• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı

İsmayıllı rayonuna mediatur keçirilib

Oktyabrın 14-də İsmayıllı rayonuna mediatur təşkil edilib.

 

Mediaturun məqsədi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində israilli mütəxəssislər tərəfindən keçirilən “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlim prosesi ilə tanışlıq, İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində iştirak edən təhsil işçiləri ilə görüşün keçirilməsidir. 

 

Mediaturda təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. 

 

Mediatur iştirakçıları əvvəlcə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, yaradılmış şərait, ixtisas otaqları ilə tanış olub. Daha sonra mərkəzdə “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər izlənilib. Təlim iştirakçıları tərəfindən sahədə dronların uçuşu həyata keçirilib, drondan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat edilib. Bildirilib ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə israilli mütəxəssislər tərəfindən keçirilir. Hazırda İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə təhsil mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur. Bu dronlar süni intellektlə idarə olunur. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcək.

 

Oktyabrın 19-dək davam edəcək təlimlərə peşə təhsili müəssisələrində çalışan və STEAM dərslərini tədris edən ümumilikdə 15 müəllim qatılıb. Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir. Qeyd edilib ki, kənd təsərrüfatı dronları əkinçiliyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər.

 

Peşə Təhsil Mərkəzi ilə tanışlıqdan sonra İsmayıllıda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub.

 

Mediatur iştirakçıları Şəhidlər Xiyabanını, həmçinin İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi, şəhid Famil Əhmədzadənin məzarını da ziyarət ediblər.

 

Daha sonra İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin həyətində Şəhidlər abidəsi ziyarət edilib və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən, Zəfər Gününə həsr olunan “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası həyata keçirilib.

 

Mediatur çərçivəsində İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüş keçirilib.

 

Sonda mediatur iştirakçıları 14 oktyabrda anım günü olan şəhid müəllim Famil Əhmədzadənin ailəsini ziyarət ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhid müəllimimizin valideynlərinə belə bir oğul böyütdükləri üçün təşəkkür edib, onlara başsağlığı diləklərini çatdırıblar və şəhidlərimizin əziz xatirəsinin hər zaman yad ediləcəyini vurğulayıblar.


14.10.2021 - 18:23