• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 26-da Təhsil Nazirliyində cari ilin 13-18 may tarixlərində ABŞ-ın Pensilvaniya Ştatının Pitsburq şəhərində keçirilmiş İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi və azərbaycanlı məktəblilərin sərgidə iştirakına həsr olunmuş seminar keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan məktəbliləri ABŞ-da keçirilmiş nüfuzlu İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində ilk dəfə olaraq iştirak ediblər. Nazir şagird elmi-tədqiqat layihələrinin müsabiqəsi olan beynəlxalq sərgi barədə məlumat verərək qeyd edib ki, müsabiqənin əsas təşkilatçısı və sponsoru İntel korporasiyasıdır.
1950-ci ildən başlayaraq keçirilən müsabiqənin şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsinə xidmət etdiyini vurğulayan təhsil naziri Beynəlxalq Elm və Mühəndislik Sərgisinin, eyni zamanda «məktəb – ali təhsil müəssisəsi – doktorantura» üçlüyü çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsinə zəmin yaratdığını bildirib. Misir Mərdanov final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 500-ə yaxın müsabiqə qalibinin qatıldığını söyləyib, eləcə də son illər müsabiqədə elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayının xeyli artdığını və bunun da elmtutumlu tədqiqatlara marağın yüksəlməsinin təzahürü olduğunu nəzərə çatdırıb.
Nazir iştirakçı ölkələrin sayının getdikcə artmasına diqqət çəkərək bildirib ki, bu müsabiqəyə 2006-cı ildə 47, 2009-cu ildə 51 ölkə qatılmışdısa, 2011-ci ildə onların sayı 67-yə, 2012-ci ildə isə 70-ə yüksəlib. İntel İSEF müsabiqəsində şagirdlərin dünya şöhrətli alim və görkəmli mühəndislərlə ünsiyyətdə olduğunu, apardıqları tədqiqatların perspektivləri barədə daha geniş məlumat əldə etmək fürsəti qazandıqlarını önə çəkən Misir Mərdanov müsabiqənin 20-dən çox qalibinin sonralar Nobel mükafatı laureatı, 3 qalibinin isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı laureatı olduğunu qeyd edib.
Cari ilin 23-24 fevral tarixlərində ölkəmizdə İntel İSEF-ə milli seçim turu olan «Sabahın alimləri» Respublika müsabiqəsinin keçirildiyini və qaliblərin müəyyənləşdirildiyini bildirən nazir ölkəmizi beynəlxalq müsabiqədə 5 nəfər şagirdin təmsil etdiyini nəzərə çatdırıb. Azərbaycan məktəblilərinin nüfuzlu beynəlxalq müsabiqədə iştirakını mühüm hadisə kimi dəyərləndirən Misir Mərdanov bu işdə əməyi olanlara təşəkkür edib, gələcəkdə müsabiqəyə daha yaxşı hazırlaşmaq üçün bir sıra tövsiyə və tapşırıqlarını verib. Yarışlara xüsusi hazırlığın əhəmiyyətinə toxunan təhsil naziri bu məqsədlə müvafiq mərkəzlərin yaradılması, müsabiqəyə daxil olan elm sahələri üzrə tanınmış alimlərin bu işə cəlb olunması, müvafiq sahədə xarici tərcübənin nəzərə alınması məsələləri barədə fikirlərini söyləyib.
Daha sonra Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinin keçirilməsi və Azərbaycan şagirdlərinin bu müsabiqədə iştirakı barədə geniş təqdimatla çıxış edib.
Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Bakı Dövlət Universitetinin professoru Rövşən Xəlilov, Sumqayıt Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının professoru Cavanşir Məmmədov, akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, Bakı Dövlət Universitetinin dosenti İsmət Əhmədov və başqaları çıxış edərək Azərbaycan məktəblilərinin Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirakını yüksək qiymətləndirib, müsabiqəyə hazırlıqla bağlı fikir və təkliflərini nəzərə çatdırıblar.
Qeyd edək ki, tədbirdə müsabiqənin həmtəşkilatçıları – Gənclər və İdman Nazirliyinin və “Mədəd” təşkilatının nümayəndələri də iştirak ediblər.

 


8 il əvvəl