21.09.2015 12:11

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi ABŞ-ın Fulbrayt Tələbə Proqramı üçün müsabiqə elan edir:

Təqaüdlərlə rəqabət əsasında ictimai və fərdi sahələrdə yaxşı bacarıqlar nümayiş etdirən namizədlər təltif olunacaqdır.

Proqramda aşağıdakı tələblərə cavab verən namizədlər iştirak edə bilərlər:
- namizəd Azərbaycan vətəndaşı olmalı;
- ali təhsil dərəcəsinə (2007-2008 və 2008-2009-cu tədris illəri üçün ölkənin ali təhsil müəssisələrinə magistr pilləsinə tələbə qəbulu çərçivəsində texniki sahələr üzrə ən azı 70, digər sahələr üzrə isə 80 bal toplayan, həmçinin əvvəlki illərdə bakalavr və mütəxəssis proqramını yüksək göstəricilərlə başa vurmuş, ən azı 4,5 bal və ya ekvivalenti) malik olmalı;
- ingilis dili biliklərinə malik olmalı (kağız bazalı TOEFL üzrə minimum 550 bal);
- liderlik keyfiyyəti və vəzifədə irəliləmək üçün potensiala sahib olmalı;
- yaşı 35-dən aşağı olmalıdır.

Proqram çərçivəsində aşağıdakı təhsil sahələrinə qəbul aparılır:
- Mühəndislik
- Kənd təsərrüfatı
- Kompüter və İnformasiya elmləri
- Arxitektura
- Nəqliyyat
- Təbiət elmləri
- Təhsilin idarə olunması
- Xidmət (turizm və otel idarəçiliyi)
- İqtisadiyyat və idarəetmə
- Sosial elmlər
- Hüquq

Ərizələr və tələb olunan digər sənədlər http://http://azerbaijan.usembassy.govhttp://http://xaricdetehsil.edu.gov.az saytlarından, o cümlədən Fulbringht.rar linkdən əldə edilə bilər.

 

Təhsil almaq istədiyiniz sahənin Fulbrayt Tələbə Proqramı üçün yararlı olub-olmadığını bilmək üçün http://http://xaricdetehsil.edu.gov.az saytında ixtisasların siyahısına baxmaq tövsiyə olunur.

Ərizələrin bir surəti ABŞ Səfirliyinə (Azadlıq prospekti 83), digər surəti isə Təhsil Nazirliyinə (Xətai prospekti 49) təqdim edilməklə 24 avqust 2009-cu ildən – 05 oktyabr 2009-cu ilədək saat 10:00-18:00-ədək qəbul olunur.

Ərizə paketinə aşağıdakı sənədlər daxil edilməlidir:
1. Ərizə;
2. Zəmanət məktubu;
3. Qiymətləndirmə Testləri (seçilmiş namizədlərdən rəsmi TOEFL, GRE və ya GMAT testlərindən keçmələri tələb olunacaq);
4. Pasportun və ya şəxsiyyət vəsiqəsinin surəti;
5. Notarial qaydada tərcümə və təsdiq edilmiş diplom və diplom əlavəsinin surətləri;
6. İş yerindən arayış;
7. Tərcümеyi-hal.

Əlavə məlumat üçün 496-33-11; 496-34-00 (daxili-288) nömrələrinə və ya xaricdetehsil@edu.gov.az, (Təhsil Nazirliyi) və mailto:bakueducation@state.gov (ABŞ Səfirliyi) elektron poçt ünvanlarına müraciət edə bilərsiniz.