13.07.2018

Keyfiyyəti hədəfləyən yeniliklər

“Təhsil haqqında” Qanuna dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə edib

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.  Dəyişikliklər əvvəlcə Milli Məclisdə müzakirə olunub. Deputatların fəallığı ilə müşahidə edilən müzakirələr iyunun 12-də qanunun qəbul olunması ilə başa çatıb. Ötən həftə, konkret desək, iyulun 5-də Prezident İlham Əliyev Qanunun tətbiqi haqqında Fərman imzalayıb. Ümumilikdə Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. Dəyişikliklər yalnız ümumi təhsili deyil, təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Belə ki,“Təhsil haqqında” Qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərdə ciddi dəyişikliklər edilib.

 

Dəyişikliyi zərurətə çevirən amillər

 

Sözügedən dəyişikliklər Təhsil Nazirliyinin təşəbbüsü ilə edilib. 2013-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası prosesində bir çox yeniliklər, islahatlar tətbiq etmək zərurəti yaranıb.

Həmin hədəflərə nail olunması istiqamətində tədbirlər həyata keçirmək üçün qanunda dəyişiklik edilməsi zərurətə çevrilib. Təhsil Nazirliyi dəyişikliklə bağlı təşəbbüs göstərərkən həmin zərurəti nəzərə alıb. Hər bir dəyişiklik öncə araşdırılıb. Araşdırmaların nəticələri geniş təhlil olunub. Yalnız bundan sonra qərara alınıb ki, “Təhsil haqqında” Qanuna yeni yanaşmalar əsasında dəyişikliklər edilsin.

Dəyişiklikləri iki bölgüyə ayıran təhsil naziri Ceyhun Bayramov şərti olaraq “texniki” adlandırdığı dəyişiklikləri uyğunluğun əldə edilməsi baxımından önəmli sayıb: “Bu bölgüyə aid edilən dəyişikliklər bir sıra normativ hüquqi aktlarda qəbul edilən dəyişikliklərlə “Təhsil haqqında” Qanun arasında uyğunluğun təmin edilməsi məqsədi daşıyır”.

Nazirin “Fundamental məzmun dəyişikliyi” kimi xarakterizə etdiyi dəyişikliklər isə tətbiq vaxtı çoxdan çatmış qərarlardır.

 

İlin sonunadək 6 yaşı tamam olan uşaqlar məktəbə müsabiqəsiz qəbul olunacaqlar

 

Ən böyük dəyişiklik 6 yaşı tamam olan uşaqların məktəbə qəbulu qaydalarında edilib. Həmin dəyişikliyə əsasən, bundan sonra valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə 15 sentyabr - 31 dekabr tarixlərində 6 yaşı tamam olan uşaqlar da heç bir əlavə komissiya yoxlanışı olmadan ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul ediləcəklər. Bu ildən qüvvəyə minən dəyişiklik geniş təhlillər sonunda bir təşəbbüsə çevrilib. Belə ki, məktəbə gec və ya tez gedənlərin təhsil göstəriciləri geniş təhlil edilib. Təhsil Nazirliyinin  2017-ci ildə gördüyü işlərə dair hesabat tədbirində Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev bu məsələyə toxunub. O, məktəbəqədər hazırlıqdan danışarkən onu təhsilin gələcəyini müəyyən edən faktorlardan biri kimi xarakterizə edib və belə bir fikir səsləndirib ki,  indiyədək ölkəmizdə uşaqların məktəbə tez başlamaları ictimai mübahisə doğursa da, əslində, məktəbə gec getmək problem yaradır. O, təqdimatında məktəbə gec və ya tez gedənlərin təhsil göstəricilərinin təhlil edildiyini söyləyib. 2004-cü ildə məktəbə qəbul edilən I sinif şagirdlərinin nəticələri ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) əldə edilən rəqəmlərin müqayisəli təhlili göstərir ki, məktəbə gec başlayan uşaqların cəmi 33 faizi məktəbi müvəffəq qiymətlərlə bitirə bilib. Qalanlarının isə buraxılış imtahanlarında ən azı 1 fəndən “2” qiymət aldığı müəyyən edilib. Məktəbə bir il gecikən uşaqlarda müvəffəqiyyət göstəricisi 51 faiz təşkil edib. Bu göstərici məktəbə vaxtında gələn uşaqlarda 59 faiz, məktəbə 3-4 ay tez gələn uşaqlarda isə 65 faiz təşkil edib. Beləliklə, 6 yaşı tamam olmayan şagirdlərin məktəbə qəbulu ilə bağlı ötən illərin statistikası bunu deməyə əsas verib ki, həmin şagirdlər digər şagirdlərlə bərabər, hətta bəzi hallarda daha yüksək akademik göstəricilər nümayiş etdiriblər.

Xatırladaq ki, indiyə qədərki təcrübəyə görə, həmin kateqoriyadan olan uşaqlar, yəni 6 yaşı sentyabrın 15-dən sonra tamam olanlar xüsusi komissiyaların rəyi əsasında məktəbə qəbul olunublar. Bundan sonra qanunda təsbit edildiyi üçün, komissiyalara və əlavə olaraq məktəblərin bu işlə bağlı müraciətlərə vaxt ayırmasına ehtiyac qalmayacaq. Həmin uşaqlar da digər 6 yaşı tamam olan uşaqlar kimi məktəblərə qəbul ediləcəklər. Ancaq bu, kütləvi şəkildə həyata keçirilməyəcək. Yalnız valideynlər istədikdə, onların müraciəti əsasında 6 yaşı tamam olmayan uşaqların da məktəbə qəbulu gerçəkləşəcək.

 

Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar

 

“Təhsil haqqında” Qanunda ən əhəmiyyətli və gözlənilən, bir o qədər də ciddi müzakirələrə, fikir ayrılıqlarına, hətta narahatlıqlara səbəb olan dəyişikliklərdən biri isə beynəlxalq fənn olimpiadalarının, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.

Təhsil naziri Ceyhun Bayramov bu dəyişikliyi belə izah edib: “İndiyədək mövcud olan qanunvericiliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri Azərbaycan ali təhsil müəssisələrinə öz ixtisaslarına uyğun qəbul olunmaq imkanı əldə edirdilər. Halbuki beynəlxalq fənn olimpiadalarında qalib olmaq çox yüksək göstəricidir. Ona görə də bu nailiyyəti göstərən gəncə istənilən universiteti və ixtisası seçməkdə məhdudiyyət qoymağı ədalətli hesab etmədik. Bununla həm də istedadlı gənclərin olimpiadalara olan marağını artıracağımızı düşündük”.

Beləliklə, Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qaliblərinə istənilən ixtisas üzrə müsabiqədənkənar qəbul olunaraq təhsil almaq hüququ verilib. Respublika Fənn Olimpiadalarının qalibləri isə yalnız öz ixtisası üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul ediləcəklər. C.Bayramov bu qərarla bağlı deyib: “Təhsil haqqında” Qanunda Respublika Fənn Olimpiadaları ilə bağlı norma nəzərdə  tutulmurdu. Bu dəyişiklik də uzun təhlillərə əsaslanır. Belə ki, 2015, 2016 və 2017-ci illərin olimpiada qaliblərinin ali təhsil müəssisələrinə qəbul zamanı göstərdikləri statistik rəqəmləri araşdırdıq. Gördük ki, 8 fəndən minimum orta bal coğrafiya olimpiadasında qalib yer tutanların nəticəsində özünü göstərib. 2017-ci ildə onların orta balı 648 bal, riyaziyyat üzrə yer tutanların isə 676 bal olub. Olimpiada qaliblərinin orta göstəriciləri 656 bal civarındadır. Bu da ona dəlalət edir ki, Respublika Fənn Olimpiadalarında təsadüfi şagird yer tutmayıb. Bu, çox ciddi yarışdır və ancaq yaxşıların yaxşısı seçilir”.

C.Bayramov olimpiadaların təşkilində həyata keçirilən islahatlardan da danışıb: “2014-cü ildən başlayaraq, beynəlxalq formata uyğun kifayət qədər əsaslı dəyişikliklər etdik. Qeyd edim ki, bizdə fənlərin sayı daha genişdir, nəinki Azərbaycanın da iştirak etdiyi dünya fənn olimpiadalarında”.

Təhsil naziri bu təşəbbüsdə nazirliyin məqsədini açıqlayaraq deyib: “Onları motivasiya etməliyik. Çünki bir çox halda belə faktların da şahidi oluruq ki, IX sinifdə olimpiadada iştirak edənlər yuxarı siniflərdə bilik yarışlarına qatılmaqda maraqlı olmurlar. Ali təhsil müəssisələrinə hazırlığa üstünlük verirlər. Ancaq olimpiadada qazandıqları uğurların da nəzərə alınacağından əmin olsalar, qatılmaqda tərəddüd etməzlər. Bunu nəzərə alaraq Respublika Fənn Olimpiadalarının qaliblərinə də ali təhsil sisteminə müsabiqədənkənar qəbul olunmaq şansı verməyi qərara aldıq. Ancaq Respublika Fənn Olimpiadalarının mükafatçıları dünya fənn olimpiadaları qaliblərindən fərqli olaraq, qalib olduqları fənnə uyğun ixtisas seçə biləcəklər”.

Bu qərar müvafiq qaydalar qəbul edildikdən sonra qüvvəyə minəcək. Qaydalar 5 ay müddətində hazırlanacaq. Həmin qaydalarda hər xırda ayrıntı müəyyən ediləcək. Məsələn, fizikadan Respublika Fənn Olimpiadası qaliblərinin hansı ixtisaslara imtahansız qəbul oluna biləcəyi dəqiq göstəriləcək. Həmin ixtisaslardan heç biri olimpiada qalibinin istəyinə uyğun deyilsə, imtahanlara qatılaraq arzuladığı ixtisas uğrunda mübarizə apara biləcək.

 

Pedaqoji təhsili olmayanlar da məktəblərdə dərs deyə biləcəklər

 

Ayrı-ayrı ixtisas və peşə sahələrinin mütəxəssislərinin peşə və ixtisas təhsili verən müəssisələrə dəvət olunması təcrübəsi dünyada yayılmaqdadır. Artıq Azərbaycanda da bu təcrübənin tətbiqi mümkün olacaq. Belə ki, “Təhsil haqqında” Qanuna əlavə edilən maddəyə əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər də məktəblərdə dərs deyə biləcəklər. Təhsil Nazirliyi Aparatının rəhbəri Fərzəli Qədirov bildirib ki, İKT, fizika, kimya sahəsində ali təhsilli peşəkar mütəxəssislər olsa da, onların pedaqoji təhsilləri yoxdur: “Belə yüksək hazırlığa malik mütəxəssislərin məktəblərdə müəyyən qaydalar çərçivəsində dərs deməsi yaxşı nəticə verə bilər. Xüsusən də təmayül siniflərində”.

 

Ali təhsillilər kollecə, kolleci bitirənlər ali məktəbə müsabiqədənkənar qəbul ola biləcəklər

 

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da, “Təhsil haqqında” Qanunda da ömürboyu təhsil prinsipi əsas tutulub. Hər kəs yaşının istənilən dövründə ixtisasını dəyişmək zərurəti ilə üzləşə bilər. Belə olan halda həmin şəxslər ikinci dəfə müsabiqədənkənar ali təhsil müəssisəsində və kollecdə də təhsil almaq hüququ qazanırlar.

Təhsil Nazirliyinin hüquq şöbəsinin müdiri Sübhi Kazımovun sözlərinə görə, üzərində ən çox düşünülən dəyişikliklərdən biri də ali təhsillilərin kollecə, kolleci bitirənlərin isə ali məktəbə müsabiqədənkənar qəbulu ilə bağlıdır. Bu fikirlər təşəbbüsə çevrilmədən Dövlət İmtahan Mərkəzi ilə də geniş müzakirə olunub: “Həmin müzakirələrdə ümumi qənaət belə olub: ali təhsilli şəxs orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilə bilər və onların müsabiqədə iştirakı vacib deyil. Son 3 ildə orta ixtisas təhsili müəssisələrinin ali təhsil müəssisələrinə inteqrasiyası gedir. Yəni, hər iki təhsil müəssisəsində kredit əsaslı təhsil təşkil olunub. Bundan sonra orta ixtisas təhsili müəssisələrini bitirən şəxslər də ali təhsil müəssisələrində müsabiqədənkənar oxuya biləcəklər”.

Beləliklə, “Təhsil haqqında” Qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə, kolleci bitirmiş şəxsin isə ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbuluna imkan yaradacaq. Qanun orta ixtisas təhsili müəssisəsini bitirmiş şəxsə müvafiq ixtisas üzrə ali məktəbə müsabiqədənkənar qəbul olmağa imkan verəcək. Təhsil naziri Ceyhun Bayramov dəyişikliyi belə əsaslandırır: “İndiyədək təhsilin pillələri arasında bir çox halda keçidlər yox idi. Hazırda kollec məzunu olmaq ali təhsil müəssisəsinə qəbulda heç bir imtiyaz qazandırmır. Kollecdə keçilən fənlər ali təhsil pilləsində nəzərə alınmır. Bunun da ədalətli olmadığını hesab etdik”.

Bununla bağlı qaydalar hazırlanacaq və müəyyən ediləcək ki, hansı ixtisaslar üzrə hansı ali məktəbə daxil olmaq mümkündür və kollecdə toplanan kreditlər ali məktəbdə necə nəzərə alınacaq. Təhsil naziri bu barədə deyib ki, yeni qanunda subbakalavr pilləsində təhsilini bitirənlər eyni ixtisas üzrə ali təhsil almaq istədikdə, ixtisasına uyğun əlavə imtiyazı olacaq. Hətta subbakalavr pilləsində qazandığı kreditlər ali təhsil pilləsində də nəzərə alınacaq. Odur ki, həmin tələbələrin ali təhsil pilləsini 4 deyil, 3 ilə də tamamlaması mümkün olacaq: “Ali təhsildən əldə edilən kreditlər də subbakalavr pilləsində nəzərə alınacaq. Sizə maraqlı ola bilər ki, ali təhsil sənədi alan birinin subbakalavr pilləsində təhsil almaq nəyinə lazımdır. Ancaq belə vəziyyətlərin şahidi oluruq ki, hər hansı səbəbdən insan təhsilini yarımçıq qoyur. Bu durumda o, ali təhsil müəssisəsindən arayış alır. Həmin arayışda tutaq ki, 3 il ərzində aldığı kreditlər barədə məlumat verilir. Həmin arayış onu alana ancaq ali təhsilini davam etdirmək istəsə, gərək ola bilər. Amma əmək bazarına daxil olmaq, işlə təmin olunmaq üçün heç nə vermir. Bu o deməkdir ki, bir sıra kompetensiyalar əldə edib, hansısa kreditin toplanması ali təhsil pilləsində təhsil sənədinin alınması üçün kifayət deyil. Ancaq oxşar ixtisasda subbakalavr diplomunu əldə etmək üçün kifayətdirsə, ali təhsil  müəssisəsində topladığınız kreditlər tanına və subbakalavr pilləsində təhsil sənədi ala bilər. Bəzi peşələr üzrə əmək bazarında yer tutmaq üçün subbakalavr diplomu kifayət edir”.

 

Müəllimlər sertifikatlaşdırılacaq

 

Təhsilin səviyyəsinin müəllimin səviyyəsindən asılı olduğu qənaəti artıq bir çox faktda təsdiqini tapıb. Odur ki, təhsil sistemində əsas hədəf müəllimlərin səviyyəsinin artırılmasına hədəflənib. Bunun nəticəsidir ki, bundan sonra hər 5 ildən bir təhsilverənlərin sertifikasiyası keçiriləcək. Sertifikasiya müvafiq icra hakimiyyəti tərəfindən aparılacaq. Üzrlü səbəblərdən sertifikasiyadan keçə bilməyənlər 1 il müddətində təkrar iştirak hüququna sahib olacaqlar. Hamilə qadınlar, ilk dəfə işə qəbul olunanlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiya olunmayacaq.

Bundan başqa, dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlər üçün də yeniliklər var. Qanuna görə, ümumtəhsil müəssisələrində çalışan müəllimlər sertifikatlaşdırılacaq. Bildiyimiz kimi, əmək qanunvericiliyində idarə, müəssisə və təşkilatlarda çalışan şəxslər 5 ildən bir attestasiyadan keçirlər. Bu məsələ ümumtəhsil müəssisələrində sertifikasiyadan keçmə ilə əvəz olunur. Sertifikasiyada müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafı nəzərdə tutulur.

Təhsil Nazirliyinin artıq qanuna çevrilən bu təşəbbüsünü təhsil naziri Ceyhun Bayramov ətraflı izah edib: “Müəllimlik kifayət qədər ciddi, ən vacib, cəmiyyətin tərəqqisinə təsir edən peşədir. Odur ki, müəyyən müddətdən bir müəlimlər biliyini nümayiş etdirməlidirlər. Sertifikasiya qaydaları hazırlanarkən Təhsil Nazirliyi ona çalışacaq ki, bununla müəllimlərin peşəkarlıq səviyyəsini müəyyənləşdirmək mümkün olsun. Sertifikasiyadan keçmək bir mərhələ olacaqsa, keçənlərin arasında orta və ya yüksək səviyyələri fərqləndirə bilək. Bu, onların stimullaşdırılması, o cümlədən karyera baxımından da önəmlidir. Müəllimlərin özü ilə yanaşı, şagirdlərinin nailiyyətləri də önəmli olacaq. İndi onun üzərində işləyirik ki, şagird nailiyyətləri deyəndə hansı ölçülə bilən göstəriciləri nəzərə almalıyıq ki, düzgün qiymətləndirmə mexanizmi yarada bilək. Bunun üçün də sadəcə 9 və 11-ci sinif buraxılış imtahanlarının nəticələri kifayət deyil”.

 

Təcrübi yolla peşəyə yiyələnənlərə də sertifikatlar veriləcək

 

Qanunda peşə təhsili ilə bağlı da dəyişiklik var. Belə ki, bu gün xidmət və digər sahələrdə çalışan insanlar var ki, onların nə dərəcədə peşəkar səviyyədə olması bilinmir. Peşələri xüsusi adamların yanında çalışmaqla öyrənənlərin bununla bağlı hər hansı bir sənədi olmur. Yeni qaydaya görə, həmin şəxslər müraciət əsasında öz bilik və bacarıqlarını təsdiq etmək üçün müəyyən bir prosedurdan keçib sertifikat və bununla da əmək bazarına daxil olmaq üçün əlverişli imkan əldə edəcəklər. Bu da ölkədə peşə təhsili sisteminin daha da təkmilləşdirilməsinə, məşğulluq imkanlarının artırılmasına ciddi şəkildə müsbət təsirini göstərəcək.

 

Beynəlxalq akkreditasiya

 

“Təhsil beynəlmiləlləşir. Beynəlxalq səviyyədə akkreditasiya edilən proqramların Azərbaycan təhsil sisteminin tərkib hissəsi olması artıq uzun illərdir ki, mövcud olan faktdır. Bizim ali təhsil sistemində beynəlxalq səviyyədə akkreditasiya olunan və dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom, birgə proqramların sayı da artmaqdadır. Belə imkanlar Azərbaycanda artıq mövcuddur. Bu tipli proqramların dünyanın aparıcı ali təhsil müəssisələrində tətbiq edən təhsil müəssisələri azərbaycanlı tələbələrə beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqramların nəticələri əsasında qəbul imkanları verir. Belə olan təqdirdə Azərbaycan daxilində eyni imkanları yaratmadıqda süni maneələr törədirik və onları xarici ali təhsil müəssisələrinə yönəldirik. Hesab edirik ki, bu, nə təhsil sisteminin maraqlarına, nə də dövlət siyasətinin maraqlarına  uyğun deyil. Odur ki, qanunvericiliyə bu uyğunluğun gətirilməsinin vaxtı çoxdan çatmışdı”.

Təhsil naziri Ceyhun Bayramov “Təhsil haqqında” Qanunda müvafiq dəyişikliyi əsaslandırarkən belə deyib. Həmin dəyişikliyə əsasən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (İB - Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education, Advanced Placement), yüksək yerləşdirmə təhsil proqramları ilə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Təhsil Nazirliyi Hüquq şöbəsinin müdiri Sübhi Kazımov bildirib ki, bundan sonra beynəlxalq təşkilat və ya xarici dövlətlər tərəfindən müəyyən edilən standartlara uyğun tətbiq edilən və məzunlarına 2 və daha çox xarici ölkənin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramları ilə təhsil alanlara da Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunmaq imkanı veriləcək: “Bu proqramlar əsasında təhsil alanlar indiyədək Azərbaycanda yalnız “ADA” Universitetində təhsil almaq imkanı əldə edirdi. Onlar əsasən bizim deyil, başqa ölkələrin təhsil müəssisələrinə qəbul oluna bilərdi. Bundan sonra həmin abituriyentlər “ADA” ilə yanaşı, ölkəmizin digər universitetlərində də təhsil ala biləcəklər”.

 

“Azərbaycan müəllimi” qəzeti


Açar sözlər: ,