Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1995-ci il 6 noyabr
 tarixli 242 nömrəli qərarı ilə
təsdiq edilmişdir
1 №-li Əlavə
 
Ali məktəblərdə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında əsasnamə
 
Ümumi müddəalar
 
1.1 Bu əsasnamə ali məktəblərdə elmi-tədqiqat, təcrübə-texnoloji və layihə konstruktor işlərinin (bundan sonra elmi-tədqiqat işləri) planlaşdırma, maliyyələşdirmə qaydalarını və ali məktəblərdə elmi hissələrin, elmi-tədqiqat institutlarının (ETİ) və mərkəzlərinin (ETM), texnoloji-kostruktor və layihə-texnoloji bürolarının (TKB və LTB), dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat laboratoriyalarının (ETL) və sahə elmi-tədqiqat laboratoriyalarının (sahə laboratoriyaları), hesablama mərkəzlərinin, rəsədxanaların, təcrübə stansiyalarının, muzeylərin, elmi kitabxanaların və s. (bundan sonra elmi təşkilatlar) elmi-istehsalat fəaliyyətinin təşkilini müəyyən edir.
1.2. Ali məktəblərin elmi təşkilatlarının əsas vəzifələri:
- milli iqtisadiyyatın inkişafında ali məktəbin elmi potensialından səmərəli istifadə edilməsi;
- fundamental və axtarış tədqiqatlarının üstün istiqamətlərinin inkişaf etdirilməsi və yeni texnika, texnologiya və materialların yaradılması;
- yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, iqtisadiyyatın, sənayenin və digər təsərrüfat sahələrinin mütəxəssisləinin ixtisaslarının artırılmasının təmin edilməsi;
- elmi nəticələrin istehsalatda istifadə olunmasının genişləndirilməsi məqsədilə milli iqtisadiyyatın müxtəlif sahələri ilə elmi-texniki əməkdaşlığın perspektiv formalarının inkişaf etdirilməsi;
- tələbələrin elmi-tədqiqat işlərinə geniş cəlb olinması;
- mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması məqsədilə elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiq edilmısi;
- ali məktəbin xarici ölkələrlə elmi-texniki əməkdaşlığının inkişaf etdirilməsi;
- ali məktəbdə yeni təcrübə-istehsalat bazasının yaradılması.
1.3. Elmi-tədqiqat işləri yerinə yetirildikdə ali məktəblər öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin qərar, sərəncam və göstərişlərini, Respublika Dövlət Elm və Texnika Komitəsinin, ali məktəbin tabe olduğu nazirliyin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. Ali məktəblərin rektorları aparılan elmi-tədqiqat işlərinin elmi səviyyəsinə və səmərəliliyinə, onların maliyyə və dövlət intizamına riayət edilməsinə cavabdehdirlər.
1.5. Elmi-tədqiqatların maliyyələşdirilməsi və elmi-istehsalat fəaliyyəti aşağıdakı mənbələr hesabına aparılır:
- ali məktəbin tabe olduğu nazirlik (idarə) tərəfindən fundamental və axtarış elmi-tədqiqatların aparılmasına dövlət büdcəsindən ayrılan vəsait;
- təsərrüfat müqavilələri əsasında aparılan elmi-tədqiqat və təcrübə-konstruktor işlərindən alınan vəsait;
- ali məktəbin elmi-texniki və sosial inkişaf fondlarından ayrılan vəsait.
1.6. Ali məktəblər, Azərbaycan Elmlər Akademiyasının elmi təşkilatları, başqa ali məktəblər, sahə nazirliklərinin müəssisə, təşkilat və idarələri ilə müxtəlif təşkilati formalarda, o cümlədən sahələrarası komplekslər, müvəqqəti yaradıcı kollektivlər, tədris-elmi istehsal komplekslərində müqavilələr əsasında birgə tədqiqatlar aparırlar. Elm və texnikanın tərəqqisi və mütəxəssislərin hazırlanmasının keyfiyyətinin artırılması məqsədilə ali məktəblərdə elmi-tədqiqat, layihə-konstruktor və elmi-texnoloji işlər (bundan sonra elmi-texniki işlər) aparılır.
 
2. Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri
 
2.1. Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri
aşağıdakılardır:
- təbiət, humanitar, ictimai və texniki elmlərin fundamental problemləri;
- Azərbaycan Respublikası elmi-texniki tərəqqisinin kompleks proqramı;
- yeni texnika və texnologiya yaradılması üçün sahələrarası elmi və elmi-texniki dövlət əhəmiyyətli proqramlar;
- ali məktəblərdə elmi şuranın qərarı ilə təşəbbüslü fundamental və axtarış elmi tədqiqatları.
2.2. Ali məktəblərdə yerinə yetirilən fundamental tədqiqatlar aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
- dövlət elmi-texniki proqram tapşırıqlarının yerinə yetirilməsi üçün müəyyən edilmiş qaydada dövlət büdcəsindən ayrılan vəsaitlər;
- tabeliyində olan ali məktəblər arasında müsabiqə əsasında proqramların, layihələrin, mövzuların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər;
- axtarış və yeni elmi istiqamətlərə ayrılan tədqiqatların maliyyələşdirilməsi üçün ali məkətəblərin elmi-texniki və sosial inkişaf fondundan ayrılan vəsaitlər;
sifarişçilərlə müqavilələr əsasında alınan vəsaitlər;
professor-müəllim heyətinin fərdi iş planları üzrə əsas iş vaxtı müddətində aparılan elmi-tədqiqatlar üçün ali məktəbə ayrılan vəsaitlər.
Bu elmi-tədqiqatlardan alınan nəticələr elmi hesabat və ya monoqrafiya şəklində hazırlanır və attestasiya, müsabiqə yolu ilə vəzifələrin tutulmasında, professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndiril­məsində nəzərə alınır.
2.3. Nazirlər Kabinetinin qərarı ilə yaradılmış ETİ və ETL dövlət büdcəsindən maliyyələşdirilir. Onların mövzuları müəyyən olunmuş qaydada Dövlət Elm və Texnika Komitəsi (DETK) tərəfindən təsdiq edilir.
Mühüm tədqiqatlar və dövlət əhəmiyyətli proqramlar çərçivəsində aparılan tədqiqatları sürətləndirmək məqsədilə maliyyələşdirmə üçün nazirliklər dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına ehtiyat fondu yarada bilərlər.
2.4. Dövlət büdcəsi vəsaiti hesabına fundamental tədqiqatların maliyyələşdirilməsi müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqələrin keçirilmə şərtləri nazirliklər, idarələr tərəfindən müəyyən edilir.
Müsabiqəyə təqdim edilmiş layihələrin, proqramların və mövzuların qiymətləndirilməsi üçün ali məktəblərin, Elmlər Akademiyasının, sahə elmi təşkilatlarının aparıcı alimlərindən və mütəxəssislərindən ibarət ekspert şuraları nazirliklər tərəfindən yaradılır.
2.5. Ali məktəblərin elmi təşkilatlarının smeta xərclərindən hər bir mövzu ayrılıqda nəzərə alınır. Hər elmi-tədqiqat işinin smeta dəyəri, maliyyələşdirilmə qaydasından asılı olmayaraq, texniki-iqtisadi hesablamalar əsasında, xərclər maddələri üzrə gəlirin daxil edilməməsi şərti ilə təyin edilir.
Qəbul olunmuş (yerinə yetirilmiş) elmi-tədqiqat işləri təsdiq edilmiş smeta dəyəri ilə elmi-texniki məhsulun həcminə daxil (realizə) edilir.
 İl ərzində smeta üzrə qənaət edilmiş büdcə vəsaitləri elmi təşkilatın sərəncamında qalır və əmək haqqı fondundan qalan qənaət maddi həvəsləndirmə fonduna, qalan maddələrdən edilən qənaət isə elmi-texniki və sisoal-inkişaf fonduna yönəldilir.
 
3. Təsərrüfat hesablı elmi-tədqiqat işləri
 
3.1. Elm və elm-istehsalat birlikləri, müəssisələri və təşkilatları ilə ali məktəbin elmi təşkilatları təsərrüfat hesablı müqavilələr əsasında təsərrüfatın müxtəlif sahələrinin inkişafı məqsədilə fundamental, axtarış və tətbiqi elmi-tədqiqatlar, təcrübə-konstruktor və layihə-texnoloji işlər aparırlar.
Bundan əlavə, ali məktəbdə aparılmış elmi-tədqiqatların nəticələrinin, alimlərin ixtiralarının istehsalata tətbiqi, elmtutumlu, aztonnajlı, xırda seriyalı məhsulun istehsalı, proqram vəsaitlərinin yaradılması və elmi-istehsalat xidmətlərinin göstərilməsi məqsədilə təsərrüfat hesablı müqavilələr bağlana bilər.
3.2. Ali məktəblərdə təsərrüfat hesablı müqavilələr əsasında aparılan elmi-tədqiqat, təcrübə-konstruktor və layihə-texnoloji işlər ali məktəbin hazırladığı mütəxəssislərin-profilinə müvafiq və ali məktəbin əsas elmi istiqamətlərinə uyğun, müxtəlif sahələrarası və sahədaxili problemlərin həlli məqsədilə, fundamental tədqiqatların nəticələrini tətbiq edərək yerinə yetirilir.
3.3. Elmi təşkilatların elmi-texniki məhsulu - əmtəədir.
Elmi-texniki məhsula sifarişçi tərəfindən qəbul edilmiş və dəyəri tam ödənilmiş aşağıdakılar aiddir:
- elmi-tədqiqat, təcrübə-konstruktor və layihə-texnoloji işlər və onların başa çatmış mərhələləri;
- elmtutumlu kadr müşahidəsi ilə mühəndis sistemləri sahəsində yaradılan elmi-texniki layihələr;
- elmi-tədqiqatlar və təcrübə-konstruktor işlərinin nəticələri əsasında yaradılan yeni texnika və materialların təcrübə nümunələri;
- ali məktəbin təcrübə bazasında hazırlanmış, daxili və xarici bazara çıxarılan, elmtutumlu, aztonnajlı və xırda seriyalı məhsullar;
- hesablama texnikası üçün proqram təminatı, həmçinin ali məktəb şəraitində yaradılan proqram vəsaitləri;
- nadir elmi-texniki avadanlıqların istifadəsi ilə göstərilən elmi-texniki xidmətlər, EHM-də aparılan hesablama işləri, informatika və informasiya, metrologiya, patent və lisenziya sahələrində göstərilən xidmətlər;
- elmi-texniki, iqtisadi idarəetmə, marketinq və s. sahələrdə verilən məsləhət və göstərilən ekspert xidmətləri.
3.4. Elmi təşkilat adından təsərrüfat hesablı müqavilələr ali məktəbin rektoru və ya elmi işlər üzrə prorektoru, ali məktəbin filiallarının rəhbəri, müstəqil balansa və hüquqi şəxs statusuna malik olan elmi-tədqiqat müəssisələrinin rəhbəri tərəfindən bağlanır.
3.5. Elmi təşkilatlar sifarişçi təşkilatlarla hər bir elmi-tədqiqat işi üzrə ayrılıqda müqavilə bağlayır. Bir neçə müstəqil işdən ibarət olan kompleks elmi-tədqiqat proqramları müqavilə əsasında yerinə yetirilərkən planlıaşdırma, maliyyələşdirmə və hesabat bütün proqram üçün bütövlükdə aparıla bilər.
3.6. Bağlanılan təsərrüfat hesablı müqavilələr, sifarişçi ilə icraçıların münasibətlərini tənzimləyən və öhdələrinə götürülən qarışılıqlı vəzifələrin yerinə yetirilməsi üçün iqtisadi məsuliyyəti təyin edən yeganə maliyyə və hüquqi sənəddir.
3.7. Müqavilədə xüsusi şərtlər kimi tədqiqatların nəticəsində alınan materialların dərc olunması, icraçının müəllif hüquqları, xüsusi avadanlığın təchiz edilməsi və s. məsələlər qeyd olina bilər.
3.8. Elmi-texniki məhsulun qiyməti müqavilə bağlanan mərhələdə təyin edilir və aparılacaq işlərin elmi-texniki səviyyəsi və alınacaq nəticələri ilə əlaqələndirilir.
3.9. Ali məktəblərdə təsərrüfat hesablı müqavilələr əsasında daxil olan vəsaitlər və nəzərdə tutlan xərclər büdcədənkənar smetalar üzrə planlaşdırılır və rektor tərəfindən təsdiq edilir.
3.10. Elmi-texniki və sosial-inkişaf fondunun vəsaitləri müvəqqəti olaraq, 6 ay müddətində sifarişçinin vəsaiti hesabına, qaytarılmaq şərti ilə, rektor tərəfindən icazə verilməklə müqavilələr üzrə xərclərin ödənilməsi üçün istifadə oluna bilər.
 
4. Ali məkətəblərin elm-istehsalat fəaliyyəti
 
4.1. Ali məkətəblərin elmi-istehsalat fəaliyyəti fundamental və tətbiqi tədqiqatların əsasında elmtutumlu, rəqabətə davamlı məhsulun işlənməsi və istehsal edilməsinə, onun daxili və xarici bazarlara müstəqil çıxarılmasına, tədqiqatların nəticələrinin təhsil prosesinə və islahata tətbiq edilməsi formalarının genişləndirilməsinə, ali məktəbin təcrübə-istehsalat maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilir.
4.2. Elm-istehsalat fəaliyyətinin elmtutumlu, aztonnajlı və xırda seriyalı məhsulun istehsalı, hesablama texnikası üçün proqram vəsaitlərinin işlənib hazırlanması, elm-istehsalat xidmətlərinin göstərilməsi, informatika, informasiya, marketinq, metrologiya və patent-lisenziya sahələri üzrə məsləhət və başqa xidmət növləri aiddir.
 
5. Elmi-təqdiqat işlərinin təşkili və planlaşdırılması
 
5.1. Ali məktəblər elmi və elm-istehsalat fəaliyyətinin cari və perspektiv planlaşdırılmasını sərbəst həyata keçirirlər.
5.2. Ali məktəblərdə elmi-tədqiqat işlərinin planlaşdırılması onların əsas elmi istiqamətlərinə müvafiq həyata keçirilir.
Ali məktəbin elmi istiqamətləri, orada hazırlanan mütəxəssislərin profilinə uyğun, müvafiq elm və texnika sahəsində perspektiv inkişafını və vəziyyətini, kadr təminatı, maddi və maliyyə imkanlarını nəzərə almaqla müəyyən edilir.
5.3. Elmi-tədqiqat işlərinin mövzularına ali məktəbin Elmi Şurasında baxılır və onların planı rektor tərəfindən təsdiq olunur. Ali məktəbin Elmi Şurası elmi-tədqiqat işlərinin yekunlarını müzakirə edir, ən aktual və perspektivli elmi istiqamətlərin inkişaf etdirilməsi haqda, həmçinin elmi-texniki tərəqqinin sürətləndirilməsinə real xidmət etməyən və elmi zənginləşdirməyən elmi-işlərin dayandırılması haqda qərarlar qəbul edir.
5.4. Nazirliklər, tabeliklərində olan ali məktəblərin dövlət büdcəsinin vəsaiti hesabına elmi-tədqiqat işlərini maliyyə vəsaiti, təcrübə-eksperimental bazasına və dövlət planına daxil edlimiş obyektlərin siyahısına müvafiq yeni tikintilərin inkişafı üçün mərkəzləşmiş kapital qoyuluşunun limitləri ilə, tikinti-quraşdırma işlərinin, eləcə də mərkəzləşmiş qaydada paylanan maddi-texniki resursların limitləri ilə və iqtisadi normativlərlə təmin etməlidirlər.
5.5. Elmi tədqiqatların səmərəliliyinin artırılması, elmi-texniki yeniliklərin yaradılması və tətbiq edilməsi müddətinin azaldılması məqsədilə, müəyyən olunmuş qaydada ali məkətbin bazasında mühəndis və elmi-texniki mərkəzlər, ikili tabelikdə olan laboratoriyalar, respublikanın və xarici ölkələrin müştərək müəssisələri, elm-istehsalat birlikləri, mərkəzlər, kooperativlər, kiçik müəssisələr və s. şəklində çevik təşkilati formalar yaradıla bilər.
5.6. Ali məktəbdə yerinə yetirilmiş işlənmələrin, elmi-texniki nailiyyətlərin tətbiqi və mənimsənilmiş təcrübənin istifadəyə verilməsi, ali məktəbin təcrübə bazasında hazırlanmış elmtutumlu, aztonnajlı, xırda seriyalı məhsulun istifadə üçün verilməsi, müəssisələrdə, təşkilatlarda, xarici firmalarda, kooperasiyada elmi-texniki məhsulun birgə istehsalı, ali məktəbin elmi-texniki məhsulun onların nəzdindəki elm-istehsalat kooperativləri, elmi-texniki xidmət mərkəzləri, kişik müəssisələr və həmçinin birlik və assosiasiyalar tərəfindən istifadə edilməsi haqda müqavilələr əsasında həyata keçirilir.
5.7. Tədqiqatların və işlənmələrin nəticələrinin təbliq edilməsi məqsədilə ali məktəblər, xarici ölkələrin sahə elmi-texniki, sənaye, kommersiya və başqa sərgilərində iştirak edir, tematik toplular və xüsusi reklam nəşrləri buraxır və yayır, özlərinin elmi-texniki nailiyyətləri haqda nazirliklərə məlumat göndərir.
 
6. Elmi-tədqiqat işlərinin icraçıları
 
6.1. Ali məktəbdə elmi-tədqiqat işləri aşağıdakılar tərəfindən yerinə yetirilə bilər:
- əsas iş vaxtı ərzində fərdi iş planlarına müvafiq olaraq professor-müəllim heyəti;
- əsas iş vaxtında elmi təşkilatların elmi, mühəndis-texniki işçiləri, klinik xəstəxanaların mütəxəssis və fəhlələri;
- kurs işi, diplom layihəsi, tədris planlarında nəzərdə tutulmuş digər tədqiqat işlərinin yerinə yetirilməsi gedişində, tələbə elmi cəmiyyətlərində, bürolarında, həmçinin ali məktəblərin kafedra, elmi-tədqiqat müəssisələri, konstruktor və texnoloji təşkilatlarında əlavə əmək haqqı ödənilməklə dərsdən kənar sərbəst vaxtda tələbələr;
- hazırlandığı fərdi planlara müvafiq kafedralarda, elmi-tədqiqat müəssisələrində, konstruktor və texnoloji təşkilatlarda dərsdən kənar boş vaxtda əlavə əmək haqqı ödənilməklə doktorant, aspirant, tədqiqatçı-stajor, klinik ordinatorlar və müəllim-stajorlar.
Dövlət büdcəsi və təsərrüfat müqaviləsi vasitələri üzrə maliyyələşdirilən elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə ali məktəbin professor-müəllim heyəti, elmi işçiləri, rəhbər və digər işçiləri, həmçinin (sifarişçi müəssisə istisna olmaqla) qanunvericiliklə müəyyən olunmuş qaydada kənar müəssisə və təşkilatların işçiləri əsas işlərindən kənar vaxtda əvəzçiliklə cəlb oluna bilər.
6.2. Ali məktəbin rektorları əvəzçilik üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində yalnız mövzunun elmi rəhbəri kimi iştirak edə bilərlər. Ali məktəbin digər işçilərinə məhdudiyyət qoyulmur.
6.3. Ali məktəbin ştatında olan rəhbər, professor-müəllim heyəti, elmi və digər işçilər əvəzçilik üzrə öz ixtisas və dərəcələrinə uyğun gələn istənilən vəzifəni tuta bilərlər. Əvəzçilik üzrə vəzifə maaşları əsas iş yeri üzrə əmək haqqının həcmindən asılı olmayaraq müəyyənləşdirilir.
Əvəzçilik üzrə iş müddəti müvafiq kateqoriyadan olan işçilər üçün müəyyən olunmuş iş vaxtı normasının yarısından çox olmamalıdır. Əvəzçilik şərti ilə elmi-tədqiqat işlərinin aparılmasına cəlb olunan işçilərin əmək haqqı, tapşırığa müvafiq yerinə yetirilmiş işin tam həcminə görə ödənilir.
6.4. Ali məktəbin elmi müəssisələrinin bölmələrinin işə götürülən elmi əməkdaşları ştat cədvəlində nəzərdə tutulmuş boş olan elmi vəzifələrə müsabiqə üzrə seçilir, sonradan isə müəyyən olunmuş qaydada attestasiyadan keçirlər.
Ali məktəbdə və ya onun elmi müəssisələrində (konstruktor və texnoloji bürolar da daxil olmaqla) işləyən şəxslər, attestasiyanın nəticələrinə görə elmi işçi vəzifəsinə təyin olunurlar.
Mühəndis-texniki işçilər və mütəxəssislər, ali məktəbin rektorunun, elmi-tədqiqat institutunun və ya müstəqil təcrübə-konstruktor (layihə-texnoloji) bürosunun rəhbərinin əmri ilə işə götürülür və müəyyən edilmiş qaydada attestasiyadan keçirlər.
Ali məktəbin rektoru, elmi-tədqiqat institutunun, təcrübə-konstruktor, layihə-texnoloji bürolarının rəhbərləri müəyyən mövzuların (mərhələlərin) yerinə yetirilməsi müddətində, ayrı-ayrı hallarda elmi, mühəndis-texniki işçiləri və mütəxəssisləri işə qəbul edə bilərlər. İşçilərin işə qəbul olunması və azad olunması ali məktəbin rektoru, elmi-tədqiqat institutunun, təcrübə-konstruktor, layihə-texnoloji büroların rəhbərləri tərəfindən əmrlə həyata keçirilir.
Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində əvəzçiliklə iştirak edən şəxslər, həmçinin doktorantlar, aspirantlar, klinik ordinatorlar, təcrübəçi-tədqiqatçılar, tələbələr ali məktəbdə müəyyən edilmiş say limitində nəzərə alınmırlar.
6.5. Əvəzçilik üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbər və professor-müəllim heyətinin, həmçinin doktorantların cəlb olunması əmək müqaviləsi əsasında ştat vəzifəsi üzrə aparılır. Müqavilə bu şəxslərlə rektor (elmi işlər üzrə prorektor), ali məktəb, elmi-tədqiqat institutları, təcrübə-konstruktor (layihə-texnoloji) bürolarının rəhbərləri arasında bağlanılır.
Əmək müqavilələri bütövlükdə işin (ayrı-ayrı mərhələlərin) aparılması, həmçinin işin proqram və ya təqvim planına müvafiq konkret-tədqiqat, eləcə də istehsal-texniki xarakterli tapşırıqların yerinə yetirilməsi üçün bağlanılır. Burada götürülən işin həcmi, onun reallaşma müddəti və hesabat qaydası göstərilir. Həmin müqavilələrdə həmçinin yerinə yetiriləcək işin xalq təsərrüfatı üçün əhəmiyyəti, elmi-texniki səviyyəsi, keyfiyyəti, həcmi və mürəkkəbliyi nəzərə alınaraq, əmək haqqının məbləği və ödənilmə qaydası müəyyənləşdirilir. Hər ay üçün əmək haqqı hesablanarkən ali məktəbin elmi-tədqiqat müəssisələrində, texnoloji və konstruktor təşkilatlarında əvəzçilərin əmək haqqı işlədiyi vaxtda mütənasib olaraq əvəzçilik vəzifəsinə görə vəzifə maaşlarına əsasən ödənilir. Ali məktəblərin elmi-tədqiqat təşkilatlarında xüsusi əhəmiyyətə malik olan işlər yerinə yetirildikdə göstərilən müqavilələrdə əlavə ödənişlər də nəzərdə tutula bilər.
6.6. Tədqiqatların yerinə yetirilməsinə cəlb olunan rəhbər, professor-müəllim, elmi işçi heyətinə doktorantların əvəzçilik qaydasında əmək haqqı, aparılan işlərin təqvim plarına müvafiq olaraq mərhələlərlə ödənilir. Müqavilədə nəzərdə tutulmuş tapşırıqlar vaxtından əvvəl yerinə yetirildikdə və sifarişçinin müəyyən etdiyi işin keyfiyyəti və elmi-texniki səviyyəsi tələblərinə riayət olunduqda, icraçıya əmək müqaviləsində müəyyən edilmiş vəsaitin tam həcmi ödənilir.
6.7. İstehsal və texniki xarakterli konkret tapşırıq və xidmətlərin aparılmasına cəlb olunan aspirant, tədqiqatçı-stajor, müəllim-stajor, mühəndis-texniki işçilər, tədris-köməkçi heyəti, mütəxəssislər, tələbələr və ali məktəbin fəhlələrinin əmək haqqı, işlədiyi vaxtda mütənasib olaraq əvəzçilik vəzifəsinə görə vəzifə maaşına əsasən ödənilir.
6.8. Tətil dövründə aspirant və tələbələr, həmçinin istehsalat təcrübəsi zamanı tələbələr (əgər bu təcrübə ali məktəbdə və ya sifarişçi təşkilatlarda keçirilərsə), elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün tam əmək haqqı ödənilməklə işə götürülə bilərlər. Professor-müəllim heyəti öz məzuniyyət dövründə (əmək müqaviləsi üzrə əmək haqqı ödənilməklə) işə götürülə bilər.
6.9. Doktorant, aspirant, klinik-ordinator, tələbə və fəhlə-icraçılarla müqavilə üzrə iş yerinə yetirilən zaman, tutduğu vəzifə üzrə müəyyən olunmuş qaydada məzuniyyət və ya istifadə olunmayan məzuniyyətə görə iş qurtardıqdan sonra əvəzi ödənilməlidir.
6.10. Elm-istehsalat xarakterli, o cümlədən kooperativ, kiçik müəssə və s. təşkilatların işində iştirak edən ali məkətəblərin əməkdaşları, rektorluqla başlanmış müqavilələrə əsasən, xərci ödənilməklə ali məktəbin elmi cihaz, qurğu, istehsal sahələrindən həmin təşkilatların işini yerinə yetirmək üçün istifadə edə bilərlər.
Elmi hesabatlar, metodik proqram, konstruktor və texnoloji layihələr, ali məktəbin mülkiyyəti hesab olunmuş və əvvəllər yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticəsində əldə edilmiş digər materiallar müqavilə üzrə istifadə oluna bilər.
6.11. Təsərrüfat müqavilələrini yerinə yetirmək üçün rektorun əmri ilə müvəqqəti yaradıcı kollektivlər təşkil oluna bilər.
6.12. Ali məktəblərin kafedra və digər qurum rəhbərlərinə və idarə aparatının əməkdaşlarına, həmin ali məktəbin nəzdində yaradılmış kooperativlərdə (kiçik müəssisələrdə) işləməyə icazə verilmir.
 
7. Tədris və elmi proseslərin vəhdəti
 
7.1. Tədris prossesinin, elmin və istehsalın inteqrasiyası aşağıdakı vasitələrlə həyata keçirilir:
- sahələrarası elmi-texniki sistemlərin yaradılması;
- elmi kollektivlərin tərkibində tələbələrin elmi-tədqiqat işlərinin yerinə yetirilməsi;
- elmi-texniki tərəqqinin istiqamətlərinə və yüksək səviyyəli mütəxəssislərə olan sosial-iqtisadi tələbata uyğun elmi və texniki nailiyyətlərin əsasında mütəxəssislərin hazırlanması;
- Azərbaycan Respublikası Elmlər Akademiyası, nazirliklr, idarə və müəssisələrlə tədris-elm-istehsalat birlikləri və kompleksləri, baza kafedraları, elmi-tədris və mühəndis mərkəzləri təşkil etməklə, akademiya institutlarının elmi laboratoriyalarında və tədqiqat komplekslərində tədris-tədqiqat işlərinin aparılması;
- dövlət büdcəsi;
- təsərrüfat müqaviləli elmi-tədqiqat işlərinin yerinə yetirilməsi (bu halda tələbələr üçün əmək haqqının müəyyən hissəsi faiz ilə ayrılır);
- elmi hissənin elmi və elm-istehsalat bölmələrində fəal tədris işlərinin müxtəlif formalarından – diplom və kurs işi layihələrindən, tədris və istehsalat təcrübəsindən, tədris prosesində elmi avadanlıqlardan və hesablama texnikasından, tədqiqat və ölçmənin müasir üsullarından, avtomatlaşdırılmış məlumat banklarından və s. istifadə edilməsi;
- elmi tədqiqatların nəticəsində yaradılmış tədrisin yeni texniki vasitələrinin (laboratoriya qurğuları, mühazirə kursları, kompüter tədris vasitələri və praktikumlar, stend və trenaj qurğuları) tədris prosesində tətbiq edilməsi;
- tədris prosesi ilə əlaqədar tələbələrin elmi və texniki yaradıcılığının müxtəlif formalarını inkişaf etdirilməsi üzrə yaradılmış Şuralarla birlikdə elmi, metodik və təşkilat işlərinin aparılması;
- tədrisdən kənar vaxtlarda konstruktor və layihə bürolarında, elm-istehsalat dəstələrində, təhsil alan gənclərin elmi-texniki mərkəzlərində işlərin aparılması.
7.2. Tələbə elmi, layihə, konstruktor büro və mərkəzləri ali məktəblərin elmi hissəsinin tərkibində yaradılır.
 
8. Təcrübə-istehsalat bazasının inkişaf etdirilməsi
 
8.1. Elmi-tədqiqatlarda ali məktəbin eksperimental və istahsalat bazasından səmərəli istifadə edilməsi üçün nadir və bahalı elmi avadanlıqdan, hesablama texnikasından müxtəlif formalarda kollektiv istifadə olunur. Burada, aliməktəblərarası, idarələrarası kooperasiya və ixtisaslaşmadan istifadə olunur, elmi tədqiqatlara xidmət məqsədilə ali məktəblər sistemində yüksək səmərəli texnologiyaların və rəqabətə davamlı yeni texnikanın yaradılması üçün mərkəzlər və elmi-texnoloji parklar qaradılır.
8.2. Ali məktəblər nəzdində nadir cihazların, informatika vasitələrinin və başqa avadanlıqların yaradılması məqsədilə elmtutumlu kiçik müəssisələr və istehsalatlar (o cümlədən ali məktəblər əsasında) təşkil edilə bilər.
8.3.   Elmi müəssisələrin, konstruktor və texnoloji təşkilatların və s. tikintisi, yenidən qurulması və texniki təchizatı mərkəzləşmiş kapital qoyuluşuna müvafiq həyata keçirilir. Onlar həmçinin elmi-texniki və valyuta fondlarından, xalq təsərrüfatı sahələrindən eksperimental, istehsalat və sosial bazaya ayrılan vəsaitlər hesabına həyata keçirilir.
 
9. Beynəlxalq elmi əməkdaşlıq və xarici iqtisadi fəaliyyət
 
9.1. Ali məktəblər xarici ölkələrin təhsil müəssisələri və təşkilatları ilə elmi-texniki əməkdaşlığı müqavilələr əsasında həyata keçirir.
9.2. Beynəlxalq elmi-texniki əməkdaşlıq və xarici-iqtisadi fəaliyyət aşağıdakı məsələləri əhatə edir:
- elm və texnikanın üstün istiqamətlərinin inkişaf etdirilməsi sahəsində texniki layihələrin xarici ali məktəblər, elmi təşkilatlar ilə birgə işlənməsi;
- kommersiya əsasında yüksək səmərəli elmi-texniki məhsulların işlənməsi və hazırlanması;
- birgə tədqiqat aparmaq və elmi problemləri dərindən öyrənmək məqsədilə ali məktəb alimlərinin xaricdə təcrübə keçməsi;
- müştərək elmi, elmi-texniki laboratoriyaların və müəssisələrin yaradılması, bunların əsasında elmi-texniki məhsulların hazırlanması və müqavilə əsasında elm-istehsalat xidmətlərinin göstərilməsi;
- elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəticəsində yaradılan elmtutumlu, aztonnajlı, xırdaseriyalı elmi-texniki məhsulların və proqram vasitələrinin xarici ölkələrdə qəbul edilmiş qaydalar əsasında satılması;
- qəbul olunmuş qaydalar üzrə lisenziyaların və “noyxay”ların satılması, elmi-texniki məhsulların qarşılıqlı satışı, hesablama texnikasının, ölçü sistemlərinin dəzgah və texnoloji avadanlıqların icarəyə verilməsi və alınması;
- nadir elmi avadanlıq, cihaz və materialların alınması, marketinq keçirilməsi, sorğu və digər xidmətlərinin göstərilməsi.
 
10. Elmi-tədqiqat işlərinin qeydiyyatı və hesabatı
 
10.1. Qüvvədə olan texniki-normativ sənədlərə uyğun olaraq ali məktəblərdə aparılan elmi-tədqiqat işləri mövcud qaydada dövlət qeydiyyatından keçməlidir.
Elmi-tədqiqat işlərinə göstərilən xidmətlər, elmin istehsalata tətbiqi, həmçinin ali məktəblər və nazirliklərarası kooperasiya ilə bağlı xidmətlər isə dövlət qeydiyyatından keçmirlər.
10.2. Yerinə yetirilən işlər haqqındakı son hesabat aparılan tədqiqatların metroloji və patent nöqteyi nəzərindən işlənməsinin nəticələrini, onların tətbiqi zamanı texniki, iqtisadi və sosial səmərəliliyini qiymətləndirməyə imkan verəcək hesablamaların nəticələrini özündə əks etdirməlidir.
Hesabatın mətni, illüstrasiyalar və başqa materiallar müəyyən olunmuş qaydada müəlliflər tərəfindən çap işlərində (məqalə, monoqrafiya, dərslik və s.), həmçinin dissertasiyalarda istifadə oluna bilər. Belə hallarda müəllif mətnlərinin bu materiallarla üst-üstə düşməsi mümkündür.
10.3. Təcrübə-konstruktor və texnoloji işlər aparılarkən, iş sənədləri, təcrübə nümunələri, maketlər, texnoloji reqlamentlər və s. qüvvədə olan normativ texniki sənədlərə uyğun olaraq sifarişçiyə verilə bilər.
10.4. Başa çatmış mərhələlərin və bütövlükdə elmi işin alınmış nəticələri, işin təhvil verilmə aktları sifarişçilərin (müqabil tərəflərin) və ya baş təşkilatın nümayəndələrinin, yaxın profilli elmi təşkilatların, başqa kafedraların nümayəndələrinin iştirakı ilə kafedranın (şöbənin, laboratoriyanın) iclasında müzakirə olunmalıdır.
Başa çatmış təsərrüfat hesablı tədqiqatların qəbul qaydası sifarişçi ilə birlikdə müəyyən edilir. Təsərrüfat müqaviləsi ali məktəb tərəfindən qəbul olunmuş və təsdiq edilmiş son sənədlər olduqda yerinə yetirilmiş hesab olunur.
Dövlət büdcəsi hesabına maliyyələşdirilən ən mühüm işlərin nəticələrinin qəbulu üçün ali məktəblərin tabe olduğu nazirliyin ekspert, problem və baş idarələrinin komissiyası yaradıla bilər.
Respublikanın iqtisadi və sosial inkişafının əsas istiqamətlərinə, sahələrarası xarakterli dövlət məqsədli elmi-texniki proqramlara uyğun olan elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin qəbulu, müəyyən olunmuş qaydada yaradılan dövlət və ya sahələrarası komissiyalar tərəfindən aparılmalıdır.
10.5. Elmi-tədqiqat işlərinin nəticələri hər il ali məktəbin Elmi Şurasında müzakirə edilməlidir.
Ali məktəb, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqda tabe olduğu nazirliyə (idarəyə), bu nazirlik tərəfindən müəyyən edilmiş qaydada uyğun formada və müddətdə hesabat təqdim etməlidir.
10.6. Ali məktəblər elmi-tədqiqat işlərinin hesabatlarının müəyyən edilmiş qaydada, vaxtında təqdim edilməsini və dəqiqliyini təmin edirlər.