21.09.2015 12:11

2010-2011-ci tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək vakant yerlər haqqında elan

Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərinin müəyyən edilməsi haqqında» 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarı imzalanmışdır. Bu qərara əsasən Nazirlər Kabinetinin 22.06.2004-cü il tarixli, 85 nömrəli və 17 aprel 2006-cı il tarixli, 107 nömrəli qərarları qüvvədən düşmüş və əvvəlki qərarlardan fərqli olaraq bu qərarda gənc mütəxəssislərə tətbiq olunan maliyyə vəsaitləri artırılmış, ipoteka kreditlərinin verilməsi məsələsi planlaşdırılmışdır. Əhəmiyyətli amillərdən biri də bu qərarın həyata keçirilməsində zaman məhdudiyyətinin qoyulmaması və onun daimi xarakter daşımasıdır.
Beləliklə, bu qərara əsasən pedaqoji profili ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq olunacaqdır.
  • Yol xərci, əmlakın daşınması üçün nəqliyyət xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birləfəlik yardım;
  • 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 40 (qırx) manat məbləğində kompensasiya
  • yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi;
  • torpaq sahələrinin ayrılması;
  • ipoteka kreditlərinin verilməsi.
Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir müəllimə yuxarıda göstərilən həvəsləndirmə tədbirləri ilə yanaşı, həm də 3 il müddətində 70 (yetmiş) manat məbləğində aylıq əmək haqqına əlavə ödəniləcəkdir. Başqa sözlə, 20 km-dək məsafədə yerləşən məktəblərdə fəaliyyət göstərənlərə ayda 40 (qırx) manat, 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə dövlət sifarişinə uyğun işləyənlərə ayda 110 (yüz on manat) məbləğində maliyyə vəsaiti ödəniləcəkdir.
Gənc mütəxəssislərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən stimullaşdırıcı tədbirlər yalnız gənc mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilən konkret iş yerlərinin siyahısı dərc olunaraq Təhsil Nazirliyi tərəfindən bildirilir ki, bu yerlərdə işləmək arzusunda olan hər bir pedaqoji ixtisaslı gənc mütəxəssis konkret iş yerinə göndəriş almaq üçün cari ilin sentyabr ayının 15-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə müraciət etməlidir.
Ünvan:  Bakı şəhəri, Xətai prospekti 49
Əlaqə telefonu: 489-99-84; daxili: 2-17