16.07.2018

“Təhsil avtobusu-2018" ölkənin 5 bölgəsini əhatə edəcək

İyulun 16-da “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində start veriləcək yay məktəbi ilə bağlı tədbir keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov proqramın məqsədindən danışaraq bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılması bu layihənin əsas məramıdır. Layihənin bu dəfə  ən ucqar kəndlərdə fəaliyyət göstərən modul tipli məktəblərin şagirdlərinin də qonağı olacağını diqqətə çatdıran nazir müavini həmçinin qeyd edib ki, "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində start  verilən yay məktəbi  son illərin təhsilə yönəlik, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən ən uğurlu layihələrdən biridir.

Nazir müavini layihənin ümumi təhsil müəssisələrinin  göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdlərinin şəxsi inkişafına, eləcə də dünyagörüşünün formalaşmasına təsir edəcəyini, onların dərslərə olan maraqlarının artmasına şərait yaradacağını vurğulayıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. İyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində yaşayan şagirdlər şəxsi-inkişaf təlimlərində,  intellektual yarışlarda iştirak edəcək.

Tədbirdə iştirak edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son illər Təhsil Nazirliyinin həyata keçirdiyi işlərdən razılıq hissi ilə danışaraq bu tip layihələrin gələcəkdə daha da genişləndirilməsini tövsiyə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini  Cahangir Hacıyev,  "Kapital Bank"ın Marketinq Departamentinin direktoru Günel Fərzəliyeva, “Engin” LTD MMC-nin nümayəndəsi Nərmin Qəhrəmansoy çıxışlarında təmsil etdikləri qurumların  belə bir layihənin həyata keçirilməsinə dəstək olmalarından məmnunluq duyduqlarını, Təhsil Nazirliyi ilə əməkdaşlıqlarını  bundan sonra da davam etdirəcəklərini bildiriblər.

Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.

“Təhsil avtobusu - 2018” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək.

“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 16 gün ərzində 4000 km yol qət edilib, Bakı, Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı və Zaqatalanın 12 şəhər və 13 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.

Layihənin rəsmi informasiya dəstəkçiləri “1news.az”, “ARB TV” və “Təhsil TV”-dir.

 


Açar sözlər: