“Kurikulum” jurnalı

“Kurikulum” elmi-metodik jurnalı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuşdur. Jurnalın təsis olunması yeni kurikulum sənədlərinin məzmunu və mahiyyəti, onlarla işin xüsusiyyətlərinin müəllimlərə, metodistlərə, məktəb rəhbərlərinə, təhsil orqanlarının əməkdaşlarına ətraflı izah olunması, onların bu prosesə elmi-metodik və psixoloji hazırlığının təmin edilməsi istiqamətində aparılan maarifləndirmə və təbliğat işlərinin səmərəliliyini yüksəltmək, təhsil işçilərinə elmi-metodik köməyi gücləndirmək, gələcəkdə kurikulumların təkmilləşdiril­məsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı elmi-tədqiqat işlərinin nəticələrini işıqlandırmaq, ölkəmizdə və xaricdəki qabaqcıl təcrübə nümunələrinin yayılmasını təmin etmək zərurətindən irəli gəlmişdir.

2008-ci ilin yanvar ayında jurnalın ilk nömrəsi çapdan çıxmışdır. Jurnal A4 formatındadır, həcmi 112 səhifədir, rəngli çap ounur, ildə 4 nömrəsi çıxır və özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir.

jurnalda yeni kurikulumların tətbiqi sahəsində qabaqcıl iş təcrübələrinə, təhsilin məzmunu, təlim texnologiyaları və şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş yazılar, tərcümə materialları, fənn kurikulumları əsasında müasir dərslik və dərs vəsaitlərinin tərtibi texnologiyaları, qabaqcıl məktəb rəhbərləri və müəllimlərin iş təcrübələri, inkişaf etmiş ölkələrin mövcud ümumi təhsil modelləri, təlim üsulları, qiymətləndirmə mexanizmləri, təhsildə İKT-nin tətbiqi ilə bağlı təbliğat, maarifləndirmə və tədqiqat xarakterli məqalələr dərc olunur.

“Kurikulum” jurnalı ilk nömrəsindən başlayaraq müəllimlər arasında geniş populyarlıq qazanmış, onların yaxın köməkçisinə çevrilmişdir. Jurnal aktual və maraqlı elmi-metodik məqalələr, müəllimlərin təlim fəaliyyətinə aid rəngarəng praktik materiallar çap etməklə ölkə müəllimlərinin böyük bir hissəsini vahid auditoriyada toplayır, onların müasir tələblər əsasında yenidən hazırlanması işində böyük xidmət göstərir və bu istiqamətdə fəaliyyətini davam etdirir. “Kurikulum” jurnalı fəaliyyət müddəti ərzində bütün parametrlərinə - məzmunu, tərtibatı və tirajına görə təhsil sahəsində ölkədə nəşr olunan jurnallar arasında aparıcı mövqe tutur.