“Azərbaycan məktəbi” jurnalı

2019-cu ildə 95 illiyi tamam olan  “Azərbaycan məktəbi” jurnalı pedaqoji mətbuat tariximizdə ən uzunömürlü jurnal sayılır.  İlk dəfə 1924-cü ildə əski əlifbada “Yeni məktəb” (ينى مكتب) adı altında işıq üzü görən jurnalın latın qrafikası ilə nəşri  1930-cu ildən başlayıb və “Müəllimə kömək” (“Müəllimə qöməq”) adlandırılıb. 1943-cü ildən isə “Azərbaycan məktəbi” adı altında kiril əlifbası ilə Azərbaycan dilində fəaliyyəti davam etdirilib.

Elmi-pedaqoji jurnalın səhifələrində ölkəmizin görkəmli pedaqoqları, yüzlərlə elm, sənət fədailəri, maarifçilər, metodistlər, məktəb rəhbərləri təhsilimizin uğurları və inkişaf yolları haqqında pedaqoji ictimaiyyətə dəyərli fikir və təkliflərini çatdırıblar.

Keçmiş Sovet respublikaları arasında ilk dəfə olaraq “Azərbaycan məktəbi” jurnalına əlavə kimi müxtəlif illərdə 8 adda metodik məcmuə çap edilib.

“Azərbaycan məktəbi” jurnalı 2018-ci ildən yeni format və üslubda nəşr edilib. Jurnal dünya pedaqogika elmində “Azerbaijan Journal of Educational Studies” adı ilə Azərbaycan pedaqogika elmini layiqincə təmsil edir. Dünya şöhrətli alim, Nobel mükafatçısı Əziz Sancar 2019-cu ildən “Azərbaycan məktəbi” jurnalının Redaksiya Şurasında təmsil olunur.

Jurnalın www.journal.edu.az saytında yeni məqalələrlə yanaşı, jurnalın mövcud olduğu dövrlər ərzində çap olunan məqalələrin də arxivi yerləşdirilir. 95 illik fəaliyyətin, eləcə də əlavə buraxılışları ilə birlikdə on minlərlə məqalələrin elektron arxiv fondu Respublika elmi ictimaiyyəti, pedaqoqlar, tədqiqatçılar, məktəb müəllimləri üçün çox böyük bir töhfədir.