"Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı" ("BakuTel 2014") çərçivəsində dekabrın 4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Elektron dövlət quruculuğu problemləri" I respublika elmi-praktik kon-fransı keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə elektron dövlət quruculuğu problemlərinə həsr olunan bu konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda e-dövlətin formalaşdırılması çərçivəsində rəhbərlik etdiyi qurumda görülən işlər, e-xidmətlərin təşkili haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə e-dövlət quruculuğu ilə bağlı təhsil sisteminin üzərinə böyük vəzifələr düşür. M.Cabbarov ölkəmizdə təhsilin informasiyalaşdırılması, e-təhsil sisteminin qurulması sahəsində əldə edilən uğurları və növbəti mərhələdə bu istiqamətdə həyata keçiriləcək tədbirləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra konfrans işini üç paralel bölmə iclasında davam etdirib. İclaslarda e-dövlətin intellektuallaşdırılması konsepsiyası, e-dövlətin formalaşdırılması layihələrinin idarə edilməsi, e-dövlət mühitində vətəndaş - dövlət münasibətlərinin tənzimlənməsi, vikinomika konsepsiyasının elektron dövlət idarəçiliyində tətbiqi, e-dövlətdə informasiya müharibəsi modelləri, e-dövlət quruculuğunda bulud texnologiyalarının imkanları və digər mövzularda məruzələr təqdim olunub. 
 
AzərTAc