• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
Sual-cavab

"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib

Yanvarın 22-də "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi Qrupunun videokonfrans formatında görüşü keçirilib. Parlamentin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən konfransda təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və ekspertlər iştirak ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, ölkəmizdə təhsildə inteqrasiyanı sürətləndirmək, peşəkar, savadlı kadrların hazırlanması məqsədilə müxtəlif proqramlar icra olunub. Görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşdığını diqqətə çatdıran parlament sədri bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində islahatların yeni mərhələsi olub. Bu strategiyaya uyğun olaraq müasir beynəlxalq təhsil standartlarına əsaslanaraq, Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək məqsədilə davamlı islahatlar həyata keçirilməkdədir.

Milli Məclis sədri dövlət başçısının təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın  ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə yönəldiyini  və  bu proqramın həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanmasının nəzərdə tutulduğunu vurğulayıb. 

Milli Məclisin sədri diqqətə çatdırıb ki, mövcud qanunvericiliyin təhlili göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, “Təhsil haqqında” Qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməyib. Ali təhsil haqqında məsələlər “Təhsil haqqında” Qanunda əsasən, bir maddədə və çox qısa formada əksini tapmı. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda “Ali təhsil haqqında” Qanun hazırlanır.

Sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İşçi Qrupun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, bu, İşçi Qrupunun ilk iclasıdır. Bəxtiyar Əliyev bugünkü iclasın məqsədinin təhsil sahəsi üzrə mütəxəssislərin fikirlərinin dinlənilməsi, mövcud vəziyyətin təhlil edilməsi və onların əsasında “Ali təhsil haqqında” Qanun layihəsinin hazırlanması olduğunu qeyd edib. “Bununla bağlı biz beynəlxalq konvensiyaları, ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədləri, qanunvericiliyimizi və əmək bazarını təhlil etmişik. Bu gün səslənən fikirlər əsasında qanun layihəsinin ilkin variantı hazırlanacaq. İşçi qrupunun növbəti iclasında qanun layihəsinin ilkin variantı müzakirə ediləcək. Qanun layihəsi hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirələri keçiriləcək. Komitədə müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunacaq”.

Təhsil naziri Emin Əmrullayev videokonfransda çıxış edərək bildirib ki, Azərbaycan təhsilinin qarşısında dayanan və mühüm məsələ olan “Ali təhsil haqqında” Qanun layihəsinin hazırlanması məqsədilə bu cür geniş müzakirənin keçirilməsi təqdirəlayiqdir. Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 20-si Təhsil Nazirliyinin tabeliyində, 13-ü digər nazirlik və komitələrin nəzdində fəaliyyət göstərir, 11-i özəl, 7-si isə xüsusi təyinatlıdır.

Nazir hazırlanacaq qanun layihəsinin əsas məsələləri barədə məlumat verib. Təhsil naziri təhsil sisteminin iştirakçıları, ali təhsilin əlçatanlığı, təhsilin keyfiyyəti, səmərəliliyi, idarəetmə prosesi, ali təhsilin mövcud maliyyələşmə mexanizmləri, təhsilin beynəlxalq standart üzrə təsnifatı, təqaüdlər, tələbə kreditləri, tədris və təlim prosesi, təhsilin iqtisadiyyatı, təhsilin keyfiyyətinə nəzarət və təhsilin formaları barədə fikirlərini bölüşüb, qanun layihəsində nəzərə alınmalı olan məsələləri diqqətə çatdırıb.

Sonra çıxış edən Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul, tələbə qəbulu prosesinin ümumi qaydaları haqqında təkliflərini səsləndirib. DİM sədri beynəlxalq imtahanlar haqqında, ali təhsilin beynəlmiləlləşməsi haqqında, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi, qəbul imtahanlarında keçid ballarının aşağı salınması, qəbul planının artırılması və digər məsələlər barədə fikirlərini bildirib. Məleykə Abbaszadə hazırlanacaq qanun layihəsində bir sıra anlayışların açıqlanmasının vacibliyindən danışıb, tələbə qəbulu sahəsində statistik məlumatları diqqətə çatdırıb.

Onlayn videokonfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri - İsa Həbibbəyli, Musa Qasımlı, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Kamilə Əliyeva, Şahin Seyidzadə, Aqiyə Naxçıvanlı, Pərvin Kərimzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov hazırlanacaq qanun layihəsi barədə qeyd və təkliflərini səsləndiriblər. Çıxış edənlər distant təhsil, elmi kadrların hazırlanması, təhsildə milli-mənəvi dəyərlər, bu sahədə qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər.

Onlayn videokonfransa yekun vuran Milli Məclisin Elm və təhsil komitəsinin sədri və İşçi Qrupunun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, iclasda cəmiyyəti narahat edən məsələlər ətrafında çox maraqlı və  səmərəli müzakirələr aparılıb. Bu gün səslənən təkliflər əsasında  “Ali təhsil haqqında” Qanun layihəsinin ilkin variantı hazırlanacaq və İşçi Qrupunun növbəti iclasında geniş müzakirə olunacaq.


22.01.2021 - 21:03

Sayt test rejimində çalışır