Aprelin 14-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirədə “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsini keçirən fənn komissiyalarının üzvləri, bu mərhələ üzrə təyin olunmuş məktəblərin direktorları və direktor müavinləri iştirak edib.
Müşavirəni giriş sözü ilə açan nazir dövlət başçısının 4 sentyabr 2007-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin keçirildiyini qeyd edib. Ötən il olduğu kimi, bu il də müsabiqələrlə əlaqədar Təhsil Nazirliyində Təşkilat Komitəsinin yaradıldığını bildirən Misir Mərdanov iştirak üçün 450 nəfərin ərizəsinin həmin komitəyə daxil olduğunu nəzərə çatdırıb. Nazir əlavə edib ki, müvafiq ekspertiza 4 nəfərin sənədinin müəyyən şərtlərə uyğun gəlmədiyini aşkarlayıb. Misir Mərdanov sənədləri qəbul olunmuş müəllimlərin göstəricilərinin müvafiq əmsallar tətbiq edilməklə 16 parametr üzrə qiymətləndirildiyini və 10 ballıq sistemə uyğunlaşdırıldığını, habelə 217 nəfərin növbəti mərhələyə buraxıldığını bildirib.
Müşavirədə Misir Mərdanov II mərhələdə iştirak edən müəllimlərin sınaq dərsləri keçməsi üçün hər fənn üzrə ayrı-ayrı məktəblərin, ümumilikdə bu məqsədlə Bakı şəhərində 35 orta təhsil müəssisəsinin müəyyənləşdirildiyini vurğulayıb. Nazir dinləniləcək dərslərin qiymətləndirilməsi meyarlarını, fənn komissiyalarının tərkibinə ötən il keçirilmiş müsabiqə qaliblərindən 31 nəfərin daxil ediləcəyini və II mərhələyə keçən müəllimlərlə görüş təşkil olunacağını iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda nazir bu işdə obyektivliyin və ədalətliliyin təmin olunmasının, məsul şəxslərin işə daha ciddi yanaşmasının xüsusilə əhəmiyyətli olduğundan söz açıb.
Tədbirdə o da məlum olub ki, iştirakçılar arasında ibtidai sinif müəllimlərinin sayı 46 nəfərdir. Digər fənlər üzrə müəllimlərin sayı– ingilis dili 44, tarix 27, riyaziyyat 19, Azərbaycan dili və ədəbiyyat 18, biologiya 15, fizika və kimya fənlərinin hər biri 10, coğrafiya 8, informatika 6, rus dili 4, alman və fransız dilləri, musiqi, fiziki tərbiyə və iqtisadiyyatın əsasları üzrə hər biri 2 nəfərdən ibarətdir.
Müsabiqədə 40 rayon və şəhərin, Təhsil Nazirliyinin nəzdindəki lisey və gimnaziyaların, universitetlərin nəzdindəki məktəblərin və 1 özəl məktəbin müəllimləri təmsil olunurlar.
Sonda ən yaxşı müəllim müsabiqəsinin II mərhələsi üzrə sınaq dərslərinin aprelin 20-dən etibarən dinlənilməsinə başlanılacağı qeyd olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30