Ali məktəb tələbələrinin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı

Azərbaycan Respublikası
Təhsil Nazirliyi
 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə xüsusi diqqəti və ona böyük önəm verməsi ölkəmizdə milli özünüdərk prosesinin uğurla getməsinə geniş rəvac vermişdir. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında əbədi liderimiz Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. 10 may 2011-ci ildə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü tamam olur. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə
 
QƏRARA ALIR:
 
1. Ali məktəb tələbələrinin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalı keçirilsin.
2. Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.
3. Ali məktəblərdə tələbələrinin bədii yaradıcılıq festivalı 2011-ci ilin mart-aprel aylarında keçirilsin.
4. Festival qaliblərinin yekun konserti 2011-ci ilin may ayının birinci ongünlüyündə keçirilsin.
5. Bədii yaradıcılıq festivalının Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsi (əlavə 2) və Münsiflər Heyəti (əlavə 3) üzvlərinin siyahısı təsdiq edilsin.
6. Respublika Təşkilat Komitəsi, ali təhsil müəssisələrinin rəhbərləri, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri:
- bu qərarla təsdiq edilmiş «Əsasnamə»nin şərtlərinə uyğun olaraq festivalın keçirilməsini;
- hər bir ali məktəb yekun konsertini televiziya kanallarında işıqlandırılmasını təmin etsin.
7. Bədii yaradıcılıq festivalının keçirilməsi ilə bağlı tərəflər öz üzərinə götürür:
7.1 Təhsil Nazirliyi
Festivalda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülənlərə hədiyyələrin alınmasını;
7.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
- Diplomların, dəvətnamələrin hazırlanmasını;
- Münsiflər Heyətinin sədrinə 500 manat, üzvlərinə (4 nəfər) isə 300 manat məbləğində pul mükafatının verilməsini;
- Festival qaliblərinin yekun konsertinin keçirilməsi üçün yerin icarəyə götürülməsini;
8. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi qərar və əlavələri «Azərbaycan müəllimi» qəzetində, «Təhsil xəbərləri» məcmuəsində dərc olunmasını təmin etsin.
9. «Təhsil işçisi» qəzeti redaksiyası qərar və əlavələrin, festivalın gedişi haqqında məlumatların dərc edilməsini təmin etsin.
10. Tərəflər Festivalın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
11. Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova və sədr müavini Ş.Əsgərova həvalə olunsun.
                                                                                                                                                
Azərbaycan Respublikasının 
təhsil naziri: 
Misir Mərdanov 
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri:
Səttar Mehbalıyev

Bakı şəhəri, 10 fevral, 2010-cu il
№ 250

Əlavə: