21.09.2015 12:11

İslam İnkişaf Bankı tərəfindən 2010-2011-ci illər üçün dünyanın bir sıra qabaqcıl universitetlərində tibb, su resurslarından istifadə, enerji və infrastrukturun inkişafı, nanotexnologiya kimi sahələrdə doktorantura təhsili və doktoranturadan sonrakı tədqiqat işi üzrə təqaüd proqramı (Merit Scholarship Programme for High Technology) elan edilir.

Proqramda tədris, eləcə də elmi və ya texnoloji tədqiqat müəssisəsinin daimi işçisi olan şəxslər iştirak edə bilərlər.
Təqaüd proqramı çərçivəsində aşağıdakı xərclər ödəniləcəkdir:
  • təhsil xərcləri;
  • beynəlxalq nəqliyyat xərcləri;
  • yaşayış xərcləri;
  • tibbi sığorta xərcləri.
 
Proqramda iştirak edəcək namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:
  • doktorantura pilləsi üçün yaş həddi maksimum 35; doktoranturadan sonrakı tədqiqat üçün maksimum 40 olmalıdır;
  • namizəd müvafiq sahə üzrə təhsilə malik olmalı;
  • namizədin təhsil göstəriciləri yüksək olmalı;
  • doktorantura pilləsi üzrə müraciət edəcək namizədin müvafiq sahədə iş təcrübəsi minimum 2 il, doktoranturadan sonrakı tədqiqat işi üzrə müraciət edəcək namizədin iş təcrübəsi isə minimum 5 il olmalıdır;
  • namizədin müvafiq sahə üzrə müəyyən sayda məqalə və yazıları dərc olunmalıdır;

     

Qeyd: hər hansı xarici ölkədə son iki il ərzində tədqiqat işi aparmış şəxslər proqramda iştirak edə bilməzlər.
Namizəd ilk öncə Times Higher Education Supplement (THES) siyahısında yer almış ali təhsil müəssisələrindən birinə müstəqil şəkildə müraciət etməli və oradan qəbul haqqında sənəd almalıdır. Universitetlərin siyahısını www.isdb.org internet ünvanından yükləyə bilərsiniz.
 
Proqramda iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
  • ərizə forması;
  • 1 ədəd CV
  • bakalavr diplomu və diploma əlavənin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti;
  • magistr diplomu və diploma əlavənin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti;
  • 2 ədəd fotoşəkil;
  • şəxsiyyət vəsiqəsini və ya xarici pasportun surəti (şəxsiyyət vəsiqəsinin surəti notarial qaydada tərcümə və təsdiq edilməlidir);
  • dil bilikləri üzrə sertifikat (əgər varsa);
  • əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surəti;
  • müvafiq universitetdən alınmış qəbul sənədi.
  •  

Proqram barədə ətraflı məlumatları və ərizə formasını www.isdb.org (Scholarships and Assistance) internet ünvanından əldə etmək mümkündür.
Proqramda iştirak etmək arzusunda olan namizədlər sənədlərini (iş yerindən mü­va­fiq təqdimat məktubu ilə birlikdə) 28 dekabr 2009-cu il tarixinə qədər Təh­sil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova–telefon: 496 33 11; dax: 251 və ya 248) təqdim etməlidirlər.