Oktyabrın 23-də təhsil naziri Misir Mərdanov “Məktəb uşağın dostudur” layihəsi üzrə keçirilmiş təlim kurslarını uğurla başa vuran təlimçilərlə görüşüb.
Təhsil Nazirliyi və YUNİSEF-in birgə dəstəyi ilə reallaşdırılan “Məktəb uşağın dostudur” layihəsi haqqında məlumat verən Bakı Avropa liseyinin direktoru, “İnkişaf” Tədqiqat Mərkəzinin rəhbəri Zülfiyyə Veysova bildirib ki, 2010-cu ilin iyul ayında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindən, Quba, Lənkəran, Füzuli, İmişli, Qusar və Masallı rayonlarından olan 100 nəfər məktəb direktoru üçün ”ümumtəhsil məktəblərinin səmərəli idarəolunması” mövzusunda təlim kursu keçirilib. Təlimlərdə yüksək nəticə göstərmiş 15 nəfər məktəb direktorunun cari ilin oktyabr ayında təlimlərin II mərhələsində də müvəffəqiyyətlə iştirak etdiyini və onların təlimçi kimi müvafiq sertifikatlara layiq görüldüyünü vurğulayan Z.Veysova tədris ocaqlarının idarə olunması işinin təkmilləşdirilməsində, məktəb rəhbərlərinin təşəbbüskarlıqlarının artırılmasında layihənin müstəsna əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb.
Görüş iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov “Məktəb uşağın dostudur” layihəsinin şagirdlərə bərabər imkanların yaradılması, səmərəli idarəetmə, interaktiv təlim texnologiyalarının tətbiqi, təlim nəticələrinin düzgün qiymətləndirilməsi, məktəblə valideyn və ictimaiyyət arasında sıx əməkdaşlıq münasibətlərinin təmin edilməsi, əlverişli, cəlbedici, maraqlı tədris mühitinin yaradılması baxımından rolundan söz açıb, bütün bunların keyfiyyətli təhsil, keyfiyyətli tədris prosesini təmin etməklə yanaşı, həm də cəmiyyətdə məktəbə, müəllimə olan etimadı möhkəmləndirən başlıca amil olduğunu bildirib. Bu layihənin əslində ümumu təhsil islahatlarının bir hissəsi olduğunu qeyd edən nazir təlimlərə Bakı şəhəri ilə yanaşı, müxtəlif bölgələrdən olan məktəb direktorlarının cəlb olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib və gələcəkdə də təlimlərdə iştirak edəcək şəxslərin seçimində bu amilə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
“Məktəb uşağın dostudur” layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsinə verdiyi dəstəyə görə təhsil nazirinə təşəkkürünü bildirən YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin əvəzi Rəşid Mustafa Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın bundan sonra da uğurla nəticələnəcəyinə əminliyini ifadə edib.
Lənkəran rayonu Haftoni kənd orta məktəbinin direktoru Akif Xalıqov və Bakı şəhərindəki 79 saylı məktəbin direktoru Sevinc Hacızadə təlim kurslarında iştirak etməkdən məmnun olduqlarını bildirib, birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, təhsil müəssisələrində daha əlverişli təlim və inkişaf mühitinin yaradılması baxımından layihənin əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
Görüşün sonunda təlim kurslarında yüksək nəticə göstərərək təlimçi kimi seçilmiş 15 nəfər məktəb direktoruna sertifikatlar təqdim olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55