Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, həmçinin “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə layihəsi olan “Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi” mövzusunda növbəti təlimlər Mingəçevir, Gəncə və Şəki şəhərlərində keçirilib.

Mingəçevir, Gəncə və Şəki şəhərlərində keçirilən təlimlərin məqsədi orta ümumtəsil müəssisələrində biologiya və həyat bilgisi fənnini tədris edən müəllimlərin zərərli vərdişlərdən qorunma, sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı səriştə və kompetensiyalarının artırılmasıdır.
Müəllimlər insanın bioloji və psixososial inkişafı, yeniyetmələrin riskli davranışlarının səbəbi və onu tənzimləmə mexanizmləri, təhlükəsiz məktəb mühitinin xüsusiyyətləri və bu kimi digər məsələlər barədə mütəxəssislərin mühazirələrini dinləyib, praktik məşğələlərdə iştirak ediblər.