Ümumi təhsil sahəsi üzrə fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, müvafiq fərman, qərar və sərəncamlara, Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməyə və digər normativ sənədlərin tələblərinə uyğun olaraq qurulur. Ümumi təhsil sistemində idarə olunmanın şəffaflığı və demokratikliyi, yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil müəssisələrinin müstəqilliyi, təlim-tərbiyə ocaqlarında təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması, icra intizamı və məsuliyyət mədəniyyətinin formalaşması əsas inkişaf prioritetlərindən hesab olunur.
Ümumi təhsil müəssisələrində pedaqoji prosesin səmərəli “müəllim-şagird” əməkdaşlığına çevrilməsi, qabaqcıl təcrübə nümunələrinin təşviqi, innovasiyaların dəstəklənməsi, QHT-lərlə əməkdaşlıq, ümumi təhsilin infrastrukturunun təkmilləşdirilməsi, təhsil müəssisələrinin tədris-maddi bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Müasir dövrün tələblərinə uyğun olaraq, ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin, təhsilin şəxsiyyətyönümlüyünün təmin edilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan kurikulumların hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, gənc nəslin müstəqil həyata hazırlanması və vətəndaş tərbiyəsi ümumi təhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdəndir.
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində tədris Azərbaycan, rus və gürcü dillərində aparılır, azsaylı xalqların dillərinin öyrədilməsi təmin olunur. İstedadlı uşaqların cəlb edildiyi lisey və gimnaziyalar şəbəkəsi fəaliyyət göstərir.
Son illər icbari ümumi təhsilin həyata keçirilməsində, istedadlı şagirdlər üçün yeni tipli tədris müəssisələrinin yaradılmasında, islahatyönümlü tədbirlərin həyata keçirilməsində, ümumi təhsilin məzmumunun beynəlxalq standartlara uyğunlaş­dırılmasında, innovativ təhsil layihələrinin hazırlanması və reallaşdırılmasında ardıcıl addımlar atılır. Ümumi təhsil sahəsində çalışanlar üçün öyrədici təlimlərin, seminar və elmi-praktik konfransların təşkili, beynəlxalq və yerli ictimai təşkilatlarla təhsil  əlaqələrinin qurulması geniş vüsət alır.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərindən irəli gələn vəzifələrin, TSİL cərcivəsində «Kurikulum islahatı» alt-komponenti üzrə icra planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi, fundamental fənləri əhatə edən olimpiada hərəkatının gücləndirilməsi, təkmil tədris plan və proqramlarının hazırlanması, buraxılış və ali məktəblərə tələbə qəbulunun nəticələrinin  təhlil edilib müvafiq təkliflərin hazırlanması, ümumi təhsil sahəsində hüquqi normativ bazanın təkmilləşdirilməsi, dünya olimpiadalarında ölkəmizin komandalarının iştirakının təmin edilməsi və digər bu kimi məsələlərə xüsusi diqqət yetirilir.