“Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı

Pedaqoji mətbuat tariximizdə əhəmiyyətli yer tutan jurnallardan biri də “Azərbaycan dili və ədəbiyyatı tədrisi”dir. Məcmuə 55 ildir ki, pedaqoji ictimaiyyətin xidmətindədir.
Əsası 1954-cü ildə qoyulmuş “Azərbaycan dili və ədəbiyyatı tədrisi” uzun illər “Azərbaycan məktəbi” jurnalının metodik əlavəsi kimi nəşr olunub. Ötən əsrin 90-cı illərində müstəqil redaksiya yaradılaraq əvvəlcə “Ana sözü” adı ilə nəşr edilməyə başlayıb, sonra isə yenidən jurnalın ilkin adı bərpa edilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik mətbu orqanı olan “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı nazirliyin tabeliyindəki və qeyri-dövlət müəssisələrində Azərbaycan dili və ədəbiyyatının tədrisi, təbliği və tədqiqi problemlərini araşdırır. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq dilimizin təmizliyinin və saflığının qorunmasına xidmət edən “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq şəkildə təhsil islahatlarının istiqamətlərini işıqlandırır.
Jurnalda Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə dair müasir metodikanı, qabaqcıl müəllimlərin iş təcrübələrini ümumiləşdirilmiş formada əks etdirən yazılar dərc olunur. Məcmuənin səhifələrində Azərbaycan dili və ədəbiyyatının elmi-nəzəri məsələlərini yeni, müasir baxımdan şərh edən məqalələr verilir, metodikanın yeniləşməsi prosesində demokratik prinsiplərə əsaslanaraq plüralizmə, dialoq və müzakirələrə geniş meydan açılır, müəllimlərin maraq dairəsini nəzərə alaraq faydalı elmi-metodik yazılar xarici ölkə jurnallarından tərcümə edilib işıqlandırılır, dünya ədəbiyyatının son nailiyyətləri barədə məlumatlar çatdırılır.
Jurnal orta ümumtəhsil məktəblərinin qeyri-Azərbaycan bölmələrində Azərbaycan dilinin tədrisi metodikasına, qabaqcıl müəllimlərin iş təcrübələrinə, proqram və dərsliklərə dair yazılar dərc edir, respublikamızdan kənarda yaşayan həmvətənlərimizə ana dilimizin öyrədilməsi yolları barədə bilgilər verir. Jurnalda ədəbiyyatşünaslıq və dilçiliyə, dil və ədəbiyyatın tədrisi tarixinə, qloballaşan dünyada baş verən mühüm ədəbi proseslərə, yeniliklərə dair materiallar geniş yer tutur.
“Azərbaycan dili və ədəbiyyatı tədrisi”nin səhifələrində respublikamızın görkəmli elm və ədəbiyyat xadimləri, metodist alimlər, adlı-sanlı müəllimlər çıxış edir, fikir mübadiləsi aparırlar. Jurnal, demək olar ki, orta məktəb müəllimlərinin, ali məktəblərin dil və ədəbiyyat kafedralarında çalışan alimlərin, pedaqoqların əlaqə mərkəzidir. Məcmuədə tez-tez Təhsil Nazirliyi aparatının məsul işçiləri, Təhsil Problemləri İnstitutunun əməkdaşları çıxış edərək müəllimlərə tövsiyələrini verir, onları metodik cəhətdən istiqamətləndirirlər. Azərbaycan dili və ədəbiyyatı ilə bağlı sahə institutları rəhbərlərinin, respublikamızın tanınmış mütəxəssislərinin çıxışları da jurnal səhifələrində müntəzəm yer alır. Akademiklər Ağamusa Axundov, Bəkir Nəbiyev, İsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri Tofiq Hacıyev, Nizami Cəfərov, professorlar Yusif Seyidov, Şəmistan Mikayılov redaksiya heyətinin üzvləri kimi jurnalın fəaliyyətinin yaxşılaşdırılmasında yaxından iştirak edir, maraqlı yazıları ilə oxucu auditoriyasını genişləndirirlər. Jurnalın zaman-zaman formalaşıb inkişaf etməsində mərhum professorlar Ağamməd Abdullayevin, Əziz Əfəndizadənin xidmətlərini də xüsusi qeyd etmək lazımdır.
Öz ənənələrinə sadiq qalan və hörmətlə yanaşan jurnal bu gün yeni simada, yeni məzmunda fəaliyyətini davam etdirir. Təhsildə baş verən yeniləşməyə, müasir inkişaf tendensiyasina uyğun olaraq məcmuə dəyişir və müəllimlərin stolüstü vəsaitinə çevrilir.
Pedaqoji mətbuat müəllimin ən yaxın köməkçisidir. Qabaqcıl müəllimlərin bir çoxu pedaqoji mətbuatdan bəhrələnərək daha da püxtələşmişdir. Bu həqiqəti yüksək qiymətləndirən Təhsil Nazirliyi digər müvafiq mətbu orqanlar kimi “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalına da yardımlarını əsirgəmir, onun inkişafı üçün bütün lazımi tədbirləri həyata keçirir.
Azərbaycan dilinə dövlətimizin, ölkə rəhbərliyinin xüsusi önəm verdiyi, böyük diqqət göstərdiyi indiki məqamda “Azərbaycan dili və ədəbiyyatı tədrisi”nin də dəyəri artır, məcmuənin üzərinə işini daha yüksək səviyyədə qurmaq məsuliyyəti düşür. Jurnalın yaradıcı heyəti bu məsuliyyəti duyur və daha səmərəli fəaliyyət üçün yeni-yeni yollar arayır.