• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 17-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

Kollegiya iclasında “2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri”, “2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün keçirilmiş təlim kurslarının nəticələri”, «Məktəbdaxili qiymətləndirmə: problemlər və vəzifələr», «Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi» mövzuları müzakirə edilib.
Təhsil Nazirliyinin kollegiya üzvləri, ali məktəb rektorları, rayon təhsil şöbələri müdirlərinin və məktəb direktorlarının iştirak etdikləri iclası təhsil naziri Misir Mərdanov açaraq müzakirə olunan məsələlər haqqında məlumat verib.
 Öncə Misir Mərdanov Təhsil Nazirliyinin dəstəyi ilə çap olunmuş təhsil sahəsinə dair yeni nəşrləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Təhsil naziri “2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri” mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Müvafiq müsabiqənin nəticələrinə toxunan nazir bildirib ki, 2010-2011-ci tədris ilindən etibarən müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqinə başlanıb. Müəllimlərin işə qəbulu üzrə yeni qaydalara əsasən ərizələrin qəbulu və müsabiqənin aparılmasının elektron vasitələrin tətbiqi ilə həyata keçirildiyini, imtahanın sonunda isə hər bir müəllimin öz nəticəsini bilmək imkanının olduğunu nəzərə çatdıran Misir Mərdanov bütün bunların prosesin obyektiv və şəffaf təşkilinə zəmin yaratdığını qeyd edib.
Təhsil naziri müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri haqqında məlumat verib və 2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində 3270, peşə liseyləri üzrə isə 48 vakant yerin müəyyənləşdirildiyini söyləyib. Nazir bildirib ki, vakant yerlərə elektron ərizə vermiş 16195 nəfərdən müvafiq təhlillər nəticəsində 15467 nəfərin ərizəsi təsdiqlənib. İmtahanların nəticələrinə görə 2797 nəfərin işə qəbul olunduğunu diqqətə çatdıran Misir Mərdanov daha sonra müsabiqənin keçirilməsi üçün görülmüş təşkilati işlər haqqında fikirlərini bildirib.
Sonra təhsil naziri Misir Mərdanov “2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün keçirilmiş təlim kurslarının nəticələri” haqqında geniş təqdimat edib. Təqdimatda fənn kurikulumlarının tətbiqi üzrə təlimlərin təşkili, təlimçilərin hazırlanması və təlimçi bacarıqlarının qiymətləndirilməsi istiqamətində reallaşdırılan tədbirlər, təlim kurslarının monitorinqinin nəticələri barədə ətraflı məlumat verilib.
Nazir bildirib ki, ümumi təhsil sistemində həyata keçirilən məzmun islahatları-yeni fənn kurikulumlarının, qiymətləndirmə mexanizmlərinin tətbiqi, fəal təlim metodlarından təlim prosesində səmərəli istifadə pedaqoji kadrların ixtisasının artırılmasını, bu məqsədlə xüsusi təlimlərin keçirilməsini zərurətə çevirib. Bununla əlaqədar son dörd ildə görülmüş işlərə diqqət çəkən Misir Mərdanov respublikanın bütün ümumi təhsil məktəblərinin ibtidai sinif müəllimlərinin xüsusi proqram əsasında fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlb olunduğunu vurğulayıb.
Təhsil naziri fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçmiş ibtidai sinif müəllimlərinin sayının 2008-ci ildə 8, 2009-cu ildə 9 min nəfər təşkil etdiyini bildirib. Misir Mərdanov 2010-cu ildən başlayaraq ixtisasartırma təhsili sahəsində yeni modelin tətbiqi və modul-kredit sisteminə keçidlə əlaqədar təlimlərin yeni modelə uyğun təşkil edilməyə başlandığını söyləyib. 2011-ci ildə 10417 nəfər ibtidai sinif müəlliminin 10 günlük (60 saat) təlim kursundan keçirildiyini qeyd edən nazir, ümumilikdə son 4 ildə 35 mindən çox ibtidai sinif müəlliminin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarında müvafiq bilik və bacarıqlara yiyələndiyini nəzərə çatdırıb.
Təhsil naziri habelə 2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün keçirilən təlim kurslarının nəticələri barədə söz açaraq bildirib ki, 2012-ci ildə təlimlərdən keçmiş 37545 müəllimə müvafiq sertifikatlar verilib. Nazir 2012-2013-cü tədris ilində rayon təhsil şöbələrinin əməkdaşları və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlər keçiriləcəyini də diqqətə çatdırıb.
Misir Mərdanov «Məktəbdaxili qiymətləndirmə: problemlər və vəzifələr» mövzusunda məruzə-təqdimatında 2003-cü ildə beynəlxalq təşkilatların köməyi və tövsiyəsi ilə məktəbdaxili qiymətləndirmənin yeni nəzəriyyəsi və icra mexanizminin hazırlandığını, 2008-2009-cu dərs ilində isə ibtidai təhsil səviyyəsində yeni qiymətləndirmə sisteminin tətbiqinə başlandığını qeyd edib. Yeni məktəbdaxili qiymətləndirmənin tərkib hissələri–diaqnostik, formativ və summativ qiymətləndirmə haqqında söhbət açan nazir ənənəvi və yeni qiymətləndirmənin səciyyəvi cəhətlərindən bəhs edib. Daha sonra yeni qiymətləndirmə sisteminin tarixinə toxunan təhsil naziri formativ qiymətləndirmənin nəzəri əsasları, beynəlxalq təcrübədə icra mexanizmi, formativ qiymətləndirmədə geniş istifadə olunan qiymətləndirmə üsul və vasitələri, nəticələrin ifadə formalarını nəzərə çatdırıb.
12 oktyabr 2012-ci il tarixində Təhsil Nazirliyində keçirilmiş «Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr» mövzusundakı müşavirənin qərarına uyğun olaraq məktəbdaxili qiymətləndirmə sahəsində görülən işlərdən də bəhs edən nazir ibtidai təhsil səviyyəsində və ümumi orta təhsil səviyyəsinin V siniflərində yeni qiymətləndirmənin tətbiqi vəziyyətini öyrənmək məqsədilə atılan addımlardan danışıb. Təhsil naziri, həmçinin məktəbdaxili qiymətləndirmə sahəsində görülən işlər, nəzərdə tutulan tədbirlər haqqında ətraflı məlumat verib, bununla bağlı bir sıra fikir və mülahizələrini söyləyib.
Kollegiya iclasında daha sonra «Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi» mövzusunda məsələ müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov bununla bağlı təqdimat-məruzəsində 2012-ci ilin yanvar-aprel ayları ərzində keçirilmiş monitorinq barədə məlumat verib, dövlət başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində ümumi təhsil məktəblərində görülmüş işlərdən söz açıb. Ümumi təhsil məktəblərində mövcud avadanlığın, lokal şəbəkənin, eyni zamanda məktəb rəhbərlərinin, müəllimlərin və şagirdlərin İKT-dən gündəlik istifadə vəziyyətini öyrənmək məqsədilə monitorinq aparıldığını bildirən nazir monitorinqin 53 rayon (şəhər) təhsil şöbəsi üzrə 130 təhsil müəssisəsini, 130 məktəb direktorunu və 492 müəllimi əhatə etdiyini vurğulayıb.
Çıxışının sonunda Misir Mərdanov nazirliyin müvafiq şöbə və struktur bölmə rəhbərlərinə və məktəb direktorlarına, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə və məktəb direktorlarına müzakirə olunan məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb.
Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Bakıdakı 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, 220 nömrəli məktəb-liseyin direktoru Almaz Əsgərova, Təhsil Nazirliyinin şöbə müdirləri Aydın Əhmədov, Təranə Hacıyeva və başqaları müzakirə olunan məsələlərlə bağlı fikir və mülahizələrini bildiriblər.


8 il əvvəl