27.07.2018

“Təhsil avtobusu-2018” 2000 km səyahət edib

"Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində artıq üçüncü ildir ki, həyata keçirilən "Təhsil avtobusu - 2018" yay məktəbi layihəsi başa çatıb.

İyulun 17-dən start verilən layihə çərçivəsində Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 18  kənd, 17  şəhər məktəbindən dərs göstəricisi orta və zəif olan ümumilikdə 140-a yaxın şagird iştirak edib. Bu məktəblər sırasında ucqar kəndlərdə tikilən modul tipli məktəblər də olub.

Yay məktəbi müddətində şagirdlər "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş”, "Sığorta” adlı təlimlərdə iştirak ediblər və "Nə? Harada? Nə zaman?" intellektual oyunu, “Code Tusi" komanda oyununa  qatılıblar.  Həmçinin hər bir bölgədə şagirdlər üçün “Ekspo 2025 Bakı” layihəsinin təqdimatı keçirilib.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

Qeyd edək ki, 2016 və 2017-ci ildə keçirilən “Təhsil avtobusu” yay məktəbləri çərçivəsində 16 gün ərzində 4000 km yol qət edilib, Bakı və 10 rayonun (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala) 12 şəhər və 13 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbə cəlb olunub, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.

Layihənin rəsmi informasiya dəstəkçiləri “1news.az”, “ARB TV” və “Təhsil TV”-dir.


Açar sözlər: