“Məktəbəqədər və ibtidai təhsil” jurnalı

Keçən əsrin 60-cı illərinin əvvəllərindən ibtidai siniflərdə inkişafetdirici təlim ideyasının həyata keçirilməsi ilə əlaqədar müvafiq araşdırmalara başlandı. Məqsəd şagirdlərin hafizəsindən daha çox təfəkkürə əsaslanmasına, onların ən yüksək səviyyədə biliklərə yiyələnməsinə nail olmaq idi. Bu ideyanı real­laş­dır­maq üçün ibtidai mərhələdə təlim yükünü bir qədər artırmaq, təlimin inten­sivliyini yüksəltmək nəzərdə tutulurdu. Odur ki, ibtidai təhsilə sərf edilən vaxtı azaltmaq məq­sədilə üçillik təlimə keçilməsinə başlamaq məqsədəuyğun hesab edilirdi. 1965-1966-cı dərs ilində respublikanın müxtəlif bölgələrində 20 sinifdə eks­pe­riment başa çatdıqda məlum oldu ki, onun kütləvi şəkildə tətbiqi müəllimlərin bu müvafiq qaydada hazırlanmasını tələb edir.
Bu baxımdan sinif müəllimlərinin işinə istiqamət verəcək mətbu orqanın fəaliyyət göstərməsi artıq zərurətə  çevrilmişdi. Eksperimental siniflərin müəllimləri bu barədə qəzet səhifələrində tez-tez çıxışlar edirdilər.
1970-ci ilin fevral ayında “Məktəbəqədər və ibtidai təhsil” jurnalının ilk nömrəsi işıq üzü gördü. Məcmuə «Azərbaycan məktəbi jurnalının nəzdində fəaliyyət göstərirdi. İlk vaxtlar jurnalın redaktordan əlavə bircə işçisi var idi. Tədricən jurnalın ətrafıına fəal müxbirlər toplandı. Professorlar M.Murad­xanov,  A.Abdullayev, N.Kazımov, Ə.Həşimov, Ə.Əlizadə, Ə.­Bay­ra­mov, Ə.Ağayev, Y.Talıbov, Ə.Qədirov, M.Həmzəyev, V.Xəlilov, xarici öl­kə­lə­rin alimlərindən A.M.Pışkalo, akademik Ş.A.Amonaşvili, professor A.Şav­çen­ko, L.Ven­qer, B.Erdniyev və onlarla başqalarının məqalələri məcmuənin fəaliy­yətinə el­mi istiqamət verirdi. Onların dəyərli fikir və tövsiyyələri müəllimləri fəallaşdırır, nova­tor müəllim və tərbiyəçilərin yetişməsinə müsbət təsir göstərirdi.
İlk nömrələrdən məcmuə vasitəsilə hökumətin təhsillə bağlı qərarları və sərəncamları, nazirliyin qərar və göstərişləri təhsil müəssisələrinə çatdırılır, müəllim və tərbiyəçilərin nəzəri-metodik hazırlığının yüksəl­dilməsinə xidmət edən materiallara üstünlük verilirdi. Hər nömrədə qabaqcıl təcrübənin öyrənilib yayılmasına, müəllimlərin praktik işlərinə, psixologiya və defektologiya məsələlərinə, istedadların aşkar edilməsinə, pedaqoji irsimizə, tərbiyə məsələlərinə, məktəbəqədər tərbiyə problemlərinə, yeni pedaqoji layihələrə, proqramların müzakirəsinə, proqram materiallarının planlaş­dırıl­masına və dərs nümunələrinə aid yazılar verilir, uşaqlar üçün mate­rial­lar, tənqid və biblioqrafiyanı əhatə edən rubrikalar əhatə olunurdu. Məcmuənin mək­təbə­qədər tərbiyə probleminə də geniş yer ayırmasında məqsəd uşaqların məktəb təli­minə hazırlanmalarını təmin etmək idi.
Məcmuənin ən böyük xidməti sinif müəllimlərinin 6 yaşlıların təliminə hazır­lan­masında özünü göstərirdi. O zaman məcmuə kütləvi təşkilatçılıq missiyasını yerinə yetirirdi.
1992-ci ildə ölkədə baş verən ictimai-siyasi, sosial-iqtisadi dəyişikliklərlə əlaqədar «Azərbaycan mək­tə­bi»nə əlavələrin bir neçəsi bağlandı. Həmin dövrdə «İbtidai məktəb və məktəbəqədər tərbiyə» məc­muəsi də bağlanmaq təhlukəsi ilə üzləşdi. Çox çətinliklə məcmuənin ildə bir nömrəsi nəşr olunurdu. 1997-ci ildən məcmuənin ildə 4 nömrəsi çap edilməyə başlandı.
2000-ci ildə məcmuənin 30 illiyi qeyd edildi. Məcmuənin fəaliyyəti Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görüldü. Yubileydən sonra məcmuəyə Təhsil Nazirliyinin nəzdində müstəqil jurnal kimi fəaliyyət göstərmək hüququ verildi.
Müasir dövr jurnalın qarşısında yeni vəzifələr qoyur. Bu gün jurnalın kollektivi təhsil islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsinə layiqli töhvələr verməyə çalışır. Dünya təcrübəsinin öyrənilməsi, təhsilimizin Av­ropa təhsilinə inteqrasiya olunması, yeni pedaqoji texnologiyaların tətbiqi, ibtidai siniflərdə kurikulumun tələblərinin yerinə yetirilməsi, məktəbəqədər təhsilin konsepsiyasının hazırlanması və həyata keçirilməsi, beşyaşlıların mək­təbə hazırlanması, uşaqların inkişaf etdirilməsi və şəxsiyyət kimi formalaşması, qabaq­cıl təcrübənin yayılması, müəllim və tərbiyəçilərin pedaqoji ustalığının artırılması bu gün jurnalın qarşısında duran mühüm məsələlərdəndir.