Dekabrın 10-da Yaponiyanın Azərbaycandakı səfirliyi İmperator Akihitonun anadan olmasının 81-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Tsuquo Takahaşi bildirib ki, Konstitusiyaya görə, Yaponiya İmperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur.
Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan diplomat vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafına töhfə verir. Siyasi, iqtisadi, təhsil, mədəniyyət sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daha da dərinləşir.
Səfir ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə yapon xalqını Prezident İlham Əliyevin adından təbrik edib, dövlətimizin başçısının xoş arzularını çatdırıb. Nazir bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirən Mikayıl Cabbarov ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayıb. Nazir əmin olduğunu bildirib ki, ikitərəfli münasibətlər getdikcə daha da möhkəmlənəcək və genişlənəcək.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.