərinin təklif etdikləri yeni texnika nümunələrinin, materialların və texnoloji proseslərin yaradılması və tətbiq edilməsi məqsədilə ali məktəblərlə sahə nazirliklərinin (idarələrin) təşkilatları ilə təsərrüfat müqavilələri əsasında təcrübə-konstruktor, layihə-texnoloji işlərin (gələcəkdə təcrübə-konstruktor işləri) yerinə yetirilməsi;
- TKB və LTB-də aparılan işlərə tələbələrin cəlb edilməsi, onlarda real layihələndirmə prosesində mühəndis vərdişlərinin inkişaf etdirilməsi;
- tədris prosesinin təmin edilməsi üçün texniki vəsitələr və xüsusi avadanlıqların hazırlanması.
4. TKB və LTB-də təcrübə-konstruktor işləri müvafiq planlar əsasında yerinə yetirilir. Planlar mövcud qanunvericiliyə müvafiq olaraq razılaşdırılır və təsdiq edilir.
5. TKB və LTB-nin əsas maliyyə mənbələri təsərrüfat müqavilələri ilə görülən təcrübə-konstruktor işləri üçün sifarişçi təşkilat və müəssisələrdən daxil olan vəsait TKB və LTB-nin istehsal etdiyi məhsulun satışından əldə olunan gəlir hesabına formalaşır.
İşlərin həcmi, əmək limitləri və maddi-texniki ehtiyyat fondları TKB və LTB üçün təsisçi nazirlik (idarə)) tərəfindən müəyyən edilir və ali məktəbin plan göstəricilərinə ayrıca sətirlə daxil olunur.
6. TKB və LTB müəyyən edilmiş plan tapşırıqları daxilində:
- öz ştat cədvəlini və xərclər smetasını işləyib təsdiq edir və onlarda dəyişikliklər aparır;
- elmi-texniki, sosial-inkişaf və maddi həvəsləndirmə fondunu təşkil edir;
- bank kreditindən istifadə edir, onun məqsədyönlü sərf olunmasına və vaxtında qaytarılmasına cavabdehlik daşıyır.
7. TKB və LTB öz fəaliyyətinin maliyyə və maddi-texniki təminatı üçün:
- ona təhkim edilmiş əsas fondlara malikdir;
- bilavasitə özü və ya ali məktəbin müvafiq yardımçı bölmələrinin köməyi ilə əsaslı tikinti, yenidənqurma, texniki təchizat və əsas fondların əsaslı təmir işlərini həyata keçirir;
- tələb olunan avadanlıq, xammal, yanacaq və başqa qiymətli materiallar alır, həmçinin istifadə edilməyən cihazların, materialların, avadanlıqların və məmulatların satışını təşkil edir, texniki cəhətdən köhnəlmiş və ya yararsız hala düşmüş avadanlıq, nəqliyyat vasitələri, cihazlar və alətləri müəyyən edilmiş qaydada balanslardan silir;
istehlakçılarla razılaşdırılaraq, təcrübə istehsalatında buraxılan məhsullara dövlət qiymət orqanları tərəfindən müəyyən edilmiş qaydalar üzrə qiymətlər təyin edir.
8. TKB və LTB-də təsərrüfat hesablı təcrübə-konstruktor işləri aşağıdakılar tərəfindən yerinə yetirilir:
- ştatda olan rəhbər, mühəndis-texniki işçilər, konsruktor-texnoloq və başqa mütəxəssislər, qulluqçu və fəhlələr;
- ştat əvəzçiliyi şərti ilə ali məktəbin professor-müəllim və tədris köməkçi heyəti, həmçinin fəhlələri;
- dərsdən kənar vaxtda, TKB və LTB-də tutduğu vəzifəsinin 0,5 ştat vahidinin əmək haqqını almaq şərti ilə ali məktəbin aspirantları, klinik ordinatorları və tələbələri;
- əvəzçilik əsasında kənar təşkilatların fəhlələri.
9. Mövcud olan əsasnamələrə müvafiq TKB və LTB mühəndislərin, konstruktorların, texnoloqların və başqa mütəxəssislərin attestasiyasını təşkil edir, məsul və xüsusi əhəmiyyətli işləri yerinə yetirən əməkdaşlara əlavə əmək haqqı müəyyən edir.
10. TKB və LTB rektor tərəfindən təsdiq edilmiş nizamnamə əsasında fəaliyyət göstərir.
Nizamnamədə TKB və LTB-nin tabe olduğu ali məktəbin adı, yerləşdiyi ünvanı, rekvizitləri, hüquqi şəxs olması və onun hazırki Əsasnaməyə müvafiq fəaliyyət göstərdiyi haqda qeyd, əsas fəaliyyət istiqamətləri öz əksini tapmalıdır.
Nizamnaməyə TKB və LTB-nin fəaliyyət dairəsinə aidiyyatı olan başqa əsasnamələr də daxil edilir.
11. TKB və LTB-nin strukturu rektor tərəifndən təsdiq edilir. TKB və LTB-nin tərkibində şöbələr, bölmələr və qruplar funksional (norma-nəzarət, texniki nəzarət, standartlaşdırma və s.) və inzibati-təsərrüfat bölmələri təşkil edilə bilər. Kütləvi istehsal üçün müasir avadanlıq, cihaz və texnoloji xətlərin yaradılması və təkmilləşdirilməsinin başa çatdırılması məqsədilə TKB və LTB-də təcrübə-istehsal sahəsi yaradılır. Bundan əlavə TKB və LTB-yə hesablama mərkəzi, sınaq stansiyaları, tələbə konstruktor bölmələri daxil edilə bilər.
Bölmələrin əsasnamələri və əməkdaşların vəzifə təlimatları TKB və LTB tərəfindən təsdiq edilir.
12. TKB və LTB-yə onların rəhbərləri başçılıq edir. TKB və LTB rəhbəri ali məktəbin təqdimatına əsasən təsisçi nazirlik (idarə) tərəfindən təyin və azad edilir.
13. TKB və LTB-nin rəhbəri respublika qanunvericiliyinin normativ hüquqi aktların icra olunmasını və intizamın qorunmasını təmin edir. TKB və LTB adından bütün təsərrüfat və maliyyə əməliyyatlarını həyata keçirir, təcrübə-konstruktor işlərinin yerinə yetirilməsi üçün müqavilələr bağlayır, bölmələrin iş planlarını təsdiq edir, onların əsasında iş həcmini və ehtiyatları bölür, TKB və LTB üzrə əmrlər verir, əmək qanunvericiliyinə müvafiq işçiləri işə qəbul və işdən azad edir, işçilərin əmək şəraitinin və məişətinin yaxşılaşdırılması və onların mükafatlandırılması məqsədilə TKB və LTB-nin iqtisadi həvəsləndirmə fondundan istifadə edir.
14. TKB və LTB-nin əsas məsələlərinin müzakirəsi üçün onun elmi-texniki şurası yaradılır. Şuranın tərkibi mövcud qaydada TKB və LTB əməkdaşlarından, qismən də ali məktəbin müvafiq kafedralarının üzvlərindən təşkil olunur və rektor tərəfindən təsdiq edilir. Elmi-texniki şuraya TKB və LTB-nin rəhbəri sədrlik edir. Şuranın Əsasnaməsi TKB və LTB-nin rəhbərinin təqdimatı əsasında ali məktəbin rektoru tərəfindən təsdiq edilir.