28.06.2018

“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyunun 28-də “Azərbaycan müəllimi” qəzeti“Bank of Baku”nun birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, “Bank of Baku”nun İdarə Heyətinin sədri Eldar Həmidov, münsiflər heyətinin üzvləri, qaliblər və KİV təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki,  yazı müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatları göstərməkdir.

Müsabiqənin Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsindəki fəaliyyətinə həsr olunduğunu qeyd edən nazir müavini tədbirin ilk müstəqil respublikamızın bu sahədə atdığı addımların öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bildirilib ki, yazıların təqdim edilməsi üçün ayrılmış bir ay müddətində Təşkilat Komitəsinə 305 yazı daxil olub. Müsabiqəyə 47 şəhər və rayonun müəllimləri qatılıb.  Seçimin nəticələrinə əsasən iki yazı I,  iki yazı II, üç yazı III yerlərə layiq görülüb, 8 yazı həvəsləndirici mükafat alıb.

Nazir müavini qalibləri təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

“Bank of Baku”nun İdarə Heyətinin sədri Eldar Həmidov Cümhuriyyət dəyərlərinin öyrənilməsi və təbliğ olunması baxımından müsabiqənin əhəmiyyətindən danışıb, qalibləri təbrik edib, bankın Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində icra etdiyi onlarla layihə arasında bu layihənin xüsusi yer tutduğunu, cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bank rəsmisi qurumun sosial yönümlü layihələrə hər zaman həvəslə maliyyə dəstəyi verdiyini də xüsusilə diqqətə  çatdırıb.

Daha sonra çıxış edənlər müsabiqənin Azərbaycan Xalq Cümhuriyyəti dövründə aparılan təhsil islahatlarına öz münasibətlərini, təhsilimizin bugünkü inkişafı ilə bağlı rəy və mülahizələrini  bildirmələrinə imkan yaratdığını bildiriblər.

Sonda qaliblərə və münsiflər heyətinə müsabiqə təşkilatçıları tərəfindən diplom, hədiyyə və pul mükafatları təqdim olunub.

 


Açar sözlər: