Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Xarici İşlər Nazirliyi tərəfindən birgə keçirilən “Azərbaycan haqqında nə bilirəm” mövzusunda II Respublika müsabiqəsinin Əsasnaməsi

1. Məqsəd və vəzifələr
 
  • Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqlarında
- Azərbaycanın təhsili, mədəniyyəti, incəsənəti haqqında daha dolğun təsəvvür yaratmaq;
- onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək;
- onlarda Azərbaycan ədəbiyyatına, incəsənətinə və musiqisinə məhəbbət hissləri aşılamaq;
- onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək.
 
2. Müsabiqənin təşkili və keçirilməsi qaydaları
 
Müsabiqənin təşkilinə ümumi rəhbərlik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Müsabiqə inşa, şeir, rəqs, rəsm, mahnı, musiqi alətlərində ifa və müxtəlif əl işləri nominasiyaları üzrə keçirilir.
Müsabiqədə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları iştirak edir.
Müsabiqəni mütəşəkkil və yüksək səviyyədə keçirmək məqsədi ilə nominasiyalar üzrə müsabiqə komissiyaları yaradılır.
Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
  • İnşa nominasiyası - “Azərbaycan haqqında nə bilirəm”. İnşa Azərbaycan, rus, ingilis, fransız, alman və türk dillərindən birində və yaxud iştirakçının ana dilində təqdim edilə bilər. Mətnin həcmi 2 səhifədən artıq olmamalıdır.
  • Şeir nominasiyası - Azərbaycan şairlərinin şeirlərinin ifası. Müsabiqə iştirakçısı Azərbaycan haqqında yazdığı şeirini də müsabiqəyə təqdim edə bilər. Ifa olunan şeir Azərbaycan şairlərinin şeirlərinin xarici dilə tərcüməsi də ola bilər.
  • Rəqs nominasiyası - Azərbaycan milli rəqsləri. Müsabiqədə rəqsin ifası fərdi və ya qrup şəklində ola bilər. Geyim forması sərbəstdir. İfaçılar Azərbaycan milli geyimlərindən istifadə edə bilərlər.
  • Mahnı nominasiyası - Azərbaycan xalq mahnıları və Azərbaycan bəstəkarlarının əsərləri. İfaçı ifa etdiyi əsərin öz dilinə tərcüməsini də ifa edə bilər.
  • Musiqi alətlərində ifa nominasiyası – Azərbaycan bəstəkarlarının əsərləri.
  • Rəsm nominasiyası – Müsabiqəyə təqdim olunan rəsmlər “Azərbaycan təbiəti”, “Azərbaycanın tarixi abidələri” və “Azərbaycanın milli bayramları” mövzularına aid ola bilər. Rəsm müsabiqəsində janr və rəng seçimi sərbəstdir. Müsabiqəyə təqdim edilən rəsmlər 6-12 yaşlı uşaqlar üçün A3 formatında, 13-18 yaşlı uşaqlar üçün A2 formatında olmalıdır.
  • Müxtəlif əl işləri nominasiyası – bu nominasiyada seçim sərbəstdir.
     
 
 
3. Müsabiqənin keçirilməsi şərtləri
 
  • Müsabiqə 6-18 yaşlı uşaq və gənclər arasında keçirilir.
  • Müsabiqədə: 
     
- şeir üçün 3-4 dəqiqə;
- rəqs ifası üçün 3-4 dəqiqə;
- mahnı üçün ayrılmış vaxt 4 dəqiqə;
- musiqi alətində ifa üçün ayrılmış vaxt 4 dəqiqə.
  • Müsabiqədə iştirakla bağlı 5 noyabr 2011-ci il tarixədək Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə müraciət olunmalıdır.
- inşalar, rəsmlər və müxtəlif əl işləri 15 noyabr 2011-ci il tarixədək Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə təqdim olunmalıdır.
- müsabiqənin mahnı ifası və instrumental alətlərdə ifa nominasiyaları üzrə seçim turu   18 noyabr 2011-ci il tarixində Bakı şəhəri 27 saylı orta    məktəbdə   keçiriləcəkdir.
- müsabiqənin şeir və rəqs nominasiyası üzrə seçim turu 21 noyabr 2011-ci il tarixində Bakı şəhəri 27 saylı orta məktəbdə keçiriləcəkdir.
  • Müsabiqə qalibləri hər nominasiya üzrə yaradılmış münsiflər heyəti tərəfindən seçiləcəkdir.
 
 
4. Qaliblərin mükafatlandırılması
 
Müsabiqə qaliblərinin təntənəli mükafatlandırılması mərasimi 2011-ci ilin noyabr ayının sonunda Bakı şəhərində keçiriləcəkdir.
Müsabiqədə I, II, III yerləri tutan iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılacaqdır, digər iştirakçılara isə sertifikat veriləcəkdir.
 
 
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında “Azərbaycan haqqında nə bilirəm”  mövzusunda keçirilən II Respublika müsabiqəsinin
TƏŞKİLAT KOMİTƏSİ

1. Elmar Qasımov Azərbaycan Respublikası təhsil nazirinin müavini, sədr;
2. Ağababa İbrahimov Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar  müəssisələr şöbəsinin müdiri, üzv;
3. Nərminə Aslanova Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İnformasiya idarəsinin I katibi, üzv;
4. Maral Salmanova  Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənarcmüəssisələr şöbəsinin aparıcı məsləhətçisi, üzv