• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi 2014-cü il ərzində təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlər haqqında məlumatları ictimaiyyətə təqdim etməyə başlayır.

  2014-cü ildə məktəbəqədər və ümumi təhsil sahəsi üzrə həyata keçirilmiş ən mühüm islahatlar, tədbirlər və yeniliklər
 
Məktəbəqədər təhsil
 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond yeni layihəyə-məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verib.
Proqramda ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin:
- genişmiqyaslı tikintisi;
- yenidənqurulması;
- əsaslı təmirinin dəstəklənməsi nəzərdə tutulur.
Paytaxtın 89 ümumi təhsil müəssisəsində məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlayıb. Qruplar uşaqların tədrisə hazırlıqlı başlaması və müəyyən bilikləri əldə etməsi məqsədlərinə xidmət edir.
“Məktəbəqədər təhsilin proqramı (kurikulumu)”nın tətbiqi üzrə məktəbəqədər təhsil müəssisələrinin 3093 pedaqoji işçisi üçün öyrədici təlimlər keçirilıb. 2015-ci ildə təlimlər bütün məktəbəqədər təhsil müəssisələrinin pedaqoji işçiləri üçün təşkil olunacaqdır.
 
Ümumi təhsil
 Ümumi təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetlərinə uyğun olaraq, sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəblərin idarəedilməsinin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətlərində fəaliyyət 2014-cü il ərzində də uğurla davam etdirilib.
2014-2015-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbində 15 pilot “Sağlam təhsil sinfi” fəaliyyət göstərir.
“Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Bütün bunlar nəticədə sağlam Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edir.
Təhsil Nazirliyinin sifarişi ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, Azərbaycan Respublikası təhsil nazirinin “Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmrində qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün “Oturaq həyat tərzi-sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi film Azərbaycan dilinə tərcümə edilərək ümumi təhsil, ilk-peşə və orta ixtisas, eləcə də ali təhsil müəssisələrinə paylanılıb, ictimaiyyətə təqdim olunub.
10 000 şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və psixoloji-pedaqoji monitorinqi keçirilir.
Fizika-riyaziyyat və informatika təmayüllü liseydə İnformatika üzrə Olimpiada Mərkəzi açılıb. Olimpiada Mərkəzinin yaradılmasının əsas məqsədi istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsi və şagirdlərin olimpiadalara mütəşəkkil və davamlı şəkildə hazırlanmasının təşkilindən ibarətdir.
Təhsil Nazirliyi tərəfindən Dərslikləri Qiymətləndirmə Şurasının müsabiqə əsasında yeni tərkibi formalaşdırılıb.
2014-cü ildə il ilk dəfə olaraq, Azərbaycanda maksimum adda və sayda–271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar vaxtında bütün məktəblərə çatdırılıb.
Növbəti dərs ili üçün VIII sinif dərsliklərinin hazırlanması üzrə tender bir il əvvəl elan edilib. Tender proseduru üzrə təqdim edilən və qalib gələn dərsliklər məhdud sayda çap edilərək 2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edilib növbəti dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaqdır.
Həmçinin, növbəti tədris ili üzrə IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumi təhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklər 2016-2017–ci dərs ilindən istifadəyə veriləcək.
Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi məsələlərinin tənzimlənməsi barədə müvafiq qərara əsasən, dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsi nəzərdə tutulub.
“Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.
2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artıb.
Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib.
Cari ildə kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub.
Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə direktor təyin olunub. Artıq ümumi təhsil müəssisələrini əhatə edən ikinci müvafiq təlimə start verilib. Belə ki, ümumi təhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqə davam etməkdədir.
Ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan 28 758 müəllimin sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin ölkəmizin bütün regionlarını əhatə etməsi nəzərdə tutulub.
2014-2015-ci tədris ilindən ölkəmizin ümumi təhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb. Bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır.
Təhsil nazirinin əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilib. Qaydalara əsasən, 2014-2015-ci tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər “Müəllim andı” içərək fəaliyyətə başlayıblar.
Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar təsdiq olunub. Yeni qaydalara əsasən, dörd və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılacaq. Üç fəndən illik “qeyri-kafi” qiymət alan V-VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Həmin şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər. Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən “qeyri-kafi” qiymət alan şagird təkrar sinifdə saxlanılacaq. İbtidai sinif şagirdləri isə uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma səbəbindən təkrar sinifdə saxlanıla bilərlər. Bundan başqa, ikinci yarımildə bu və ya digər fəndən “qeyri-kafi” qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, nəğmə, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək.
6 nömrəli məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının (BBP) ilk buraxılışı olub. BBP dünyanın 130-dan çox ölkəsi və 2500 universitet (Oksford, Harvard, Kembric, Yel və digər universitetlər) tərəfindən tanınır.
Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə mühəndisliyi təşviq edən seminarlar keçirilib. “BP-Azerbaijan” şirkətinin yeni təşəbbüsü Bakının orta məktəblərindən seçilmiş 200-ə yaxın yuxarı sinif şagirdini əhatə edib.
2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur. Fakültativ kursun proqram və tədris vəsaiti çap olunaraq məktəblərə çatdırılıb.
2014-cü ilin fevral-may aylarında rayon və şəhərlərdəki ümumi təhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində “Müstəqil Azərbaycan tarixi” mövzusunda əlavə dərslər tədris olunub.
Təhsil Nazirliyi “Məktəb qəhrəmanları ilə tanınır” adlı yeni layihəyə start verib.
Layihənin məqsədi müasir təhsili milli-mənəvi dəyərlərimiz fonunda inkişaf etdirmək, şagirdlərə vətənpərvərlik ruhu aşılamaq, qəhrəmanlıq ənənələrini formalaşdırmaq və Milli Qəhrəmanlarımızı yaddaşlarda yaşatmaqdan ibarətdir.
Təhsil Nazirliyinin təşəbbüsü ilə riyaziyyat və təbiət elmləri üzrə fənn müsabiqələrinə start verilib.
Təhsil Nazirliyi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Gələcək - müəllimin əsəridir” mövzusunda ən yaxşı telesüjet müsabiqəsi keçirilib.
Müsabiqə təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi, “peşəkar müəllim” obrazının yaradılması, müəllim peşəsinin nüfuzunun artırılması, ucqar kənd məktəblərində çalışan gənc müəllimlərin peşə fəaliyyəti ilə bağlı pozitiv ictimai rəyin formalaşdırılması, peşə fəaliyyətinə yeni başlayan müəllimlərin müsbət təcrübəsinin yayılması, gənc müəllimlərin kənd məktəblərində işləməyə həvəsləndirilməsi məqsədilə təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edib.
Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla, kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir.
Təhsil Nazirliyi şagirdlərdə mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb.
Layihənin əsas qayəsi təhsil müəssisələrinin nəzdində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanış olması üçün şəraitin yaradılmasından ibarətdir.
Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılması və təbliğinə nail olunması layihənin əsas hədəfləri sırasındadır.
Bakıda 52 ümumi təhsil məktəbinin 104 əmək kabineti müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub.
Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində internat məktəblərinin bir çoxu əsaslı tikinti və yenidənqurmadan sonra yeni görkəm alıb. Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri aparılır, 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinin başlanılması nəzərdə tutulur.
Təhsil Nazirliyi tərəfindən internat və idman məktəblərinə 7 ədəd “Hyundai County” markalı avtobus verilib.
Həmin nəqliyyat vasitələri ilə uşaqların Bakı şəhərində, eləcə də bölgələrdə yerləşən tarixi abidə və muzeylərə ekskursiyalara və əyləncə məkanlarına aparılması təşkil olunur.
İnternat məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə I-IV siniflər üzrə yeni tədris proqramları hazırlanıb. Kiçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni dərslik və “Loqopedik albom” çap olunub, pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib.
Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı:
Təhsil müəssisələrinə:
  • 6000 ədəd kompüter;
  • 3000 ədəd notebook;
  • 700 ədəd proyektor;
  • 1377 ədəd elektron lövhə verilib.
  • 200 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub.
-  900 nəfər təhsil sisteminin inzibati idaretmə heyəti işçiləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninqlər keçirilib;
-   650 nəfər “1 şagird : 1 kompüter” təhsil modelinin ümumi təhsil müəssisələrində reallaşdırılmasına yönəlmiş treninqlərə cəlb olunub;
-   700 nəfər təhsildə İKT, müasir təlim strategiyaları və layihə metodikasının istifadəsi üzrə treninqlərə cəlb olunub;
-    450 nəfər müəllim və inzibati idarəetmə heyəti işçiləri İKT-nin tədrisə tətbiqi üzrə mentorluq treninqlərinə cəlb edilib;
-   1200 nəfər ibtidai siniflərdə dərs deyəcək müəllim tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə üzrə treninqlərə cəlb olunub;
-    375 nəfər üçün Milli Təhsil Məlumat Bazasının istifadəsi üzrə treninqlər keçirilib.
Elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilib. Portal təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradır. Məktəblilər portal vasitəsilə istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. Bu sistem təhsilalanların dərsliklərdən istifadəsində mobilliyi artıracaq, onların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradacaqdır.
2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə 3 dövlət təhsil müəssisəsi tikilib,  2 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 94 tədris ocağı isə cari təmir edilib.
2015-ci ildə 92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsinin binasının əsaslı təmir olunması və 50 təhsil müəssisəsinin binasında isə cari təmir işlərinin aparılması nəzərdə tutulub.


8 il əvvəl