21.09.2015 12:11

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən BƏT-in mandatına aid olan müxtəlif sahələr üzrə təcrübə keçmək imkanı yaradılıb.

3-6 aylıq təcrübə müddəti ərzində tələbələr BƏT-in fəaliyyəti ilə yaxından tanış olmaq və müvafiq sahələrdə biliklərini artırmaq imkanı əldə edəcəklər.
Təcrübə proqramında iştirak etmək arzusunda olan namizədlər:
  • Magistratura və ya doktorantura təhsilini bitirməli, yaxud bakalavr pilləsinin sonuncu kursunda təhsil almalı;
  • BƏT-in fəaliyyət dairəsinə aid sahələrdə (beynəlxalq hüquq, iqtisadiyyat, əmək münasibətləri, politologiya və sosial elmlər) ixtisas biliklərinə malik olmalı;
  • ingilis, fransız və ya ispan dilində yüksək şifahi və yazılı biliklərə, eləcə də yüksək ünsiyyət, həmçinin, müstəqil və qruplarda işləmək bacarıqlarına malik olmalıdırlar. 
Namizədlərin seçimi BƏT-in ayrı-ayrı şöbə və departamentlərinin ehtiyaclarına uyğun olaraq aparılacaqdır. Seçim zamanı İKT sahəsində iş təcrübəsinə malik olan namizədlərə üstünlük veriləcəkdir.
Təcrübə proqramında iştirakla bağlı beynəlxalq nəqliyyat, yaşayış və yemək xərcləri namizədin özü və ya sponsor təşkilat tərəfindən ödənilməlidir. Namizədi maliyyələşdirən hər hansı sponsor təşkilat olmadığı təqdirdə, onlara 1500 İsveçrə frankı məbləğində aylıq məvacib ödəniləcəkdir.
Proqramda iştirak etmək arzusunda olan namizədlər CV formasını və əsaslandırma məktubunu elektron poçt vasitəsi ilə BƏT-in seçdikləri müvafiq departamentinə-şöbəsinə göndərməlidirlər. Seçim barədə yekun qərar namizədə birbaşa olaraq həmin departament-şöbə tərəfindən bildiriləcəkdir. Seçilmiş namizədlər müvafiq sənədləri, həmçinin, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova- tel: 496-33-11; dax:248) də təqdim etməlidirlər.
Proqram barəsində ətraflı məlumatları www.ilo.org internet səhifəsindən əldə etmək mümkündür.