21.09.2015 12:11

Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edir:

Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir.
Müsabiqəyə əsərlər toplu şəklində hazırlanır. Topluya daxil olan əsərlərin sayı və ümumi həcmi aşağıdakı qaydada müəyyən edilir:
  • Nəsr əsərləri – 15 (1,5–2 çap vərəqi)
  • Nəzm əsərləri – 20 (1–1,5 çap vərəqi)
  • Dram əsərləri – 5 (2–2,5 çap vərəqi)
Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 (üç) nüsxədə diskə yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə üzərində ünvan (AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49), “Bədii əsər müsabiqəsi” sözləri yazılmış və sayı 10-dan az olmamaqla hərf, yaxud rəqəmlərlə xüsusi kod işarə edilmiş bağlamada 2015-ci il iyun ayının 1-dən başlayaraq 1 (bir) ay müddətində qeydiyyata alınmaq üçün Təhsil Nazirliyinə göndərilir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir.
Toplulardakı əsərlərə Təhsil Nazirliyinin müəyyən etdiyi ekspert qrupları tərəfindən baxılır və hər birinə ayrıca rəy yazılır. Müvafiq toplulardakı nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılmış hesab olunur. Ekspert qruplarındakı mütəxəssislərin adı gizli saxlanılır.
Müsabiqənin mükafat fondu aşağıdakı kimi müəyyən edilir:
I yer – 5000 (beş min) manat
II yer – 3000 (üç min) manat
III yer – 1500 (min beş yüz) manat
Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumi təhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndərilir və ictimaiyyətin rəyini öyrənmək məqsədilə Nazirliyin internet saytında yerləşdirilir. Rəy və mülahizələr Nazirliyin eser.musabiqe@edu.gov.az elektron poçtuna göndərilməlidir.
Mükafata layiq yerlər Nazirliyə daxil olan rəy və təkliflərin təhlili əsasında müəyyənləşdirilir. Müsabiqənin nəticələri 2015-ci ilin sonunadək yekunlaşdırılır. Mükafatlandırma mərasimi Təhsil Nazirliyində keçirilir.
Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə tutulur.