22 Noyabr 2014

Əmrlər, Qərarlar

Təhsil Nazirliyinin 17 noyabr 2012-ci il tarixli Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Nazirliyinin 17 noyabr 2012-ci il tarixli Kollegiya iclasında “2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri”, “2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün keçirilmiş təlim kurslarının nəticələri”, “Məktəbdaxili qiymətləndirmə: problemlər və vəzifələr”, “Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqinin nəticələri” müzakirə olunmuşdur.
2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri ilə əlaqədar qeyd edilmişdir ki, respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu prosesində son iki ildə yeni qaydaların tətbiqinə başlanılıb. Bu qaydalar tətbiq olunana qədər müəllimlərin işə qəbulunda əsassız müdaxilələrə, saxta diplomlarla işə qəbul olunma hallarına yol verilirdi. Ciddi ehtiyac olmadığı halda, hətta bir stavkadan az dərs yükünə yerli təhsili idarəetmə orqanları və ümumtəhsil müəssisələri tərəfindən müəllimlər işə qəbul edilirdi. Müəllim-şagird nisbəti ilbəil aşağı düşərək 1:10-dan 1:8-ə enmişdi.
Təhsil Nazirliyi ilə ULTRA şirkəti arasında imzalanmış müqaviləyə əsasən müəllimlərin işə qəbulu üzrə elektron proqram təminatı hazırlanmış və artıq iki ildir ki, tətbiq edilir. Proqram təminatının köməyi ilə ərizələrin qəbulu, müsabiqə prosesi, qiymətləndirmə insan amili olmadan həyata keçirilir. İmtahanın sonunda hər bir müəllim nəticələrini bilir, seçilmiş vakant yerlərə yerləşdirmə proqram təminatı vasitəsilə aparılır və müsabiqənin nəticələri barədə məlumat dərhal hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilir.
İşə qəbul üzrə müsabiqə prosesinin daha çevik şəkildə idarə olunması məqsədilə Təhsil Nazirliyinin İnternet saytında "Müəllimlərin işə qəbulu" elektron xidmət sahəsi yaradılmış və orada işə qəbulu tənzimləyən müvafiq linklər yerləşdirilmişdir. Müəllimlərin işə qəbulu Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində aparılmış, orada imtahanların keçirilməsi üçün müvafiq şərait yaradılmışdır.
2012-2013-cü dərs ili üzrə ümumtəhsil müəssisələrində və peşə liseylərində 3270 vakant yer yaranmışdır ki, onlardan da 277 yer Bakı şəhərinin, 2945 yer isə respublikanın digər rayon və şəhərlərinin ümumtəhsil məktəblərinə aid olmuşdur. Peşə liseylərində isə ümumtəhsil fənləri üzrə 48 vakant yer olmuşdur. Bölgələrdə coğrafiya, kimya və biologiya müəllimlərinə daha çox ehtiyac olduğu müəyyən edilmişdir.
Gənc mütəxəssislər üçün nəzərdə tutulan və həvəsləndirmə tədbirləri tətbiq olunan limit yerlər müəyyənləşdirilmişdir. 2012-2013-cü tədris ilində vakant yerlərdən 411-i H-1, yəni rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən məktəblərdə, 389-u isə H-2, yəni rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə olmaqla, cəmi 800 yerə həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulmuşdur.
Ümumilikdə, işə qəbul üçün 3270 vakant yerə 16195 nəfər ərizə vermiş, bütövlükdə vakant yerlər, o cümlədən bir neçə ixtisaslar üzrə (ibtidai sinif, xarici dil, Azərbaycan dili və ədəbiyyatı) çox böyük müsabiqə vəziyyəti yaranmışdır. İşə qəbul üzrə reqlamentin tələblərinə uyğun gəlmədiyi üçün 728 ərizə ləğv edilmişdir ki, bu da əsasən ixtisasların uyğun olmaması ilə əlaqədar olmuşdur.
İmtahanların nəticələrinə əsasən 2710 nəfər seçdiyi yerə qəbul olunmuş, müsahibə mərhələsində onlardan 418 nəfər qəbul olunduğu yerdən imtina etdiyi üçün, 29 nəfər isə sənədlərində uyğunsuzluq olduğuna görə, ümumilikdə  447 nəfərin müsabiqə nəticələri ləğv edilmiş, müsabiqənin yekununda işə qəbul olunanların sayı 2263 nəfər olmuşdur.
Reqlamentə uyğun olaraq imtina olunan, ümumiyyətlə seçilməyən və müsabiqənin gedişi müddətində yaranan vakant yerlərə işə qəbul üçün əlavə yerləşdirmə aparılmış, nəticədə daha 534 nəfər işə qəbul olunmuş, beləliklə, müsabiqənin yekununa görə ümumilikdə işə qəbul edilənlərin sayı 2797 nəfər olmuşdur.
İşə qəbul üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində apelyasiyaya baxıldığı, həmin müddət ərzində cəmi 9 apelyasiya şikayəti daxil olduğu bildirildi, müraciət edənlərin sayının az olmasının bu işin şəffaf və obyektiv aparılması ilə əlaqədar olduğu qeyd edildi.
Müəllimlərin işə qəbulunun daha çevik və qısa vaxtda yerinə yetirilməsini təmin etmək üçün geniş imkanlara malik imtahan binasına ehtiyac olduğu qeyd edildi. Bu məqsədlə Təhsil Nazirliyinin tabeliyində Təlim-Tədris-İmtahan Mərkəzinin yaradılması ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılması təklif olundu. Eyni zamanda, işə qəbulun proqram təminatının təkmilləşdirilməsi, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ucqar kənd məktəblərində işə başlayan gənc mütəxəssislər üçün stimullaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar nəzərdə tutulan vəsaitin həcminin artırılmasına dair təkliflər verildi.
2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün keçirilmiş təlim kurslarının nəticələri ilə əlaqədar qeyd edilmişdir ki, ümumi təhsil sistemində həyata keçirilən məzmun islahatları - yeni fənn kurikulumlarının, qiymətləndirmə mexanizmlərinin tətbiqi, fəal təlim metodlarından təlim prosesində səmərəli istifadə pedaqoji kadrların ixtisasının artırılmasını, bu məqsədlə xüsusi təlimlərin keçirilməsini zəruri etmişdir. Bununla əlaqədar respublikanın bütun ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri xüsusi proqram əsasında fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçirilmişdir. Ümumilikdə, son 4 ildə 35 mindən çox ibtidai sinif müəllimi təlim kurslarından keçərək müvafiq bilik və bacarıqlara yiyələnmiş, bununla da I-IV siniflərdə işləyən müəllimlər üçün təlimlərin ilk mərhələsi başa çatdırılmışdır.
2012-2013-cü tədris ilində təlim kurslarının təşkili ilə bağlı görülmüş işlər qeyd olunaraq bildirildi ki, ilk növbədə, təlim kurslarının proqramı hazırlanmış, V siniflərdə dərs deyəcək müəllimlərin müəyyənləşdirilməsi, təlim mərkəzlərinin seçilməsi, təlimçilərin hazırlanması sahəsində təşkilati işlər həyata keçirilmişdir. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində yaradılmış Tender Komissiyasının qərarına əsasən 6 QHT ilə Təhsil Nazirliyi arasında təlim kurslarının təşkili və keçirilməsinə dair müqavilələr bağlanmışdır.    
Təlimlər respublikanın şəhər və rayonları üzrə 5 bölgədə keçirilmişdir. Abşeron və Dağlıq Şirvan bölgəsi üzrə 143 təlimçinin iştirakı ilə 11463, Gəncə-Qazax bölgəsi üzrə 113 təlimçinin iştirakı ilə 6234, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgəsi üzrə 86 təlimçinin iştirakı ilə 6141, Aran və Yuxarı Qarabağ bölgəsi üzrə 141 təlimçinin iştirakı ilə 11151, Lənkəran bölgəsi üzrə 68 təlimçinin iştirakı ilə 4564 müəllim olmaqla, ölkə üzrə 39553 müəllimin təlimlərdən keçirilməsi planlaşdırılmış, təlimlərə ümumilikdə 551 təlimçinin cəlb olunması nəzərdə tutulmuşdu.
Müqavilə şərtlərinə uyğun olaraq hər bir təşkilat keçirilmiş təlim kurslarının nəticələri barədə hesabat hazırlayaraq Təhsil Nazirliyinə təqdim etmişdir. Təlimlərdə ümumilikdə 37545 müəllim iştirak etmiş, onlardan 18199-na I, 18831-nəfərinə II dərəcəli, 515 nəfərə isə "İştirakçı" sertifikatları verilmişdir. 
Naxçıvan Muxtar Respublikasında Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən aparılmış təlim kurslarında 173 nəfər müəllim iştirak edərək təlimçi sertifikatı almış, həmin təlimçilər tərəfindən V siniflərdə işləyəcək 2000 müəllim təlimdən keçirilmişdir.
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi və Valideyn-Müəllim Assosiasiyası tərəfindən təlim kurslarının monitorinqi aparılıb. Monitorinqlər zamanı etibarlı məlumatların toplanması üçün öyrənilməsi nəzərdə tutulan bütün məsələləri özündə əks etdirən xüsusi sorğu formaları hazırlanmışdır.   
Monitorinqin nəticələrinə görə müşahidə edilən 487 təlim kursunun 147-si çox yaxşı, 209-u yaxşı, 131-i isə kafi qiymətləndirilib. Fəaliyyəti qeyri-kafi qiymətləndirilən təlim kursu qeydə alınmayıb. Təlim aparan 487 təlimçinin 94-u çox yaxşı, 154-ü yaxşı, 235-i kafi, 4 nəfəri qeyri-kafi qiymətləndirilib. Təlim kurslarının təşkili və metodiki işin keyfiyyəti əvvəlki illərlə müqayisədə təkmilləşib, təlimçilərin bacarıq və səriştələri artmışdır. Təlimlər cədvələ uyğun həyata keçirilib. Təqdim olunan proqram mövzularını əhatə etmiş və öyrənənlər üçün nəzərdə tutulmuş bilik və bacarıqlar aşılanmış, təlim mərkəzləri zəruri tədris vasitələri ilə təmin olunmuşdur.
Bununla yanaşı, monitorinqlər zamanı bir sıra çatışmazlıqlar da aşkara çıxarılmışdır: Təlim proqramlarında zəruri bilik və bacarıqlar əhatə olunsa da, iştirakçılara gələcək fəaliyyətlərində istifadə üçün verilən materialların çox hissəsi nəzəri məlumatlardan ibarət olub, praktik məsələlərə, izahlara az yer verilib. Təlim kurslarının V-IX siniflər üzrə tədrisin məzmununu əhatə etməsinə baxmayaraq, öyrənənlərə (müəllimlərə) yalnız  V-VI siniflərin məzmun standartları paylanılıb. Təlim materiallarının yalnız Azərbaycan dilində olması rus bölməsində dərs deyəcək müəllimlər üçün çətinlik yaradıb. Təlim kuslarının eyni fənn üzrə eyni bir rayonda müxtəlif vaxtlarda keçirilməsi həmin fənn müəllimləri arasında narazılıq yaradıb. Təlim həyata keçirən təşkilatlarla rayon (şəhər) təhsil şöbələrinin birgə əməkdaşlığı zəif olub, əksər hallarda təlim kurslarının başladığı günə qədər öyrənənlərin (müəllimlərin) siyahısı tam dəqiqləşdirilməyib. Eyni zamanda təlimləri təşkil edən təşkilatların bilavasitə özlərindən asılı olmayan və RTŞ-lərlə əlaqələrin zəif olmasından irəli gələn bəzi təşkilati çatışmazlıqlar da qeyd olundu.
Yeni tədris ilində keçiriləcək təlim kurslarının təşkili ilə əlaqədar qeyd edildi ki, 2013-2014-cü tədris ilində ibtidai siniflərdə, V-VI siniflərdə işləyəcək və indiyədək fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçməyən müəllimlər üçün kurslar təşkil ediləcək. Təlimlər ibtidai sinif və 13 fənn müəllimi üçün nəzərdə tutulmuşdur və ilkin proqnozlara görə 50 min müəllimi əhatə edəcəkdir.
Məktəbdaxili qiymətləndirmə: problemlər və vəzifələr ilə əlaqədar qeyd olunmuşdur ki, 2003-cü ildən beynəlxalq təşkilatların köməyi və tövsiyəsi ilə məktəbdaxili qiymətləndirmənin yeni nəzəriyyəsi və icra mexanizmlərinin hazırlanmasına, 2008-2009-cu dərs ilində ibtidai təhsil səviyyəsində yeni qiymətləndirmə sisteminin tətbiqinə başlanılmışdır. Məktəbdaxili qiymətləndirmənin diaqnostik, formativ və summativ növlərinin tətbiqi istiqamətində müəyyən addımlar atılmışdır.
Ümumtəhsil məktəblərinin ibtidai təhsil səviyyəsində və ümumi orta təhsil səviyyəsinin V siniflərində yeni qiymətləndirmənin tətbiqi vəziyyətini öyrənmək məqsədilə 17 oktyabr - 08 noyabr 2012-ci il tarixlərdə Bakı şəhərinin, Siyəzən və Abşeron rayonlarının (Əliquluqışlaq kənd tam orta məktəbi istisna edilməklə) bütün, Sumqayıt şəhəri, Hacıqabul və Şamaxı rayonlarının bəzi ümumtəhsil məktəblərində monitorinq aparılmışdır.
Monitorinqin nəticələri göstərdi ki, Bakı şəhəri 132- 134 nömrəli təhsil kompleksi, Bakı şəhəri 283, 177, 258, 82, 43, 312, Humanitar fənlər təmayüllü məktəb- lisey, 27, 169, 96, 213, 287, 156, 237, 243, 235, 124, 197, 180, 28, 16, 164, 46, 247, 54, 53, 225, 60, 52, 31, 158, Abşeron rayonu Xırdalan şəhər 7, 8, Hacıqabul rayonu 7, 8, Nəvahi kənd 1, Rəncbər kənd məktəblərində yeni qiymətləndirmə sistemi qaydalara uyğun tətbiq edilir. 
Monitorinq nəticəsində yeni qiymətləndirmənin tətbiqində bir sıra problemlər də aşkar olunmuşdur. Belə ki, bəzi hallarda müəllimlər formativ qiymətləndirmə jurnalının yazılması haqqında göstərişlərə diqqət yetirmir və jurnalda sinifdə olan bütün şagirdlərin fəaliyyətinin sözlü təsvirinə dair “zəif”, “yaxşı”, “qismən yaxşı”, “bilir”, “bilmir”, “mənimsəyib”, “mənimsəməyib” kimi sözlərlə qeydlər edirlər. Dərslik komplektinə daxil olan “Müəllimlər üçün metodiki vəsait”də hər bir məsələnin izahı verilsə də, planlaşdırmanın fənn müəllimi tərəfindən hazırlanması nəzərdə tutulsa da, müəllimlər müxtəlif şəxslər tərəfindən hazırlanmış və Təhsil Nazirliyinin qrifi olmayan fərqli proqram və planlaşdırmalardan istifadəyə üstünlük verirlər.
Monitorinq nəticəsində aydın oldu ki, yeni məktəbdaxili qiymətləndirməni məzmununa uyğun icra edən məktəblər əlavə olaraq məktəbdaxili təlimlər keçirmiş və təcrübədə qarşılaşdıqları problemləri dünya təhsil sistemini, səriştəli təlimçilərin və digər məktəblərin təcrübəsini öyrənməklə həll etməyə çalışmışdır.
Problemlərin aradan qaldırılması, məktəbdaxili qiymətləndirmənin tətbiqi vəziyyətini təkmilləşdirmək üçün bölgələr üzrə müşavirələrin keçirilməsi, yeni fənn kurikulumları tətbiq edilən siniflərdə dərs deyən müəllimlər üçün keçiriləcək təlim kurslarının işinin daha da təkmilləşdirilməsinə və mühazirə materiallarının, izahların praktikliyinə nəzarət edilməsi, rayon (şəhər) təhsil şöbələrinin metodistlərinin, məktəb rəhbərlərinin müvafiq ixtisasartırma və təlim kurslarına cəlb edilməsi, valideynlərin maarifləndirilməsinə böyük ehtiyac olduğunu nəzərə alaraq, onların müvafiq treninqlərdən keçirilməsi üçün layihələrin hazırlanması, məktəb rəhbərləri, metodistlər və müəllimlər üçün keçirilən təlim kurslarının davamlı monitorinqinin aparılması, ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin icra vəziyyətinin mütəmadi müşahidəsi. müəllim fəaliyyətinin monitorinqi, ümumtəhsil məktəblərində Təhsil Nazirliyinin müvafiq qrifi olan təhsil resurslarının istifadəsinin nəzarətdə saxlanılması, kurikulum üzrə qiymətləndirmə keçirməklə məzmun və qiymətləndirmə standartlarının təkmilləşdirilməsi istiqamətində tədbirlər görülməlidir.
Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqinin nəticələri ilə əlaqədar qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ümumtəhsil məktəblərində mövcud avadanlığın, lokal şəbəkənin, İnternet/İntranet bağlantısının, eyni zamanda məktəb rəhbərlərinin, müəllimlərin və şagirdlərin İKT-dən gündəlik istifadə vəziyyətini öyrənmək məqsədilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşları tərəfindən monitorinq aparılmışdır. Monitorinq 53 şəhər/rayon təhsil şöbəsi üzrə 130 təhsil müəssisəsini, 130 məktəb direktorunu və 492 müəllimi əhatə etmişdir.
Monitorinq aparılan 17 məktəbdə (Şirvan şəhər 1 və 10, Ağstafa rayon 3, Balakən rayonu Akademik Zərifə Əliyeva adına, Daşkəsən rayon 1, Gədəbəy rayon 3, Hacıqabul rayon 9, İmişli rayon 2, Masallı rayon 3, Saatlı rayon 1, Sabirabad rayon 7, Şəki rayon 12, 14, 21, Zərdab rayon 3, Xızı rayon Giləzi qəsəbə, Tərtər rayon 5 nömrəli məktəblər) tədris prosesində İKT avadanlığından və  İnternetdən istifadə olunmadığı müəyyənləşmişdir. Əsas səbəb kimi məktəb rəhbərliyinin mövcud İKT avadanlıqlarından müəllimlərin istifadə etməsinə icazə verməməsi, informatika otağına yalnız informatika müəllimlərinin dərs keçməsinə icazə verilməsi, məktəb rəhbərliyinin İKT üzrə keçirilən dərslərə marağının olmaması və müəllimlərdən tələb etməməsi, İKT avadanlıqlarının sağlamlığa mənfi təsir etməsi fikri, kompyuterlərin informatika otağında olmaması və informatika otağına yalnız informatika müəllimlərinin girişinə icazə verilməsi, işıqların tez-tez sönməsi, internetdən istifadə edə bilməmələri göstərilmişdir.
Monitorinq aparılan 63 məktəbdə (Kimya-biologiya təmayüllü lisey, Bakı şəhər 89, 94, 126, 138, 139, 151, 176, 178, 193, 198, 203, 204, 209, 221, 241, 242, 253, 260, 267, 270, 292, Şirvan şəhər 1 və 10, Ağstafa rayon 3, Balakən rayon Akademik Zərifə Əliyeva adına, Daşkəsən rayon 1, Gədəbəy rayon 3, Hacıqabul rayon 9, Tərtər rayon 5, Xızı rayon Giləzi qəsəbə, Gəncə şəhər 7, 33, 40, 44, Mingəçevir şəhər 6, Lənkəran şəhər 2, 5, 8, Abşeron rayon Saray qəsəbə 3, Güzdək qəsəbə, Ağcabədi rayon 3, Biləsuvar rayon 1, 4 nömrəli, Cəbrayıl rayon 15,17,22, Cəlilabad rayon 2, 7, Şəmkir rayon M.Əhmədov adına, Astara rayon 2, Quba rayon 4, 6, Qazax rayon 5, Şabran 4, Salyan rayon 2, 4, Göyçay rayon 2, 6, Goranboy rayon 3, Oğuz rayon 3, Ağsu şəhər internat və 4 nömrəli məktəblər, Şamaxı şəhər Texniki, humanitar və təbiət təmayüllü lisey) tədris prosesində Təhsil portalından istifadə olunmadığı aşkar olunmuşdur.
Monitorinq zamanı Masallı rayon 3 nömrəli məktəbdə 1 dəst kompyuter və 1 monitor, Hacıqabul rayon 9 nömrəli məktəbdə 4 siçanın olmadığı, trankların sındırılması, İmişli rayon 3 nömrəli məktəbdə 10 ədəd siçan, 6 klaviatura və 10 ədəd adapterın, 1 monitor və 1 printerin, 2 dəst kompyuterin olmadığı aşkar edilmişdir.
Müzakirə  edilən  məsələlərlə  əlaqədar nəzərdə tutulan tədbirlərin icrasını
təmin etmək məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
1. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva):
1.1. Hər il iyul ayının 1-dək vakant yerlər barədə məlumatların təhlilini aparsınlar, Nazirliyin rəsmi İnternet saytında və "Azərbaycan müəllimi" qəzetində elanların verilməsini təşkil etsinlər.
1.2. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nomrəli qərarına uyğun olaraq növbəti tədris ili üçün əlavə güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerlərini müəyyənləşdirsinlər və iyun ayının 15-dək Maliyyə Nazirliyinə təqdim etsinlər.
 1.3.  İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ilə birlikdə Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun olaraq ucqar kənd məktəblərində işə başlayan gənc mütəxəssislər üçün stimullaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar nəzərdə tutulan vəsaitin həcminin artırılmasına dair təkliflər hazırlayıb rəhbərliyə təqdim etsinlər.
1.4. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin, bu proseslə əlaqədar təlimlərin, seminarların və digər metodiki işlərin keçirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində müasir infrastruktura malik “Təlim, tədris, imtahan mərkəzi”nin yaradılması istiqamətində təklifləri hazırlayıb rəhbərliyə təqdim etsinlər.
1.5. Müəllimlərin işə qəbulu üzrə test imtahanları üçün nümunələrin hazırlanmasını, ekspertizasının aparılmasını, test bankının yaradılmasını və imtahanların keçirilməsini təmin etsinlər.
1.6. İşə qəbulun nəticələrinin araşdırılmasını aparsınlar və vakant yerlər barədə düzgün məlumat verməyən, müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol verən yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərləri barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsinə dair təkliflər versinlər.
2. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva), Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) müəllimlərin işə qəbulu üzrə proqram təminatının təkmilləşdirilməsi, o cümlədən müsabiqə prosesinin nəticələrinə dair hesabat və məlumatlar əsasında təhlillər aparmaq imkanlarının yaradılması, ali və orta ixtisas təhsili müəssisələrinin məzunlarının təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməsi üçün müvafiq işlərin aparılmasını təmin etsinlər.
3. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:
3.1. Hər tədris ilində müəllimlərin işə qəbulunun nəticələrini, o cümlədən rəhbərlik etdikləri təhsil müəssisələrinin işə qəbul üzrə göstəricilərini təhlil etsinlər və fəaliyyətlərində nəzərə alsınlar.
3.2. Müəllimlərin işə qəbulu üzrə yeni mexanizmlərin tətbiqi barədə məzunlara ətraflı məlumat verilməsini və geniş izahat işlərinin aparılmasını mütəmadi olaraq təmin etsinlər.
4. Yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri:
4.1. Hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyən olunmuş forma üzrə Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim etsinlər.
4.2. İşə qəbul olunmuş pedaqoji kadrlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirlərinin tətbiqi ilə bağlı məsələləri mövcud qanunvericiliyə uyğun həll etsinlər.
4.3. Müsabiqə yolu ilə işə qəbul olunmuş müəllimlərlə əmək müqavilələrinin vaxtında bağlanmasını təmin etsinlər və həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərdə işə başlayanların ən azı 3 il, digər yerlərə işə qəbul olunanların isə ən azı 1 il işlədikdən sonra iş yerini dəyişmək barədə müraciət etməsinə icazə verildiyini əmək müqaviləsinə əlavə etsinlər.
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri:
5.1. 2013-2014-cü tədris ilində ibtidai siniflərdə və V-VI siniflərdə dərs deyəcək və indiyədək fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçməyən müəllimlərin siyahısını müəyyənləşdirsinlər, bu zaman onların yüksək peşəkarlıq səviyyəsinə malik olmalarını nəzərdə tutsunlar.
5.2. Yerləşdiyi yerə və imkanlarına görə müəllimlər üçün daha əlverişli olan təlim mərkəzlərinin müəyyənləşdirilməsi, orada lazımi şəraitin yaradılması, hər bir təlim otağının zəruri texniki vasitələrlə (kompyuter, noutbuk, proyektor) təchizatı ilə bağlı müvafiq tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etsinlər.
6. Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin və məcburi köçkün rayonlarının təhsil şöbələrinin rəhbərləri 2013-2014-cü tədris ilində ibtidai siniflərdə və V-VI siniflərdə dərs deyəcək və indiyədək fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçməyən müəllimlərin siyahılarını müəyyənləşdirsin və məktəblərin yerləşdiyi ərazi üzrə təşkil ediləcək mərkəzlərdə təlim kurslarına cəlb edilmələri üçün müvafiq təşkilati işləri yerinə yetirsinlər.
7. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov):
7.1. 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin ibtidai siniflərində və V-VI siniflərdə dərs deyəcək və indiyədək fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçməyən müəllimlər üçün təlim kurslarının təşkili ilə əlaqədar işləri davam etdirsin.
7.2. Təlim kurslarını keçirəcək təşkilatlara və onların təlimçilərinə əməli köməklik göstərilməsini təmin etsin. 
7.3. Təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ayrı-ayrı kateqoriyaları üçün modul-kredit əsaslı ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və onların tətbiqinə icazə verilməsini təmin etmək üçün xüsusi komissiyanın və ekspert qruplarının yaradılması ilə bağlı işləri yerinə yetirsin.
8. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin əlaqələndirmə qrupunun direktoru (E.Rüstəmov):    
8.1. Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində və V-VI siniflərdə dərs deyəcək və indiyədək fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçməyən müəllimləri üçün təlim kurslarını təşkil edəcək təşkilatların seçilməsi üzrə tenderlərin keçirilməsini təmin etsin.
8.2. Təlimlərlə əlaqədar təşkilati işlərin həyata keçirilməsi, o cümlədən təlimləri həyata keçirəcək təşkilatların potensial imkanlarının, təşkilatlarla müqavilə bağlayan təlimçilərin bacarıqlarının obyektiv qiymətləndirilməsi üçün zəruri tədbirlər görsün.
 9. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) Naxçıvan MR-nın ümumtəhsil məktəblərində 2013-2014-cü tədris ilində ibtidai siniflərdə və V-VI siniflərdə dərs deyəcək və indiyədək fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçməyən müəllimlərə təlim kurslarının keçirilməsində yerli təhsil şöbələrinə və təlimçilərə əməli köməklik göstərmək üçün Kurikulum Mərkəzinin əməkdaşlarının 2013-cü ilin iyul-avqust aylarında Naxçıvan MR-ə ezam olunmasını nəzərdə tutsun.
10. Azərbaycan Müəllimlər İnstitutu və onun filialları (A.Naxçıvanlı), Naxçıvan Müəllimlər İnstitutu (O.Həsənli), Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (A.Zamanov) İxtisasartırmanın Kurikulum Çərçivəsi əsasında rəhbər və pedaqoji kadrlar üçün modul-kredit əsaslı ixtisasartırma təhsili proqramlarının işlənib hazırlanmasını və qiymətləndirmədən keçirilməsini təmin etsinlər.
 11. İqtisadiyyat şöbəsi (Ş.Əliyev),  Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov) və Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin əlaqələndirmə qrupunun direktoru (E.Rüstəmov)    ixtisasartırma üzrə yeni modelin tətbiqi ilə əlaqədar dövlət sifarişi əsasında yeni maliyyələşdirmə mexanizminin hazırlanıb təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsinlər.  
 12. Monitorinq və qiymətləmdirmə şöbəsi (T.Hacıyeva):
 12.1. Məktəbdaxili qiymətləndirmənin tətbiqi vəziyyətini təkmilləşdirmək üçün bölgələr üzrə müşavirələrin keçirilməsini təmin etsin.
 12.2. Ümumtəhsil məktəblərində Təhsil Nazirliyinin müvafiq qrifi olan təhsil resurslarının istifadə məsələsini nəzarətdə saxlasın.
 12.3. Müəllim fəaliyyətinin monitorinqi ilə əlaqədar tədbirləri həyata keçirsin.
 12.4. Kurikulum üzrə qiymətləndirmə keçirməklə məzmun və qiymətləndirmə standartlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlayıb təqdim etsin.
 12.5. Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin tətbiqi məsələsini nəzarətdə saxlasın.
 13. Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov):
 13.1. Monitorinq zamanı Azərbaycan Təhsil Portalından, İnternetdən və İKT-dən tədris  prosesində istifadə etməyən təhsil müəssisələrinin pedaqoji heyəti üçün vahid proqram əsasında İKT üzrə təlim kurslarının keçirilməsini təmin etsin.
 13.2. Monitorinq zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması vəziyyətini bir aydan sonra təkrar araşdırsın və nəticələri müvafiq qərar qəbul edilməsi üçün Nazirliyin rəhbərliyinə təqdim etsin.
 13.3. Müntəzəm olaraq ümumtəhsil məktəblərində İKT avadanlıqlarının saxlanılması və onlardan istifadə vəziyyətinin monitorinqinin aparılmasını və İKT avadanlıqlarına zəruri texniki xidmətin göstərilməsini təmin etsin.
 14. İmişli, Masallı və Hacıqabul Rayon Təhsil Şöbələri (R.Əmirov, A.İbişov, Ş.Məmmədov) monitorinq zamanı İKT avadanlıqları aşkar olunmayan məktəblərin direktorlarına ciddi intizam tənbehi tətbiq etsinlər, aşkar olunmayan avadanlıqların yerinə qoyulmasını təmin etsinlər və problemlərin həll edilməsinin nəticəsi barədə bir ay müddətinə Təhsil Nazirliyinə yazılı məlumat təqdim etsinlər.
        15. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri:
 15.1. Ümumtəhsil məktəblərində İKT avadanlıqları və elektron təhsil resurslarından səmərəli istifadəni təmin etsinlər.
 15.2. İstifadəyə verilmiş İKT avadanlıqlarının qorunub saxlanılması və daim işlək vəziyyətdə olmasına nəzarəti gücləndirsinlər.
 16. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin “Təhsil xəbərləri” məcmuəsində və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
17.  Ümumi şöbə (X.Fərəcov)  əmrin çoxaldılıb ali və orta ixtisas təhsili müəssisələrinə, rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Nazirliyin tabeliyində olan ümumtəhsil məktəblərinə və peşə liseylərinə göndərilməsini təmin etsin.
 18. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
26 dekabr 2012-ci il
№ 2362


Çap et   Geri   Yuxarı