22 Noyabr 2014

Sənədlər

Məktəbəqədər təhsilin dövlət standartı və proqramı

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 16 iyul
tarixli 137 nömrəli qərarı ilə
təsdiq edilmişdir
 
1. Ümumi müddəalar
 
1.1. Məktəbəqədər təhsilin dövlət standartı və proqramı (bundan sonra -  dövlət standartı) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə uyğun hazırlanmışdır və tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrinə şamil olunur və bu tipli təhsil müəssisələrində məktəbəqədər təhsilin vəzifələrinin yerinə yetirilməsinə, tədris-metodiki rəhbərliyin tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin edir.
 Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi dövlət standartı və proqramı müəyyən edilir.
1.2. Dövlət standartı uşaqların, cəmiyyətin tələbatına uyğun hazırlanan, ölkədə məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən və 5 il müddətinə qüvvədə olan ümumi normalar məcmusudur.
1.3. Dövlət standartı aşağıdakıları müəyyən edir:
- məktəbəqədər təhsilin məzmununu;
- məktəbəqədər təhsilin idarəolunmasını;
- məktəbəqədər təhsilin maddi-texniki və tədris bazasını, infrastrukturunu;
- təhsilverənlərin keyfiyyət göstəricilərini;
- təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.
1.4. Beş yaşlı uşaqların məktəbə hazırlığı zəruridir.
1.5. Məktəbəqədər təhsil dövlət proqramı (kurikulumu) əsasında həyata keçirilir.
 
2. Məktəbəqədər təhsilin məzmunu
 
2.1. Məktəbəqədər təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır:
məzmunun nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirilməsi;
uşaqların meyil və maraqları, potensial imkanları, təhlükəsizliyi, yaşı nəzərə alınmaqla, öyrədici mühit yaradılması, onlarda əqli, fiziki, sosial-emosional və nitq qabilyyətlərinin inkişaf etdirilməsi;
uşaqların fərdi, psixofizioloji və yaş xüsusiyyətlərinin nəzərə alınması;
uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların sağlam həyat tərzi keçirməsinin təmin edilməsi;
uşaqların şəxsiyyətinin harmonik inkişafının, onların maraqlarının, milli və ümumbəşəri dəyərlər əsasında qabiliyyətlərinin inkişafının təmin edilməsi;
uşaqlarda, onlara ictimai-sosial və təbii mühitdə yaşamağa və məhsuldar fəaliyyət göstərməyə imkan verən sosial-mənəvi keyfiyyətlərin formalaşdırılması;
sağlamlıq imkanları məhdud olan uşaqlarla müvafiq korreksiya işinin təşkil edilməsi;
kommunikativ, əqli, oyun və digər fəaliyyətlərin stimullaşdırılması.
2.2. Məktəbəqədər təhsil müəssisələrində tədris ili sentyabr ayının 15-də başlanır. Bu təhsil müəssisələri ilboyu fəaliyyət göstərir, lakin yay aylarında məşğələlərin sayı azalır. İldə iki dəfə - yanvar ayının əvvəlində və mart ayının axırında 1 həftəlik tətil olur. Bu dövrdə məşğələlər keçirilmir, əsasən əyləncəli tədbirlər, ekskursiyalar təşkil edilir.
2.3. Məktəbəqədər təhsil müəssisəsində tədris dili dövlət dili – Azərbaycan dilidir. Valideynlərin arzusu və istəyi ilə tədris məktəbəqədər təhsilin dövlət standartı əsasında digər dillərdə də aparıla bilər.
2.4. Məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:
- 1 yaşdan 2 yaşadək   15 uşaq
- 2 yaşdan 3 yaşadək   15 uşaq
- 3 yaşdan 4 yaşadək   20 uşaq
- 4 yaşdan 5 yaşadək   20 uşaq
- 5 yaşdan 6 yaşadək   20 uşaq
Müxtəlif yaşlı uşaqlar üçün qruplarda:
- 1-3 yaşlı                    10 uşaq
- 3-6 yaşlı                    15 uşaq
Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər.
2.5. Məktəbəqədər təhsil müəssisəsində keçirilən məşğələlərin həftəlik sayı və müddəti aşağıdakı kimi müəyyənləşdirilir:
 
Körpələr qrupu (1-2 yaş) üzrə həftəlik məşğələlərin sayı:

Ətraf aləmə bələdləşmənin genişləndirilməsi və nitq inkişafı 1
Bədii ədəbiyyatla tanışlıq və nitq inkişafı 1
Sensor tərbiyə (didaktik materiallarla, oyuncaqlarla, tikinti materialları ilə hərəkət) 2
Hərəkətlərin inkişafı 2
Musiqi 2
Cəmi 8
 
 
Qeydlər: 1. 1 yaşdan 1 yaş 6 aya qədər uşaqlarla məşğələ ikinci oyaqlıq dövründə keçirilir. Məşğələnin müddəti 8-10 dəqiqə olur. Məşğələ yarımqruplarla (5-6 uşaqla) təşkil olunur.
2. 1 yaş 6 aydan 2 yaşadək uşaqlarla yarımqruplarda keçirilən məşğələnin müddəti 10-12 dəqiqə olur. Məşğələlər səhər və axşam oyaqlıq dövründə keçirilir.
Körpələr qrupu (2-3 yaş) üzrə həftəlik məşğələlərin sayı:
 
Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə maraq tərbiyəsi) 1
Bədii ədəbiyyatla tanışlıq və nitq inkişafı 1
Sensor tərbiyə (didaktik materiallarla, tikinti materialları ilə iş, rəngə, formaya, ölçüyə, məkana bələdləşməyə aid didaktik oyunlar) 2
Rəsm, gil işi (həftəaşırı) 1
Fiziki mədəniyyət 2
Musiqi 2
Cəmi 9
 
Qeyd. Məşğələlər günün birinci yarısında keçirilir. Məşğələnin müddəti 10-15 dəqiqə olur.
 
Orta qrup (3-4yaş) üzrə həftəlik məşğələlərin sayı:
 
Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələri ilə tanışlıq) 2
Bədii ədəbiyyat üzrə iş və nitq inkişafı 1
Sadə riyazi təsəvvürlərin inkişafı 1
Rəsm, kəsib-yapışdırma (həftəaşırı) 1
Quraşdırma, gil işi (həftəaşırı) 1
Fiziki mədəniyyət 2
Musiqi 2
Cəmi 10
 
Qeydlər:  1. Məşğələnin müddəti 15-20 dəqiqə, məşğələlər arasında fasilə 10 dəqiqə olur.
2. Zehni gərginlik tələb edən məşğələlərdə, lazım gələrsə, hər 5-8 dəqiqədən sonra idman dəqiqəsi keçirilir.
 
Böyük qrup (4-5 yaş) üzrə həftəlik məşğələlərin sayı:
 
Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələri ilə tanışlıq) 1
Ana dili və bədii ədəbiyyat üzrə iş 2
Sadə riyazi təsəvvürlərin inkişafı 1
Rəsm, kəsib-yapışdırma (həftəaşırı) 1
Quraşdırma, gil işi (həftəaşırı) 1
Fiziki mədəniyyət 2
Musiqi 2
Cəmi 10
 
Qeydlər: 1. Məşğələnin müddəti 20-25 dəqiqə, məşğələlər arasında fasilə 10 dəqiqə olur.
2. Zehni gərginlik tələb edən məşğələlərdə, lazım gələrsə, hər 10-11 dəqiqədən sonra idman dəqiqəsi keçirilir.
 
Məktəbəhazırlıq qrupu (5-6 yaş) üzrə həftəlik məşğələlərin sayı:
 
Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi) 1
Ana dili və bədii ədəbiyyat üzrə iş 1
Savad təliminə hazırlıq və nitq inkişafı 1
Azərbaycan (rus) dili 2
Sadə riyazi təsəvvürlərin inkişafı 1
Rəsm, kəsib-yapışdırma (həftəaşırı) 1
Quraşdırma, gil işi ( həftəaşırı) 1
Fiziki mədəniyyət 2
Musiqi 2
Cəmi 12
 
Qeydlər:  1. Məşğələnin müddəti 25-30 dəqiqə, məşğələlər arasında fasilə 10 dəqiqə olur.
2. Zehni gərginlik tələb edən məşğələlərdə, lazım gələrsə, hər 10-11 dəqiqədən sonra idman dəqiqəsi keçirilir.
2.6. Məktəbəqədər təhsil üzrə ümumi təlim nəticələri 5 sahə üzrə müəyyənləşdirilir:
-fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik;
-sosial-emosional inkişaf;
-nitq, savad təlimi və ünsiyyət;
-mədəni-estetik və yaradıcı inkişaf;
-qavrama və ümumi bilik.
2.6.1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik
Fiziki inkişaf:
- uşaqda kiçik motorika (şəkil çəkir, gil ilə işləməyi və kəsib-yapışdırmağı bacarır)  inkişaf edir;
- uşaqda böyük motorika (müxtəlif üsullarla müxtəlif istiqamətlərdə qaçmağı bacarır) inkişaf edir;
- uşaq müxtəlif məsafələrdə və istiqamətlərdə yerləşən əşyaları görür və fərqləndirir;
- uşaq müxtəlif tonda olan səslərə uyğun reaksiya verir və onları fərqləndirir.
Sağlamlıq:
- uşaq gigiyena qaydalarına əməl edir;
- uşaq özünə qulluq edə bilir;
- uşaq fiziki tapşırıqları yerinə yetirməyə maraq göstərir;
Təhlükəsizlik:
- uşaq üçün təhlükəsiz mühit yaradılır;
- uşaq ekstremal vəziyyətlərdə necə hərəkət edəcəyini bilir;
- uşaqda lazım olan anda kömək almaq məqsədi ilə böyüklərə müraciət etmək qabiliyyəti və müvafiq davranış vərdişləri formalaşır;
- uşaq öz sağlamlığının qorunması məqsədilə elementar davranış qaydalarına (pilləkəni addamadan ardıcıllıqla düşməyi, kəsici əşyaları əlinə almamağı) yiyələnir;
- uşaq küçədə tanış olmayan adamlarla və evdə tək olarkən özünü necə aparmaq qaydalarına yiyələnir.
2.6.2. Sosial-emosional inkişaf
Sosial inkişaf:
- uşaq ailədaxili qaydaları anlayır və onlara riayət edir;
- uşaq başqaları ilə əlaqə qurur, əməkdaşlıq edir, onlara inam və hörmətlə
yanaşır;
- uşaq digərlərinə qayğıkeşlik göstərir;
- uşaq sosial qaydalara və normalara əməl edir;
- uşaq başqalarının istək və tələbatını nəzərə alır;
- uşaq ətrafdakılara lazım olduğu halda yardım edir.
Emosional inkişaf:
- uşaq hissləri başa düşür və adekvat ifadə edir;
- uşaq özünü müsbət və adekvat qiymətləndirir;
- uşaq özünə inamlıdır;
- uşaq öz hisslərinə nəzarət edir;
- uşaq məmnuniyyətlə başa düşülən musiqiyə qulaq asır və emosional reaksiya verir;
- uşaq nağıl qəhrəmanlarına görə şəfqət və həyəcan hissləri keçirir.
2.6.3.  Nitq, savad təlimi və ünsiyyət
Nitq:
- uşaqda dinləmə və başadüşmə vərdişləri inkişaf edir;
- uşaq sözləri düzgün tələffüzetmə və danışma bacarığına yiyələnir;
- uşağın söz ehtiyatı zənginləşir;
- uşaq öz fikirlərini ardıcıl, sərbəst, rabitəli şəkildə ifadə etməyi bacarır;
- uşaq danışılanı anlayır.
Savad təlimi:
- kəsmə əlifba vasitəsilə lövhədə qısa sözlər düzə bilir;
- sözləri hecalara ayırır;
- cümlələri sözlərə ayırır;
- sözdə səslərin sayını və ardıcıllığını müəyyənləşdirir;
- öz fikrini başqalarına rabitəli şəkildə çatdıra bilir;
- şəkil üzrə müstəqil hekayə qurmağı bacarır;
- sözləri səs tərkibinə görə təhlil edir;
- çap hərfləri ilə sadə sözləri yazmağı bacarır.
Ünsiyyət:
- uşaq yaşıdları ilə və böyüklərlə ünsiyyət qurmağı bacarır;
- ünsiyyət zamanı uşağın nitqi zənginləşir;
- uşaq özünün hiss, həyacan və fikirlərini başqalarına çatdırır.
2.6.4. Mədəni-estetik və yaradıcı inkişaf
Mədəni-estetik inkişaf:
- uşaq özünün və digər xalqların mədəniyyətinə, ənənələrinə bələd olur və hörmətlə yanaşır;
- uşaq ətrafdakılarla nəzakətlə davranır;
- uşaq yaradıcı sənətdən zövq alır;
- uşaq onu əhatə edən ətraf aləmdəki gözəllikləri görüb zövq almağı, qiymətləndirməyi bacarır;
- uşaq müəyyən etiket qaydalarını öyrənir və onlara riayət edir.
Yaradıcı inkişaf:
- uşaq yaradıcı fəaliyyət göstərir;
- uşaq öz fikirlərini müstəqil həyata keçirə bilir;
- uşaq sadə kompozisiyalar qura bilir;
- uşaq improvizə etməyi bacarır.
2.6.5. Qavrama və ümumi bilik:
Qavrama:
- uşaq analiz və sintez etmək, ümumiləşdirmə aparmaq bacarığına yiyələnir;
- uşaq rəqəmləri tanıyır və saymağı bacarır;
- uşaq canlıların və təbiətin xüsusiyyətlərini anlayır və təsvir edir;
- uşaq fikirlərə, baş verən hadisələrə tənqidi yanaşmaq və tədqiqat aparmaq bacarığını nümayiş etdirir;
- uşaq problemlərin həlli yollarını axtarıb tapır;
- uşaq müşahidə etdiyi hadisələrə əsasən fərziyyələr irəli sürür;
- uşaq ətraf aləmin mühafizəsinə maraq göstərir. 
Ümumi bilik:
- uşaq zamanı dərk edir və zamana bələdləşmə bacarığına yiyələnir;
- uşaq rastlaşdığı əşya və hadisələrə maraq göstərir, onların mahiyyətini anlamağa çalışır;
- uşaq baş verən hadisələr, əşyalar üzərində diqqətini cəmləşdirir və iradi olaraq onu maraqlandıran cəhəti tədqiq edir;
-uşaq təşəbbüs göstərir və müstəqil qərar qəbul edir;
-uşaqda sadə riyazi təsəvvürlər (say, miqdar, həcm, forma, məkan və zaman anlayışları) inkişaf edir;
-uşaq təbiət hadisələrini dərk edir.
 
3. Məktəbəqədər təhsilin idarə olunması
 
3.1. Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.
3.2. Məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş məktəbəqədər təhsil müəssisəsinin rəhbəri (müdiri) həyata keçirir. Məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı pedaqoji şuradır. Pedaqoji şuranın yaradılması və fəaliyyəti müvafiq Əsasnaməyə və məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir.
3.3. Özəl məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl məktəbəqədər təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.
3.4. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, pedaqoji, valideynlər, qəyyumlar şuraları və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və səlahiyyətləri məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
3.5. Məktəbəqədər təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir.  
             
4. Məktəbəqədər təhsilin maddi-texniki və tədris bazası, infrastrukturu
 
4.1. Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasına qrup və yataq otaqları, musiqi və idman zalları, metodiki kabinet, tibb otağı, izolyator, mətbəx, mətbəx avadanlıqları, ərzaq anbarı, yumşaq inventarların saxlanılması üçün anbar, camaşırxana, həyətyanı sahə, idman qurğuları, tibbi korreksiya və reabilitasiya kabinetləri (xüsusi təhsil müəssisələri üçün), uşaq mebeli daxildir.
4.2. Məktəbəqədər təhsilin tədris bazasına metodik vəsaitlər, masaüstü oyunlar, didaktik, nümayişetdirici və paylayıcı materiallar, təlimin texniki vasitələri və uşaq bədii ədəbiyyatı daxildir.
4.3. Məktəbəqədər təhsilin infrastrukturu:
4.3.1. Məktəbəqədər təhsil müəssisələrinin aşağıdakı növləri müəyyən edilir:
- körpələr evi;
- körpələr evi-uşaq bağçaları;
- uşaq bağçaları;
- xüsusi uşaq bağçaları.
4.4. Azərbaycan Respublikasında mülkiyyət formasına görə dövlət və xüsusi razılığı (lisenziya) olan özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir.
 
5. Təhsilverənlərin keyfiyyət göstəriciləri
 
5.1. Məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərə aşağıdakılar daxildir:
- tərbiyəçi;
- musiqi rəhbəri;
-müəllim-loqoped, müəllim-surdoloq, müəllim-defektoloq (sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrində və ya qruplarda işləyənlər).
5.2. Tərbiyəçilər ali və ya orta-ixtisas təhsilli olmalıdır. Tərbiyəçinin keyfiyyət göctəricilərinə aşağıdakılar daxildir:
- yeni interaktiv təlim metodlarından, informasiya və kommunikasiya texnologiyalarından istifadə etmək bacarığı;
- uşağın yaş psixologiyasını yaxşı bilməsi;
- uşağın meyil, maraq və qabiliyyətlərini aşkara çıxarıb inkişaf etdirmək
bacarığı;
- uşağın yaş səviyyəsini, potensial imkanlarını nəzərə almaqla təlim metodlarını düzgün seçmək bacarığı;
- uşaqlarla münasibətdə səmimilik, qayğıkeşlik, pedaqoji mədəniyyət taktlarına malik olması;
- tədris mühitini və işgüzar şəraiti yaratmaq bacarığı.
5.3. Musiqi rəhbəri ali və ya orta-ixtisas təhsilli olmalıdır.
Musiqi rəhbərinin keyfiyyət göstəricilərinə daxildir:
- uşaqda musiqi mədəniyyətinin əsaslarını formalaşdırmaq bacarığı;
- musiqi vasitəsi ilə uşaqda estetik zövqün formalaşmasına nail olmaq
bacarığı;
- uşağın fərdi və yaş xüsusiyyətlərini, yaradıcılıq qabiliyyətini nəzərə   almaqla, musiqi fəaliyyətinin istiqamətlərini düzgün müəyyənləşdirmək bacarığı;
- uşaqda musiqi duyumunu inkişaf etdirmək qabiliyyəti;
- uşaqda ifa olunan musiqiyə məhəbbət hissini aşılamaq bacarığı;
- uşaqda emosional həssaslıq, zövq və musiqi ifaçılığı, yaradıcılıq
fəaliyyətinin inkişaf etdirilməsi bacarığı;
- uşaqda musiqi vasitəsilə ətrafdakı mühitə sevgi hisslərini inkişaf etdirmək bacarığı;
- musiqi alətində professional ifa etmək bacarğı.          
5.4. Müəllim-loqoped, müəllim-surdoloq, müəllim-defektoloq müvafiq ali və ya müvafiq orta-ixtisas təhsilli olmalıdırlar. Onların keyfiyyət göstəricilərinə daxildir:
- sağlamlıq imkanları məhdud olan uşağın, əlil uşağın tərbiyəsini, təlimini, inkişafını, qulluq və sağlamlaşmasını, eləcə də onların fiziki və psixi inkişafında olan çatışmazlıqların korreksiyasını təmin etməlidirlər;
- uşağın inkişafındakı geriliklərin aradan qaldırılması üzrə hər bir uşağın fərdi imkanlarını nəzərə almaqla, onların cəmiyyətə uğurlu inteqrasiyasını və erkən sosiallaşdırılmasını həyata keçirməlidirlər.
5.5. Təhsilverənlər öz elmi səviyyələrini, bilik və bacarıqlarını artırmalı, 5 ildən bir ixtisasartırma kurslarında iştirak etməlidirlər.
 
6. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
 
6.1. Məktəbəqədər təhsil sistemində uşaqların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin qitmətləndirilməsi 3 komponent üzrə həyata keçirilir:
- diaqnostik (ilkin);
- formativ (cari);
- summativ (yekun).
6.2. Diaqnostik qiymətləndirmə uşağın ilkin inkişaf səviyyəsinin təyin edilməsi üçün sentyabr-oktyabr aylarında həyata keçirilir.
6.3. Cari qiymətləndirmə müntəzəm aparılır, hər bir uşağın nailiyyətləri barədə məlumatın toplanmasına imkan yaradır.
6.4. Summativ qiymətləndirmə ilin sonunda aparılır. Bu zaman uşağın ilboyu proqramın bölmələri üzrə qazandığı nailiyyətlər ümumiləşdirilir və qiymətləndirilir.
6.5. Uşaqların fəaliyyətinin qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
- uşağın sağlamlığı;
- uşağın əqli fəaliyyətinin səviyyəsi;
- uşağın müstəqilliyi;
- uşağın təhliletmə, ümumiləşdirmə bacarıq və vərdişlərinin səviyyəsi;
- uşağın şifahi nitqinin inkişafı,
- uşağın kollektiv və qrup tərkibində çalışmaq vərdişlərinin səviyyəsi;
- təlim vəsaitləri ilə işləmək bacarığı.
6.6. Məktəbəqədər yaşlı uşaq aşağıdakı bilik, bacarıq və vərdişlərə yiyələnir:
- ana dilində sərbəst danışır;
- hadisə və obyektləri dəyərləndirməyi bacarır;
- insanlarla ünsiyyət qurmağı, tərəfdaşlıq və əməkdaşlıq etməyi bacarır;
- yeni məlumatları dərketmə qabiliyyətinə malik olur;
- sosiallaşmış, yaşına müvafiq əqli və fiziki cəhətdən inkişaf etmiş olur;
- dünyagörüşü formalaşır;
- öz nailiyyətlərini başqaları ilə bölüşür;
- tərbiyəçinin köməyindən istifadə etməklə yanaşı, həm də müstəqillik göstərir;
- verilən tapşırığı fərdi və qrup şəklində yerinə yetirməyi bacarır;
- sərbəst fikir söyləyir;
- başqasının fikirlərinə münasibət bildirir.
- məktəb təliminə hazırlıqlı olur.
 
7. Məktəbəqədər təhsil proqramlarına qoyulan ümumi tələblər
 
7.1. Məktəbəqədər təhsil proqramları aşağıda qeyd olunan məsələlərə istiqamətləndirilməlidir:
- məktəbəqədər yaşlı uşaqlarda əqli fəallığın əsası olan öyrənmək həvəsinin inkişafına;
- uşağın qabiliyyətlərinin inkişafına; 
- uşağın yaradıcı təxəyyülünün formalaşmasına;
- uşağın kommunikativliyinin inkişafına.
7.2. Məktəbəqədər təhsil proqramları aşağıdakıları təmin etməlidir:
- uşaqların fiziki və psixi sağlamlığının qorunmasını və möhkəmləndiril-məsini;
- uşaqların fiziki inkişafını;
- uşaqların emosional rifahını;
- uşaqların intellektual inkişafını;
- uşaqların şəxsiyyətinin, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün şəraitin yaradılmasını;
- uşaqların ümumbəşəri dəyərlərə yiyələnməsini;
- uşaqların mükəmməl inkişafının təmin olunması üçün ailə ilə əməkdaşlığı.
7.3. Məktəbəqədər təhsil proqramları uşaq həyatının təşkilini üç formada nəzərdə tutmalıdır:
- xüsusi təşkil olunmuş tədris forması – məşğələlər;
- reqlamentləşdirilməmiş fəaliyyət növləri;
- məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün nəzərdə tutulmuş asudə vaxt.
7.4. Məktəbəqədər təhsil proqramları məktəbəqədər yaşlı uşaqlar üçün spesifik fəaliyyət növləri (oyun, quraşdırma, təsviri sənət, musiqi, səhnələşdirilmiş fəaliyyətlər və s.) nəzərə alınmaqla hazırlanır.
7.5. Məktəbəqədər təhsil proqramları uşaqlarla işdə fərdi və diferensiallaşdırılmış yanaşmanı nəzərdə tutmalıdır.
7.6. Məktəbəqədər təhsil proqramı məktəbəqədər təhsilin məzmununu müəyyənləşdirməklə, əsas və əlavə təhsil proqramlarına bölünür.
7.7. Əsas proqram (kurikulum) uşaqların şəxsiyyətinin inkişafının bütün əsas istiqamətlərini (fiziki, əqli, nitqi, sosial-emosional, bədii-estetik) özündə birləşdirir və uşaqlarda qabiliyyətlərin formalaşmasına (əqli, kommunikativ, yaradıcı), uşaq fəaliyyətinin əsas növlərinin (oyun, səhnələşdirmə, təsviri sənət, musiqi, quraşdırma və s.) təşəkkülünə xidmət edir. Əsas proqram ümimi inkişafetdirici (o cümlədən, korreksiyaedici) vəzifələrin spektrlərini və əsas təhsil xidmətlərinin həyata keçirilməsində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin məzmun aspektlərini müəyyənləşdirir.
7.8. Məktəbəqədər təhsilin həyata keçirilməsi üçün müxtəlif təmayüllər üzrə proqramlar istifadə oluna bilər.
7.9. Əlavə təhsil xidmətlərinin (pullu, pulsuz) göstərilməsi və əlavə təhsil proqramının həyata keçirilməsi yalnız valideynlərin (qanuni nümayəndələrin) arzusu ilə onlarla bağlanmış müqavilə əsasında reallaşdırılır.
7.10. Əlavə təhsil proqramları məktəbəqədər müəssisələrdə və ya onlardan kənarda təşkil olunmuş yaradıcılıq studiyalarında, dərnəklərdə, bölmələrdə və s. həyata keçirilə bilər.
7.11. Əlavə təhsil proqramlarına müxtəlif istiqamətli təhsil proqramları -  bədii-estetik, intellektual-inkişafetdirici, kommunikativ-nitqi, ekoloji, fiziki-sağlamlaşdırıcı və s. daxildir.
7.12. Məktəbəqədər təhsil proqramı aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilir:
- məktəbəqədər təhsil müəssisəsinin illik fəaliyyət planı;
- tərbiyəçinin təlim-tərbiyə üzrə iş planı;
- musiqi rəhbərinin təlim-tərbiyə üzrə iş planı;
- müəllim-loqoped, müəllim-surdoloq və müəllim-defektoloqun rüblük
perspektiv iş planı, həftəlik təqvim üzrə iş planı;
- müəllim-loqopedin və müəllim-defektoloqun tərbiyəçi üçün həftəlik
tapşırıq dəftəri;
- fərdi, tərbiyəvi-korreksiya işləri üzrə plan;
- metodiki, əyani və təlim vəsaitləri, tövsiyələr, müxtəlif uşaq ədəbiyyatı.
7.13. Məktəbəqədər təhsil proqramları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.


Çap et   Geri   Yuxarı