14.09.2018

“Peşə təhsili: yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda konfrans

Sentyabrın 14-də “Peşə təhsili: yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.

Tədbirin keçirilməsində məqsəd peşə təhsili sahəsində yeniliklər və yeni dərs ilində qarşıda duran vəzifələrin müzakirəsi olub.

Konfransda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşları, peşə təhsili müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar tərəfindən peşə təhsili sahəsində həyata keçirilən layihələrin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən  Amil Əlili ölkə başçısı tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan uğurlu nailiyyətlər barədə ətraflı məlumat verib. Amil Əlili  peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasının və "Peşə təhsili haqqında" Qanunun qəbul edilməsinin bu sahənin inkişafına töhfə verəcəyindən, əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadr hazırlığını həyata keçirən çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılmasının vacibliyindən danışıb.

Yeni tədris ilində qarşıda duran məqsəd və vəzifələri xüsusi qeyd edən Amil Əlili iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə peşə təhsilində normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət-özəl əməkdaşlığı, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, yeni kurikulumların tətbiqi, dayanıqlı və çoxmənbəli maliyyələşdirmənin formalaşdırılması, peşə təhsili sahəsində həyata keçirilən layihələrin əsas istiqamətləri barədə məruzələr dinlənilib.

Tədbirin sonunda qarşıda duran vəzifələri vaxtında və keyfiyyətlə icra etmək, mövcud problem və nöqsanları aradan qaldırmaq üçün peşə təhsili müəssisələrinin rəhbərlərinə tövsiyə və tapşırıqlar verilib.


Açar sözlər: ,