26 Noyabr 2014

Hesabatlar

ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ SAHƏSİ ÜZRƏ 2009-CU İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT

Ali və orta ixtisas təhsili şöbəsinin 2009-cu il üçün iş planında aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu:
- ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının layihəsinin hazırlanması;
- «Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı»nın təsdiqi. Həmin siyahıya uyğun olaraq dövldət təhsil standartlarının hazırlanması;
- Orta ixtisas təhsili üzrə ixtisasların siyahısının hazırlanması və təsdiqi;
- «Magistr təhsil proqramları»nın yeni siyahısının hazırlanması;
- Magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin (Dövlət təhsil standartının) strukturunun müəyyənləşdirilməsi, yeni siyahıya və struktura uyğun Dövlət Təhsil Standartlarının hazırlanması;
- qış və yay imtahan sessiyaları və buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələri;
- tədrisdə kredit sisteminin tətbiqinin əhatə dairəsinin genişləndirilməsi;
- 2009-2013-cü illərdə Azərbaycan Respublikası ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramında 2009-cu il üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təşkili;
- «Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası»nın müddəalarının həyata keçirilməsinin davam etdirilməsi və koordinasiya şurasının gördüyü işlər;
- Dünya Bankının dəstəyi ilə həyata keçirilən TSİL-in müəllim hazırlığı alt komponenti çərçivəsində hazırlanmış «İbtidai sinif müəllimi hazırlığı üzrə kurrikulum»un eksperiment şəklində üç ali məktəbdə tətbiqinin monitorinqi;
- «Təhsilin əsasları» fənni üzrə dərsliyin hazırlanması və 2009/2010-cu tədris ilindən onun tətbiqi;
- Ali təhsil müəssisələrində təlim prosesinin tədris-metodiki sənədlərlə təminatının vəziyyətinin monitorinqinin aparılması;
- 2009-cu il üçün təsdiq olunmuş qrafik üzrə ali və orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyasının təşkili və yekun sənədlərin hazırlanması;
- Orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi barədə Əsasnamə»yə uyğun olaraq eksperimentin davam etdirilməsi və onun əhatə dairəsinin genişləndirilməsi və s.;
İş planına müvafiq olaraq 2009-cu ildə ali və orta ixtisas təhsilin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
 
I. Ali təhsil üzrə.
 
Əsas statistik göstəricilər.
2009-cu hesabat ilində Azərbaycan Respublikasında 51 ali məktəb fəaliyyət göstərmişdir. Onlardan 36-sı dövlət, 15-i qeyri-dövlət ali təhsil müəssisəsidir.
Təhsil Nazirliyinin tabeliyində 20 ali təhsil müəssisəsi fəaliyyət göstərir.
2009-cu ildə həmin ali məktəblərin bakalavr pilləsinə 20953, magistratura pilləsinə isə 3526 nəfər tələbə qəbul olunmuşdur.
Hazırda ali məktəblərdə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) 104.945, o cümlədən bakalavriat səviyyəsində 98.692, magistraturada 6.253 nəfər tələbə təhsil alır.
2009-cu ildə Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində işləyənlərin sayı 24.182 nəfər (professor-müəllim heyəti-11566, digər işçilər-12616) təşkil etmişdir.
Təhsil Nazirliyinin tabeliyində olan ali məktəblərin bakalavriat səviyyəsini 2008/2009-cu tədris ilində 19673 nəfər məzun bitirmişdir.
 
Görülmüş işlər.
Şöbə tərəfindən 2009-cu il üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı hazırlanmışdır. Əvvəlki illərdə olduğu kimi bu plan respublikanın muvafiq nazirliklərindən, təşkilatlardan və digər qurumlardan mütəxəssislərə olan ehtiyac baradə məlumatlara, təhsil müəssisələrinin təkliflərinə və əmək bazarının təlabatına uyğun müəyyənləşdirilmişdir. Planın layihəsi ali və orta ixtisas təhsili, iqtisadiyyat şöbələrində təhsil müəssisələrinin rəhbərləri ilə birgə geniş təhlil və müzakirə olunduqdan, habelə müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuş və təsdiq edilmişdir. Eyni zamanda həmin qaydada ali təhsilin magistratura pilləsi üçün də qəbul planı hazırlanıb təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2009-cu il tarixli, 2643 №-li «Azərbaycan Respublikası ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında Sərəncamı»nın icrasını təmin etmək məqsədilə ölkə Prezidenti yanında Təhsil Komissiyasının qərarına əsasən yaradılmış işçi qrupu ilə birgə «Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramların) siyhısıı»nın yeni lahiyəsi hazırlanmış və Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmişdir. Əvvəlki siyahıdan fərqli olaraq yeni təsnifatda istiqamətlər nəzərdə tutulmamış və bu siyahıya 92 istiqamətdə 520 ixtisas əvəzinə cəmi 150 ixtisas daxil edilmişdir. 2009-cu ildən bakalavr səviyyəsində kadr hazırlığı ixtisaslar üzrə aparılmağa başlanmışdır.
Həmin siyahıya uyğun olaraq «İxtisas (proqram) üzrə bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərini müəyyən edən dövlət təhsil standartlarının strukturu hazırlanmış və Təhsil Nazirliyinin 29 mart 2009-cu il tarixli, 342 №-li əmri ilə təsdiq edilmişdir. Yeni struktura müvafiq olaraq ali təhsil müəssisələrində bakalavr hazırlığı aparılan 146 iştisas üzrə Dövlət Təhsil Standartları hazırlanmış və nazirliyin 05 yanvar 2009-cu il tarixli, 952 №-li əmri ilə təsdiq edilərək ali təhsil müəssisələrinə göndərilmişdir.
Standartlarda auditoriya saatlarının 15-20% humanitar, 80-85%-i isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə ayrılmışdır. Humanitar fənlər bölümünə məcburi fənlər kimi «Azərbaycan tarixi», «Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün)», «Xarici dil» fənləri daxil edilmişdir. Bakalavr təhsil proqramlarının bütün fənn bölümlərində seçmə fənlər nəzərdə tutulmuşdur. Seçmə fənlərə ayrılan saatın həcmi ümumi saat miqdarının 25-30%-ni təşkil edir.
Ali təhsilin bakalavriat səviyyəsiinin yeni kllasifikatorunun təsdiqi ilə bağlı «Magistr proqramlarının siyahısı»nın yenidən hazırlanması zərurəti yaranmışdır. Bu məqsədlə mütəxəssislərin iştirakı ilə həmin siyahının layihəsi hazırlanmışdır və bu günlərdə təsdiq üçün hökumətə təqdim ediləcəkdir.
Eyni zamanda «Magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu»nun yeni layihəsi hazırlanmış və ali məktəblərin müzakirəsinə verilmişdir.
 Yeni layihədə humanitar fənlər bölümünə ümumi auditoriya saatlarının 20-25%, ixtisaslaşma fənlərinə 75-80%-i ayrılır. Humanitar fənlər bölümünə «Xarici dil», «Ali məktəb pedaqogikası», «Psixologiya» fənləri daxil edilmişdir. Seçmə fənlərə ayrılan saatın həcmi ümumi saat miqdarının 25-30%-ni təşkil edir.
Ali məktəblərdə qış və yay imtahan sessiyalarının təşkili və gedişi əvvəlki illərdə olduğu kimi 2009-cu ildə də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 2008/2009-cu tədris ilinin qış və yay imtahan sessiyalarının mütəşəkkil keçirilməsi üçün Təhsil Nazirliyinin müvafiq əmrləri olmuşdur. Həmin əmrlərə uyğun olaraq nazirlikdə Mərkəzi Operativ Qərargah (MOQ), «Qaynar xətt», ali və orta ixtisas təhsili müəssisələrində müvafiq qərargahlar yaradılmış, yol verilmiş neqativ halların aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, nazirlikdə ali təhsil müəssisələrinin tədris işləri üzrə prorektorlarının və tədris şöbələri müdirlərinin iştirakı ilə sessiyaların nəticələri müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
Bununla yanaşı ali və orta ixtisas təhsili şöbəsi tərəfindən təhsil müəssisələrindən alınmış təkliflər əsasında hər bir ali məktəbin bakalavr pilləsi üzrə dövlət attestasiya komissiyalarının, magistratura pilləsi üzrə ixtisaslaşdırılmış Elmi şuraların sədrlərinin təsdiqi barədə təqdimatlar hazırlanmışdır.
2006/2007-ci tədris ilində respublikanın 10 ali məktəbində tədrisin təşkilində kredit sisteminin tətbiqi ilə bağlı başlanmış eksperiment 2009/2010-cu tədris ilində bütün ali məktəblərin birinci kurslarını əhatə etmişdir. Bununla əlaqədar həm təhsil müəssisələrinin rəhbərləri, həm də Təhsil Nazirliyinin əməkdaşları müəllim və tələbələrlə çoxsaylı görüşlər keçirmiş, lazımi izahat işləri aparmış və metodiki köməkliklər göstərmişlər.
Hesabat dövründə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ali təhsil sistemində 2006-2010-cu illərdə Boloniya Bəyannaməsinin müddəalarının həyata keçirilməsi üçün tədbirlər planı»na uyğun olaraq bir sıra tədbirlər həyata keçirilmişdir.
Görülmüş işlərin nəticəsi barədə «Boloniya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar haqqında Azərbaycan Respublikasınin Milli hesabatı (2007-2009-cu illər üzrə)» hazırlanmış və Avropa Şurasına təqdim olunmuşdur. Hesabatda Boloniya prosesinə qoşulması ilə bağlı Azərbaycan Respublikasında həyata keçirilmiş islahatlar və tədbirlər barədə məlumatlar öz əksini tapmışdır.
2009-cu ildə təsdiq olunmuş cədvəl üzrə ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası işi davam etdirilmişdir. Bununla bağlı akkreditasiya olunacaq təhsil müəssisələrinə xəbərdarlıq məktubu göndərilmiş, ayrı-ayrı ali məktəblərin attestasiyasını aparmaq üçün komissiyalar yaradılmış, ali məktəblərdən attestasiyaya dair sənədlər və özünütəhlil hesabatları nazirliyə təqdim olunmuş və onların komissiya üzvləri tərəfindən təhlili təşkil edilmiş, tələbələrin müvafiq istiqamət (ixtisas) üzrə hazırlıq (bilik) səviyyəsini müəyyənləşdirmək məqsədilə çoxvariantlı suallar və test tapşırıqları tərtib olunmuşdur. Həmin test tapşırıqları əsasında attestasiyası keçirilən ali məktəblərin sonuncu kurs tələbələrinin bilik səviyyələri yoxlanılmış, onların struktur bölmələrində monitorinqlər aparılmış və müvafiq arayışlar hazırlanaraq Təhsil Nazirliyinin Akkreditasiya Komissiyasına təqdim olunmuşdur. Bu dövrdə 5 ali məktəb (Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Universiteti komissiyalar tərəfindən akkreditasiyadan keçmiş. və müvafiq sertifikatlar almışlar. Bununla yanaşı Naxçıvan Dövlət Universitetinin attestasiyası başa çatdırılmışdır və bu günlərdə müvafiq sənədlər hazırlanaraq nazirliyin akkreditasiya komissiyasına təqdim olunacaqdır.
Şöbənin əməkdaşları xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və onların Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi (nostrifikasiyası) prosedurunda yaxından iştirak etmişlər.
Müəllim hazırlığı məsələsi əvvəlki illərdə olduğu kimi hesabat ilində də diqqət mərkəzində saxlanılmışdır.
Belə ki, Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş «2008-2015-ci illər üçün Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyasının həyata keçirilməsi üzrə tədbirlər planı»na uyğun olaraq ixtisas siyahılarında yeniləşmələr aparılmışdır.
Bununla yanaşı 2009-cu ildən Təhsil Nazirliyinin yanında müstəqil fəaliyyət göstərən məşvərətçi qurum-«Fasiləsiz pedaqoji təhsil üzrə koordinasiya şürası» 2009-cu ildə də fəaliyyətini davam etdirmişdir.
Belə ki, Koordinasiya Şurasının tərkibində yaradılmış alt qrupları («Ümumtəhsil məktəblərində peşəyönümü məsələləri, müəllimlərin peşə bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi», «İlkin müəllim hazırlığı», «Əlavə pedaqoji təhsil», «Pedaqoji təhsilin idarə edilməsi») tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir:
  • Müəllimlərin peşə bacarıqları və bilik səviyyələrinin qiymətləndirilməsi üçün indikatorlar və testlər hazırlanmışdır.
  • Müəllimlərin bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsi üçün müvafiq istiqamətlər üzrə ixtisasartırma kurslarına yönəldilməsi mexanizminin işlənməsinə dair təkliflər hazırlanmışdır.
  • İlkin müəllim hazırlığı və xüsusən onun tərkib hissəsi olan pedaqoji təcrübə sahəsində mövcud vəziyyət təhlil edilmiş, bununla bağlı nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün təklif və tövsiyələr irəli sürülmüşdür.
  • Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə təcrübə kecmək üçün baza məktəbləri müəyyənləşdirilməsi haqqında təkliflər hazırlanmış və Təhsil Nazirliyinə təqdim edilmişdir.
  • İxtisasartırma təhsili sahəsində mövcud vəziyyət təhlil olunmuş, onun güclü və zəif cəhətləri müəyyən edilmiş, «Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiyası və strategiyası»nda nəzərdə tutulan tədbirlərin reallaşdırılması məqsədilə təkliflər irəli sürülmüşdür.
  • Ali pedaqoji kadr hazırlığında keyfiyyətin təmin olunması və onun səmərəli idarə edilməsinə dair araşdırmalar aparılmışdır. Hesabat dövründə «Azərbaycan Respublikasında təhsil menecerlərinin hazırlanması konsepsiyası» tələblərinə uyğun pedaqoji təhsil sahəsində menecerlərin hazırlanması araşdırılmış, təhsil menecerlərinin professioqramı hazırlanmışdır.
     
Dünya Bankının dəstəyi ilə həyata keçirilən TSİL-in «Müəllim hazırlığı» alt komponenti çərçivəsində ali təhsilin bakalvr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə «Çərçivə kurrikulumu»nun tətbiqi 2009-cu ildə eksperiment şəklində 3 pilot ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Müəllimlər İnstitutu) davam etdirilmişdir.
Bununla bağlı «Təhsilin əsasları» fənninin dərsliyinin hazırlanması və onun tətbiqinə başlanılması məqsədilə Dünya Bankının TSİL üzrə ayırdığı kredit vəsaiti hesabına müvafiq pilot ali məktəblərinin prfessor-müəllim heyəti üçün 2009-cu il avqustun 24-dən sentyabrın 4-dək Azərbaycan Müəllimlər İnstitutunun bazasında treninq keçirilmişdir. Treninqə üç ali məktəbdən 17 nəfər (ADPU-7, AMİ-6, GDU-4) professor-müəllim cəlb olunmuşdur.
Treninqin dinləyiciləri «Təhsilin əsasları» fənninin əhəmiyyəti, məqsəd və vəzifələri, təhsilin tarixi, fəlsəfi, ictimai, hüquqi, siyasi, elmi-nəzəri, metodoloji, iqtisadi əsasları barədə məlumatlar almış, bu fənnin tədrisi zamanı istiadə edilən forma və üsullarla, habelə qiymətləndirmə meyarları ilə tanış olmuşlar.
Eyni zamanda 2009-cu ilin oktyabr ayında Təhsil Nazirliyi tərəfindən həmin ali məktəblərdə pilot layihə kimi həyata keçirilən «Təhsilin əsasları» fənninin tətbiqi vəziyyətinin monitorinqi aparılmışdır. Monitorinq zamanı fənni tədris edən müəllimlər və tələbələrlə söhbətlər aparılmış, dərslər dinlənilmiş, təlim prosesində tələbə tədqiqatlarının nəticələrinə əsaslanan yazılı və elektron təqdimatlar araşdırılmışdır. Məlum olmuşdur ki, GDU-da və ADPU-da «Təhsilin əsasları» fənninin tədrisində bir sıra müsbət göstəricilərlə yanaşı, problemlər (fənnin tədrisi üçün ayrılmış otağın darısqal olması, tələbələrin təlim materialları ilə kifayət qədər təmin edilməməsi, auditoriyada müəllim üçün kompüterin və proyektorun olmaması, otağa İnternet şəbəkəsinin çəkilməməsi, kompüterin internetə qoşulmaması və s.)də vardır. Həmin problemlər diqqətlə öyrənilmiş və yerindəcə aradan qaldırılmışdır.
Cari ilin dekabr ayında həmin məsələ üzrə təkrar monitorinq aparılmışdır.
Kollegiyada müzakirəsi nəzərdə tutulan məsələlərlə üzrə («Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə bağlı monitorinqin nəticələri barədə» və «Ali təhsil müəssisələrində təlim prosesinin tədris-metodiki sənədlərlə təminatının vəziyyəti barədə») Təhsil Nazirliyinin müvafiq əmrləri ilə işçi qrupları yaradılmışdır. İşçi qrupları qoyulan məsələlərlə bağlı monitorinqlər aparmış və müvafiq arayışlar hazırlanmışlar.
Əvvəlki illərdə olduğu kimi 2009/2010-cu tədris ilində də ölkə prezidentinin 24 sentyabr 2009-cu il tarixli, 493 №-li «2009/2010-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında» sərəncamı olmuşdur. Həmin sərəncama uyğun olaraq 8 ali məktəb (Azərbaycan Dövlət Neft Akademiyası-9, Bakı Dövlət Universiteti-18, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası-29, Azərbaycan Tibb Universiteti-25, «Qafqaz» Universiteti-12, Azərbaycan Dövlət İqtisad Universiteti-6, Naxçıvan Dövlət Universiteti-1, Xəzər Universiteti -2) üzrə 102 nəfər tələbəyə Prezident təqaüdünün verilməsi barədə nazirliyin 12 noyabr 2009-cu il tarixli, 1269 №-li əmri olmuş və həmin əmr icra üçün ali təhsil müəssisələrinə göndərilmişdir.
Bununla yanaşı 2009-cu ilin qış və yay imtahan sessiyalarında yuxarı kurslarda təhsil alan Prezident təqaüdçülərinin müvəffəqiyyət göstəricələri barədə ali məktəblərin təklifləri alınmış və təqaüdün verilməsinin davam etdirilməsi barədə nazirliyin müvafiq əmrləri ilə rəsmiləşdirilmişdir. 
Azərbaycan ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Boloniya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyllərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalahdırılması məqsədilə ölkə Prezidentinin 22 may 2009-cu il tarixli, 295 №-li Sərəncamı ilə «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət proqramı» təsdiq edilmişdir. Onun icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin 02 iyun 2009-cu il tarixli, 103s №-li əmri ilə müvafiq fəaliyyət planı hazırlamaq üçün işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən Təhsil Nazirliyinin Fəaliyyət Planı hazırlanmış və nazirliyin 10 iyul 2009-cu il tarixli, 937 №-li əmri ilə təsdiq edilmişdir.
Fəaliyyət planında göstərilən müddəaları vaxtında, daha səmərəli həyata keçirmək və qarşıya çıxacaq problemləri aradan qaldırmaq məqsədilə nazirliyin 2 oktyabr 2009-cu il tarixli, 1103 №-li əmri ilə «Elmi-Koordinasiya Şurası» və aparılacaq islahatların istiqamətləri üzrə işçi qrupları («Ali təhsilin məzmunu, təlim texnologiyaları», «Ali təhsilin strukturu və idarə olunması», «Ali təhsildə keyfiyyətin təmin olunması», «Ali təhsildə kadr hazırlığı», «Elmi-tədqiqat işləri», «Təhsilin maddi-texniki bazası və strukturu», «Ali təhsilin iqtisadiyyatı») yaradılmışdır. Həmin əmrlə «Elmi-Koordinasiya Şurasının Əsasnaməsi» də təsdiq olunmuşdur.
Elmi-koordinasiya Şurasının işçi qruplarının «iş planı» hazırlanıb təsdiq olunmuşdur və hazırda həmin planın müddəalarının yerinə yetirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Bununla yanaşı Dövlət Proqramı və Fəaliyyət planının icra vəziyyətini öyrənmək məqsədilə Təhsil Nazirliyi 13 oktyabr 2009-cu il tarixli, 46-11-6722/17 №-li məktubla ali təhsil müəssisələrinə müraciət etmişdir. Həmin müraciətlə bağlı ali məktəblərdən alınmış məlumatların təhlili göstərir ki, qısa müddət ərzində təhsil müəssisələri tərəfindən xeyli iş görülmüşdür. Belə ki, Təhsil Nazirliyinin Fəaliyyət Planına müvafiq olaraq hər bir təhsil müəssisəsinin «İş planı» tərtib olunmuş, «Strateji İnkişaf Proqramı»nın hazırlanmasına başlanılmış, yeni standartların tələbləri gözlənilməklə kadr hazırlığı aparılan bütün ixtisaslar üzrə tədris planları təsdiq edilmiş, tədrisdə kredit sisteminin tətbiqinə başlanılmış, əksər ali məktəblərin İnternet şəbəkəsinə qoşulması, bəzi ali məktəblərdə (Məsələn, ADPU, ATU və s.) imtahan sessiyasının gedişində kompüter texnikasından istifadə olunması təmin edilmişdir.
Dövlət proqramının 2.20-ci bəndində Boloniya bəyannaməsinin əsas müddəalarının tətbiqi ilə bağlı maarifləndirmə işini gücləndirmək və müsbət təcrübənin yayılmasını təmin etmək məqsədilə dövri xəbərlər məcmuəsinin nəşrinin təşkili nəzərdə tutulur. Bu məqsədlə Təhsil Nazirliyi «Ali təhsil və cəmiyyət» Elmi-Metodiki Jurnalı Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis olunmasına və Cəmiyyətin nizamnaməsinin dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi barədə 3 mart 2009-cu il tarixli, 48-11-1383/16 №-li məktubla Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Dövlət Komitəsi Təhsil Nazirliyinə ünvanladığı 15 aprel 2009-cu il tarixli, 05-1/2923 №-li məktubla «Kütləvi informasiya vasitələri haqqında» Qanunun 14 və 17-ci maddələrinə istinad edərək müvafiq MMC-nin Təhsil Nazirliyi tərəfindən təsis olunmasına və onun Nizamnaməsinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmasına etiraz etmədiyini bildirmişdir.
Eyni zamanda Təhsil Nazirliyi «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Ədliyyə nazirinin 27 iyul 2007-ci il tarixli, 32T №-li əmri ilə təsdiq edilmiş Formaya uyğun olaraq «Ali təhsil və cəmiyyət» Elmi-Metodik Jurnalı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qeydiyyata alınması ilə bağlı cari ilin mart ayında Ədliyyə Nazirliyinə müraciət etmişdir.
Ədliyyə Nazirliyi 30 mart 2009-cu il tarixdə həmin jurnalın 01 aprel 2009-cu il tarixdən nəşrinə icazə vermişdir. Jurnal 2900-cu qeydiyyat nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilmişdir.
Bununla yanaşı jurnalın redaksiyasının fəaliyyət göstərməsi üçün Bakı şəhəri, Təbriz küçəsi, 51-də 90 m2 sahəsi olan 3 otaq ayrılması nəzərdə tutulmuşdur.
Təhsil Nazirliyinin 7 may 2009-cu il tarixli, 533 №-li əmri ilə «Ali təhsil və cəmiyyət» Elmi-Metodik Jurnalı Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunmuş, onun Nizamnaməsi və jurnalın redaksiya heyəti təsdiq edilmişdir.
Bundan sonra vergi uçotuna durmaq üçün bütün sənədlər Bakı şəhər Vergilər Departamentinin 2 №-li filialına təqdim olunmuşdur. Filialda sənədlər nəzərdən keçirilmiş, qeydiyyata alınması üçün qəbul edilməmişdir. İzah olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 №-li Fərmanı ilə təsdiq olunmuş «Azərbaycanda dövlət əmlakının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı»nın 7.7 və 7.9.2-ci maddələrinə əsasən dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin yaradılması Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməlidir.
Qeyd edilənlərlə bağlı jurnalın nəşrinə başlanılması məsələsi bu günə kimi ləngiyir.
Dövlət Proqramının 2.37-ci bəndinə uyğun olaraq işçi qrupu tərəfindən «Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin dərs yükü və digər iş növləri üzrə vaxt normalarının layihəsi hazırlanmış və hökumətə təqdim edilmişdir. Layihədə professor-müəllim heyətinin işinin (tədris, tədris-metodik, elmi-tədqiqat və elmi-metodik) həcmi, auditoriya tədris yükünün miqdarı, fərdi iş planının strukturu, tədris işinin növlərinə görə vaxt normaları, akademik patoklarda və qruplarda auditoriya dərslərinin planlaşdırılması, professor-müəllim heyəti arasında dərs yükünün bölgüsü və s. məsələlər öz əksini tapmışdır.
İslahat Proqramına uyğun olaraq Boloniya prosesi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafı prosesində ali məktəblər haqqında etibarlı informasiyanın alınmasını təmin etmək məqsədilə şöbə tərəfindən Respublika təhsil müəssisələrinin rentinqini müəyyənləşdirən metodika işlənib hazırlanmış, buna uyğun kompüter proqramı tutulmuş və ilkin məlumatlar əsasında sınaqdan keçirilmişdir. Metodikada nəzərə alınan indikatorlar təhsil müəssisəsini hərtərəfli ifadə edəcək şəkildə seçilmiş, meyarların vaciblik dərəcəsinə uyğun çəki əmsalları ilə təmin edilmiş və beləliklə də optimal nəticələrin əldə edilməsi təmin olunmuşdur.
Həmin metodika üzrə təhsil müəssisələrinin reytinqini müəyyən etmək məqsədilə «Respublika ictimaiyyətinin ali təhsil müəssisələrinə münasibəti barədə sorğu anketi» tərtib olunmuş və sorğu aparmaq üçün nazirliyin 22 oktyabr 2009-cu il tarixli, 46-11-6957/16 nömrəli məktubu ilə respublikanın bütün təhsil idarə və şöbələrinə göndərilmişdir.
Eyni zamanda təhsil müəssisələrinin reytinqini müəyyən edən indikatorlar içərisində məzunları işəgötürənlərin onlara verdikləri qiymətin də böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq «İşəgötürənin anketi» hazırlanmış və bütün komitə və nazirliklərə göndərilmişdir.
 
II. Orta ixtisas təhsili üzrə.
 
 Əsas statistik göstəricilər.
2009-cu hesabat ilində Azərbaycanda 61 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərmişdir. Onlardan 58-i dövlət, 3-ü qeyri-dövlət orta ixtisas təhsili müəssisəsidir. Təhsil Nazirliyinin tabeliyində 45 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir.
Hesabat dövründə orta ixtisas təhsillilər ölkənin əmək qabiliyyətli əhalisinin 12.9 %-ni təşkil etmişdir.
2009-cu ildə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin 12795 plan yerinə 12335 nəfər tələbə qəbul olunmuşdur.
Hesabat dövründə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində 43535 nəfər tələbə 117 ixtisas üzrə təhsil almışdır.
2009-cu ildə orta ixtisas təhsili müəssisələrinin müəllim heyəti 5410 nəfər təşkil etmişdir.
2008/2009-cu tədris ilində orta ixtisas təhsili müəssisələrini 13253 nəfər məzun bitirmişdir.
 
Görülmüş işlər.
İş planına müvafiq olaraq təhsil müəssisələrindən, müvafiq nazirlik, komitə və təşkilatlardan alınmış təkliflər əsasında «Orta ixtisas təhsili üzrə ixtisasların (proqramların) siyahısı»nın yeni layihəsi hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə göndərilmişdir.
Əvvəlki illərdə olduğu kimi 2009-cu ildə də orta ixtisas təhsili müəssisələrinə həm əsas, həm də orta təhsil bazasından tələbə qəbulu planı hazırlanmışdır. Plan tərtib edilərkən orta ixtisas təhsili müəssisələrinin təklifləri, hər bir ixtisas üzrə nazirlik və təşkilatlardan alınmış tələbat haqqında məlumat, ötən ildəki tələbə qəbulunun nəticələri nəzərə alınmışdır. Orta ixtisas təhsili üzrə hazırlanmış qəbul planının layihəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
2009-cu ildə orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili və gedişi şöbənin diqqət mərkəzində saxlanılmışdır. Belə ki, bütün təhsil müəssisələrində qərargahlar yaradılmış və həmin qərargahlar Təhsil Nazirliyinin «Mərkəzi operativ qərargah»i ilə əlaqəli fəaliyyət göstərmişdir. Bəzi orta ixtisas təhsili müəssisələrində - (Bakı Kompüter Kolleci və Sumqayıt Dövlət Texniki Kollecində) yay semestr imtahanlarının mərkəzləşdirilmiş qaydada, test üsulu ilə keçirilməsi təşkil edilmişdir.
Hesabat ilində orta ixtisas təhsili müəssisələrində buraxılış yekun Dövlət Attestasiya Komissiyaları sədrlərinin seçilib təyin olunması işi davam etdirilmşdir.
2009-cu ildə orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyası işi təsdiq olunmuş qrafik üzrə davam etdirilmişdir. Belə ki, «Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyasının keçirilməsinə dair tələblər və meyarlar»a uyğun olaraq 2009-cu il üçün orta ixtisas təhsili müəssisələrinin akkreditasiya qrafiki təsdiq edilmiş, attestasiya olunacaq tədris müəssisələrinə xəbərdarlıq məktubu göndərilmiş, həmin orta ixtisas təhsili məktəbləri tələbələrinin bilik səviyyəsini yoxlamaq üçün test tapşırıqları hazırlanmışdır. Hər bir orta ixtisas təhsili müəssisəsi üçün yaradılmış komissiya tərəfindən təhsil müəssisələrinin attestasiyası keçirilmiş, müvafiq arayışlar və rəylər hazırlanmışdır. 2009-cu ildə Mingəçevir və Gəncə Tibb məktəbləri, Lənkəran Dövlət Humanitar Kolleci, Ağcabədi Pedaqoji Texnikumu akreditə olunmuşdur.
Bununla yanaşı Azərbaycan Dövlət Dəniz-Balıq Sənayesi Texnikumunun attestasiyası başa çatdırılmışdır.
«Orta ixtisas təhsili müəssisələri tələbələrinin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti əsasnamə»yə uyğun olaraq 2008-ci ildən eksperiment şəklində tətbiqinə başlanılmış bu qiymətləndirmə sistemi 2009-cu ildə əksər orta ixtisas təhsili müəssisələrini əhatə etmişdir. Bununla əlaqədar olaraq şöbənin əməkdaşları orta ixtisas təhsili müəssisələrində olmuş, bu sistemin tətbiqi vəziyyətini öyrənmiş, müəllim və tələbələrə lazımi metodiki köməklik göstərmişlər.  
Eyni zamanda 2009-2012-cü illər üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinin istahatları üzrə dövlət proqramının layihəsi hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə göndərilmişdır. Bununla yanaşı «Azərbaycanda ali və orta ixtisas musiqi təhsilinin İnkişaf proqramının (2008-2012-ci illər)» layihəsi hazırlanaraq təsdiq üçün hökumətə təqdim edilmişdir.
2009-cu ildə təhsil sahəsində ən əlamətdar hadisələrdən biri «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı olmuşdur. Həmin Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 17 sentyabr 2009-cu il tarixli, 247s №-li sərəncam vermişdir. Bu sərəncamdan irəli gələn vəzifələr 23 sentyabr 2009-cu il tarixdə Təhsil Nazirliyində geniş müzkirə olunmuş, nazirliyin müvafiq qurumlarına lazımi tapşırıqlar verilmişdir. Nəticə olaraq «Təhsil Nazirliyinin Tədbirlər Planı» hazırlanmış və nazirliyin 25 sentyabr 2009-cu il tarixli, 1084 №-li əmri ilə təsdiq edilmişdir. Həmin «Tədbirlər planı»na uyğun olaraq aşağıdakı sənədlərin layihələri hazırlanmış, ali və orta ixtisas təhsili müəssisələri ilə birgə müzakirə olundundan sonra təsdiq üçün hökumətə təqdim edilmişdir:
  • Ali təhsil pilləsinin dövlət standartı və proqramı;
  • Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi;
  • Orta ixtisas təhsili müəssisəsinin nümunəvi nizamnaməsi;
  • Orta ixtisas təhsilinin dövlət standartı və proqramı;
  • Ali və orta ixtisas təhsili pilləsində formal təhsilin təşkili qaydaları;
  • Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları;
  • Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları;
  • Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin dərs yükü və digər iş növləri üzrə vaxt normaları;
  • Orta ixtisas təhsili müəssisələrinin müəllim heyətinin dərs yükü və digər iş növləri üzrə vaxt normaları;
  • Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların-subbakalavrların topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması qaydası;
  • Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunəsi və onların verilməsi qaydası;
  • Orta ixtisas təhsili haqqında diplomun nümunəsi və onun verilməsi qaydaları;
  • Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası;
  • Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası.
  •  
Bununla yanaşı «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq Səhiyyə və Müdafiə Nazirlikləri tərəfindən hazırlanmış aşağıdakı «Qayda»ların layihələrinə rəy verilmişdir:
  • Təhsil müəssisələrində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası;
  • Təhsil müəssisələrində iaşə və tibbi xidmətin təşkili qaydası və normaları;
  • Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və onların siyahısı barədə təkliflər;
  • Tibb profilli ali məktəblərdə rezidentura təhsilinin məzmunu və təşkili qaydaları.
Eyni zamada Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında» 12 sentyabr 2008-ci il tarixli, 310 №-li qərarının icrası ilə bağlı «Ali təhsil müəssisələrində kafedra müdiri və dekan vəzifələrinin tutulması haqqında Əsasnamə» hazırlanmış və təsdiq üçün hökumətə təqdim edilmişdir.
«Ali təhsil müəssisələrində professor-müəllim heyətinin seçilməsi barədə Əsasnamə»nin layihəsi üzərində iş davam etdirilir.
Şöbənin iş planına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında (2007-2011-ci illərdə) ali və orta ixtisas təhsili sahəsində 2009-cu il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə şöbəyə 1413 ərizə və məktub daxil olmuş, onların hamısına müvafiq cavablar verilmişdir. Eyni zamanda şöbə əməkdaşları tərəfindən vətəndaşların qəbuluna diqqətlə yanaşılmış, nəzarətdə olan məktubların vaxtında icrası təmin olunmuşdur.
           
III. Mövcud problemlər və onların aradan qaldırılması üzrə təkliflər.
  • Ali təhsilin mövcud hüquqi-normativ bazası «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa Boloniya Bəyannaməsinin müddəalarına və beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır;
  • «Ali təhsilin bakalvar pilləsində ixtisasların (proqramların) siyahısı»na uyğun hazırlanmış «Magistr proqramlarının siyahısı» təsdiq olunmalıdır;
  • Magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu təsdiq edilməli və buna müvafiq olaraq ixtisaslaşmalar üzrə yeni nəsl Dövlət təhsil standartları hazırlanmalıdır.
  • Ali məktəblərdə təlim prosesinin tədris-metodiki təminatı təkmilləşdirilməlidir.
  • «2008-2015-ci illər üçün Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyasının həyata keçirilməsi üzrə tədbirlər planı»nda nəzərdə tutulan məsələlərin ardıcıllıqla həyata keçirilməsi təmin olunmalıdır;
  • «Təhsilin əsasları» fənninin dərsliyinin hazırlanması və nəşr olunması başa çatdırılmalıdır;
  • Ali təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili ilə bağlı aparılan eksperiment davam etdirilməlidir;
  • Ali məktəblərdə kredit sisteminin tətbiqi ilə bağlı tədbirlərin (simpozium, konfrans, seminar, treninqlər və s.) həyata keçirilməsi təmin olunmalıdır;
  • Orta ixtisas təhsili üzrə ixtisasların (proqramların) siyahısının təsdiqinə nail olunmalıdır;
  • Orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi ilə bağlı aparılan eksperimentin əhatə dairəsi genişləndirilməlidir;
  • Orta ixtisas təhsili müəssisələrində semestr imtahanlarının mərkəzləşdirilmiş qaydada, test üsulu ilə keçirilməsinin əhatə dairəsi genişləndirilməlidir;
  • Orta ixtisas təhsilli mütəxəssislərə real tələbat proqnozu hazırlanmalıdır;
  • Təhsildə fasiləsizliyi təmin etmək üçün orta ixtisas təhsilinin digər təhsil pillələri və səviyyələri ilə qarşılıqlı fəaliyyəti təşkil olunmalıdır;
  • İstehsalatın müvafiq sahələlərində kifayət qədər təcrübəsi olan, mütəxəssislərin orta ixtisas məktəblərinə cəlb edilməsi təmin olunmalıdır;
  • Təhsil müəssisələrinin pedaqoji kadrlarının elmi inkişafının stimullaşdırılması təmin edilməlidir;
  • Yeni maliyyələşmə mexanizminə keçilməsi təmin olunmalıdır;
  • Orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının yeniləşdirilməsi istiqamətində iş gücləndirilməlidir;
  • Müəssisə və təşkilatların müasir istehsal bazasından orta ixtisas məktəbləri tələbələrinin praktik hazırlığı üçün istifadə edilməsi təmin olunmalıdır.       
  •  
Şöbənin perspektiv fəaliyyət istiqamətləri yuxarıda qeyd olunanlara uyğun olaraq 2009-cu il üçün təqdim olunmuş iş planının layihəsində öz əksini tapmışdır.


Çap et   Geri   Yuxarı