1 Avqust 2014

Xaricdə təhsil üzrə Dövlət Proqramı


Qloballaşma proseslərinin fəal iştirakçısı olan Azərbaycan Respublikasında iqtisadiyyatın dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi öz növbəsində yeni tipli iqtisadçı kadrlar hazırlanmasına tələbat yaratmışdır. Biliklərə əsaslanan iqtisadiyyata transformasiya yolunda aparılan işlər informasiya cəmiyyətinin tələblərinə uyğun yüksək hazırlığa malik mütəxəssislərə ehtiyacı artırmışdır. İnformasiya cəmiyyəti üzrə ümumdünya sammitində ölkənin "qara qızıl"ının insan potensialının gücləndirilməsinə yönəldilməsi ilə bağlı Azərbaycanın qaldırdığı problem informasiya texnologiyaları və innovasiya sektorunda kadr hazırlığı işinin təkmilləşdirilməsini vacib etmişdir.
Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır. Həmin sərəncama uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda (bundan sonra Dövlət Proqramı) istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılmışdır.
Proqramın əsas məqsədi:
• ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması;
• davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi;
• Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması;
• istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasının təmin edilməsi;
• xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının məqsədyönlü və mütəşəkkil şəkildə artırılması;
• ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə bölünməsi;
• hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsidir.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkə qarşısında duran növbəti əsas strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Yeni qəbul edilən bu Strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin reallaşmasında və məqsədə çatmaqda Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərindən məzun olmuş gənclərimiz də öz töhfələrini verməkdədir.
Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
Dövlət Proqramı haqqında daha ətraflı məlumat üçün Nazirliyin www.xaricdetehsil.edu.gov.az ünvanında müraciət edə bilərsiz.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasınına əsasən “2015–2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqramı”nın qəbul edilməsi nəzərdə tutulmuşdur.