10 Sentyabr 2010

Ümumi məlumat


Azərbaycanda xalq maarifi və təhsili üzrə ilk nazirlik 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin qərarı ilə "Xalq Maarifi Nazirliyi" adı altında yaradılıb, Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Nazirlər Şurasının 28 aprel 1920-ci il tarixli 1 №-li dekreti ilə "Xalq Maarif Komissarlığı" adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri onun tabeliyinə verilib.
1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və orta İxtisas Təhsili Komitəsi (1964-cü ildən müstəqil nazirliyə çevrilib) yaradılıb, respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri onun tabeliyinə verilib. Bu nazirlik 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək təhsillə bağlı Azərbaycanda 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsil Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1993-cü il tarixli Sərəncamı ilə adı dəyişdirilərək "Təhsil Nazirliyi" adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq olunub.
Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanı ilə Misir Mərdanov Azərbaycan Respublikasının Təhsil Naziri təyin olunub.

  • salam