• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 18-də cari ilin yanvar və fevral aylarında Təhsil Nazirliyinə daxil olmuş müraciətlərə baxılması vəziyyəti ilə bağlı iclas keçirilib.

İclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, “Qaynar xətt” xidmətinə cari ilin yanvarında 910, fevralında 2107 olmaqla, ümumilikdə 3017 müraciət qəbul edilib. Telefonla 2670, elektron poçt vasitəsilə 347 müraciətin daxil olduğunu söyləyən nazir qeyd edib ki, bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavab­lan­dı­rıl­ıb.
Təhsil naziri ümumtəhsil məktəblərində IX və XI siniflərdə keçirilən mərkəzləşdirilmiş yoxlama imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi, Respublika fənn olimpiadalarının, Beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin təşkili, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə kö­çürülməsi, özəl ali təhsil məktəblərində dövlət vəsaiti hesabına təhsil alan tələbələrin təqaüdlə təmin olunması, təhsil müəssisələrində adambaşına maliyyələşməyə keçilməsi, xaricdə təhsil, müəllimlərin dərs yükü ilə təmin olunması, əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması və digər məsələlərlə bağlı müraciətlərin çoxluq təşkil etdiyini, həmin müraciətlərin 90 faizinin müxtəlif sorğulardan ibarət olduğunu vurğulayıb. Ümumi müraciətlərin 10 faizinin şikayət xarakterli olduğunu bildirən Misir Mərdanov bu müraciətlərdə məktəbəqədər, ümumi, texniki-peşə, orta-ixtisas və ali təhsil müəs­si­sələrində baş verən müxtəlif problemlərdən bəhs edildiyi haqda məlumat verib.
Nazir qış imtahan sessiyası dövründə ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı qəbul edilmiş 200-dən çox müraciətin 69-da şikayət və nöqsanlardan bəhs olunduğunu vurğulayıb. İmtahan sessiyasının gedişi ilə əlaqədar Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Tibb, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki, Azərbaycan Dillər, Sumqayıt Dövlət universitetləri, Azərbaycan Dövlət Neft Akademiyası və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələrin daha çox apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş etdiklərini nəzərə çatdıran Misir Mərdanov bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq şöbə əməkdaşlarının ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar apardıqlarını və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirildiyini bildirib.
Təhsil naziri özəl ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərin isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti, Bakı Biznes Universiteti və Qafqaz Universiteti ilə bağlı olduğunu söyləyib. Nazir bu müraciətlərdə imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi, dövlət hesabına özəl ali təhsil müəssisəsində təhsil alan tələbələrə təqaüdlərin ödənilməsində yaranmış problemlərlə əlaqədar şikayətlərin öz əksini tapdığını qeyd edib. Misir Mərdanov orta ixtisas təhsili müəssisələri ilə əlaqədar Bakı Dövlət Sosial-İqtisadi, Bakı Dövlət Rabitə və Nəqliyyat, Ağcabədi Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərindən daxil olmuş müraciətlərdə imtahan qiymətlərindən narazılıq, tələbələrin imtahanlara buraxılmaması və digər məsələlərin əks olunduğunu diqqətə çatdırıb.
Fevral ayında “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin araşdırılmasının nəticələrinə toxunan nazir bildirib ki, Ağcabədi rayonu Qiyamadınlı kənd tam orta məktəbinin müəllimi N.Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəllimi A.Əmrahovanın diplomları saxta olduğu üçün onlar tutduqları vəzifədən azad edilib, müvafiq sənədlər Respublika Baş Prokurorluğuna göndərilib. Misir Mərdanov onu da deyib ki, Bakı şəhərindəki 37 nömrəli məktəbin direktor müavini N.Əliyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət, həmin məktəbin direktoru İ.Əliyevə xəbərdarlıq, 153 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ş.Musayevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Eləcə də 2011-ci ilin ilk iki ayı ərzində Təhsil Nazirliyinə daxil olmuş məktub və ərizələrə ayrı-ayrı şöbələrdə baxılması ilə əlaqədar göstəriciləri nəzərə çatdıran nazir müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib, müvafiq tövsiyələrini verib.
İclasda, daha sonra təhsil nazirinin müavini Elmar Qasımov ötən ilin 5-6 dekabr tarixində Azərbaycanın Fransadakı səfirliyində və London şəhərində bu ölkələrin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə dövlət rəsmilərinin keçirdiyi görüşlər, 2011-ci ilin 11-12 mart tarixində Fransanın Strasburq şəhərində təşkil edilmiş Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) barədə təqdimat-məruzə edib. Belə tədbirlərin əhəmiyyətinə toxunan nazir müavini bildirib ki, görüşlərdə azərbaycanlı tələbələri düşündürən problemlər ətrafında fikir mübadiləsi aparılıb, diaspor işinin daha səmərəli təşkili məsələlərindən söhbət açılıb.
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumuna dünyanın 30-a yaxın ölkəsində təhsil alan 400 azərbaycanlı tələbənin qatıldığını nəzərə çatdıran E.Qasımov forumun bölmə iclaslarında tələbələri maraqlandıran bir sıra məsələlərin açıq müzakirə olunduğu və problemlərin həlli ilə bağlı müvafiq təkliflərin irəli sürüldüyü haqda məlumat verib.


8 il əvvəl