• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

İyunun 18-də “Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, tanınmış mədəniyyət və incəsənət xadimləri, müsabiqənin qalibləri və digər rəsmilər iştirak edib.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz - Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini Qarabağın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu  qeyd edərək burada müsəlman dövrünə aid olan 2000-dən artıq müxtəlif tarixi və mədəni abidələrin qeydə alındığını vurğulayıb. Qeyd edilib ki, orta əsrlərdən məşhur olan Qarabağ xalçaları öz şöhrətini günümüzədək saxlayıb. Qarabağ xalçaları qrupuna aid olan xalçalar adları və naxışları ilə seçilir. Bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda, o cümlədən Qarabağda son orta əsrlərdə də mədəniyyət, elm və ədəbiyyat yüksək inkişaf dövrü keçirib, sonrakı dövrlərdə də Qarabağ mədəni mərkəz rolunu itirməyib. Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə, davam edən vandalizmi Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv edib. 1988-ci ildən başlayan erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazilərdə qalmaqla talan edilib, səhiyyə, təhsil müəssisələri və digər infrastruktur binaları dağıdılıb. Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib. Hazırda Qarabağ bölgəsində dağıdılan infrastrukturun bərpasına yönələn kompleks işlər aparılır, müxtəlif sahələrin dirçəldilməsi üçün təkliflər hazırlanır, tədbirlər planları təsdiq edilir.

 

Firudin Qurbanov istedadlı uşaq və gənclərin aşkar edilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından belə müsabiqələrin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir müavini çıxışının sonunda qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Daha sonra çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və Vətən müharibəsi iştirakçısı, “Cəbrayılın azad olunmasıma görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Hərbi xidmətə görə” medalı ilə təltif olunan Mehman İbrahimov 44 günlük Vətən Müharibəsində Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun göstərdiyi şücaətdən bəhs edib, qalibləri təbrik ediblər.

 

 Sonra müsabiqədə  I, II, III və həvəsləndirici yerlərə layiq görülmüş məktəblilər təltif olunub, diplom və hədiyyələr təqdim edilib.

 

Sonda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu tərəfindən “Yallı” rəqsi göstərilib.

 

Qeyd edək ki, 3 yaş (6-9, 10-13, 14-17) qrupu üzrə keçirilən müsabiqəyə ümumilikdə 15000-dən artıq iş daxil olub və münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib.

 

Onlayn platformada keçirilən müsabiqənin məqsədi Qarabağın qədim tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və adət-ənənələri barədə məktəblilərin maarifləndirilməsi, gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, həmçinin, istedadlı uşaq və gənclərin aşkar edilməsindən ibarət olub.


2 il əvvəl