"Sənətkar" jurnalı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji, metodik jurnalı olan “Sənətkar” 1969-cu ildən “Gənc fəhlə” adı ilə nəşrə başlayıb. 2000-ci ildən bu günədək “Sənətkar” adı ilə fəaliyyətini davam etdirir.
Jurnal təhsilin keyfiyyətinin yüksəldilməsi, onun məzmununun yeniləşdirilməsi, mütərəqqi tədris metod və üsullarının təbliği, gənc nəslin milli dəyərlər ruhunda tərbiyə olunması baxımından mühüm rol oynayır.
Respublikamızda peşə təhsilini inkişaf etdirmək, onun informasiya təminatını yaxşılaşdırmaq, metodiki təminatını gücləndirmək, yeni tipli məktəblərin, ilk peşə-ixtisas təhsili müəssisələrinin, yaradıcı müəllimlərin, qabaqcıl ölkə və dünya təcrübəsinin öyrənilib yayılması işini “Sənətkar” jurnalı həmişə özünün ümdə vəzifəsi hesab edib. Jurnal bu gün də Azərbaycanın təhsil sistemində uğurla davam edən islahat prosesinə öz töhfəsini verir.
Jurnalda müntəzəm olaraq Təhsil Nazirliyinin müvafiq əməkdaşlarının, tanınmış pedaqoqların, Təhsil Problemləri İnstitutunun mütəxəssislərinin, ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin, müəllim və istehsalat təlimi ustalarının məqalələri, tövsiyələri, metodik işləri dərc olunur. Jurnalın səhifələrində bir-birindən maraqlı rubrikalar altında peşə təhsilinin problemlərindən söhbət açılır, hökumətin, Təhsil Nazirliyinin təhsil sahəsində yürütdüyü siyasətin, həmçinin təhsilə, o cümlədən peşə təhsili ilə bağlı qərar və göstərişlərin təbliğinə də geniş yer verilir.
Jurnalın yaradıcı kollektivi 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına diplomuna layiq görülüb. 2014-cü ildə jurnal Azərbaycan Mətbuat Şurasına üzv seçilib.
2010-cu ildə jurnalın 40 illik yubileyi münasibətilə jurnalın əməkdaşları Təhsil Nazirliyinin mükafatları ilə təltif olunublar.
Jurnal ildə 4 dəfə (rübdə bir dəfə olmaqla) nəşr olunur.