Ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisinin davam etdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisi barədə” 29 dekabr 2011-ci il tarixli, 2198 nömrəli əmrinə uyğun olaraq, 2012-ci ilin yanvar ayından başlayaraq hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində “Şahmat” fənninin tədrisinə başlanmışdır. Bununla əlaqədar müvafiq tədris planı və proqram, həmçinin “Şahmat – 2” adlı dərs vəsaiti hazırlanmış, fənni tədris edəcək müəllimlər üçün təlim kursları keçirilmişdir.
Ötən müddət ərzində aparılan müşahidə və təhlillər göstərmişdir ki, “Şahmat” fənninin tədrisi şagirdlərin böyük marağına səbəb olmaqla onların idraki fəallığını xeyli artırmış, düşünmə qabiliyyətlərini gücləndirmişdir. Bütün bunların nəticəsində şagirdlərin digər fənlərdən təlim göstəriciləri də nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Fənnin tədrisi sahəsində qazanılan uğurlar şahmat təliminin növbəti siniflərdə də davam etdirilməsinə və pilot məktəblər şəbəkəsinin genişləndirilməsinə etibarlı zəmin yaradır.
Qeyd olunanları və şagirdlərin intellektual səviyyəsinin yüksəlməsində “Şahmat” fənninin tədrisinin əhəmiyyətli rolunu nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. 2012-2013-cü dərs ilində “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şəbəkəsinin genişləndirilməsi məqsədəuyğun hesab olunsun.
2. 2012-2013-cü dərs ilində müəyyən olunmuş müvafiq pilot ümumtəhsil məktəblərinin II siniflərində “Şahmat” fənni tədris edilsin.
3. “Şahmat” fənninin tədrisinə 2012-ci ilin yanvar ayından başlanmış pilot ümumtəhsil məktəblərində həmin fənn III siniflərdə davam etdirilsin.
4. “Şahmat” fənni II və III siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə bir saat tədris olunsun.
5. II və III siniflər üzrə “Şahmat” fənninin tədris planı və proqramı, pilot məktəblərin və həmin fənn üzrə müəllimlərin siyahıları təsdiq edilsin (əlavə olunur).
6. Pilot məktəblərin fənn üzrə müvafiq avadanlıq və ləvazimatlarla təminatı yerli təhsil orqanlarına həvalə edilsin.
7. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) “Şahmat” fənnini tədris edəcək müəllimlər üçün cari ilin avqust-sentyabr aylarında təlim kursu təşkil etsinlər.
8. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) təsdiq olunmuş tədris proqramına uyğun hazırlanmış dərs vəsaitinə qrif verilməsini təmin etsin.
9. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müvafiq dərs vəsaitinin hazırlanması, çapı və təlim kurslarının təşkili ilə bağlı tədbirlərin maliyyələşdirilməsini təmin etsin.
10.  Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) “Şahmat” fənninin tədrisi ilə bağlı yerli təhsil orqanlarına köməklik göstərsinlər, dərs ili ərzində seçmə yolla müəyyən olunmuş pilot məktəblərində fənnin tədrisi vəziyyətini öyrənib təkliflər hazırlasınlar.
11. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
12.  Ümumi şöbə (X.Fərəcov) bu əmri əlavələrlə birlikdə çoxaldıb yerlərə göndərsin.
13.  Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycanda şahmatın inkişaf etdirilməsi ilə bağlı Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış birgə memorandum, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24.04.2012-ci il tarixli 46-20-2529/16 nömrəli məktubu, müvafiq dərkənarla nazir müavini Q.Novruzovun təqdimatı. 
 
Misir MƏRDANOV, 
Azərbaycan Respublikasının təhsil naziri 
3 iyul 2012-ci il 
№ 1258