“SABAH-ın könüllüsü” birinci Avropa Oyunlarını dəstəkləyir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının könüllüləri tərəfindən “Bakı 2015” 1-ci Avropa Oyunları ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Tədbirlər “SABAH-ın könüllüsü” proqramı çərçivəsində SABAH qruplarının fəaliyyət göstərdiyi 7 baza ali təhsil müəsisəsini  əhatə edəcək.
“SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir.
“SABAH-ın könüllüsü” olan tələbələr könüllü komandalar şəklində layihə, proqram və tədbirlərin təşkilində iştirak edir, müxtəlif aksiyalar həyata keçirirlər. Bununla da onlar tədris prossesində əldə etdikləri bilik və bacarıqları tətbiq edərək tələbəlik dövründən peşəkar bacarıqlara yiyələnmək imkanı əldə edirlər.
SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev qeyd edib ki, “SABAH-ın könüllüsü” olmaq tələbələrə asudə vaxtlarını səmərəli dəyərləndirməyə, komandalar şəklində fəaliyyət göstərərək, həm mövcud bilik və bacarıqlarını inkişaf etdirməyə, həm də yeni bacarıqlara yiyələnməyə və real təcrübə qazanmağa imkan verir. O, həmçinin qeyd edib ki, artıq “SABAH-ın könüllüsü” proqramı çərçivəsində könüllülərlə bir sıra görüşlər keçirilib. Həmçinin, könüllülər tərəfindən təşəbbüslərinin reallaşdırılması istiqamətində planlaşdırma həyata keçirilib. SABAH qruplarında təhsil alan bütün tələbələr “SABAH-ın könüllüsü” ola, öz təşəbbüsünü irəli sürə, bu təşəbbüslərin reallaşdırılmasında təşkilatçı və iştirakçı kimi iştirak edə bilərlər.
“SABAH-ın könüllüsü” olmaq üçün SABAH qruplarında təhsil alan tələbələr konullu.sabah@edu.gov.az ünvanına müraciət edə bilər. “SABAH-ın könüllüsü”nün fəaliyyətini SABAH qruplarının rəsmi saytı (www.sabah.edu.az) və “facebook” sosial şəbəkəsində rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək mümkündür.
Məlumat üçün qeyd edək ki, SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələbələrə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 33 ixtisas üzrə 755 tələbəni əhatə edir.