14.06.2018

İlk zəngdən son zəngə

Təhsildə keyfiyyət ilinin nailiyyətləri

 

Daha bir tədris ili yekunlaşdı. Hər il olduğu kimi, yenə ilk zənglə başlayıb son zənglə başa çatsa da, təkrarsız, yeniliklərlə dolu bir il oldu. Bəs bu ildən geriyə nə qaldı?

Təhsil əhatə etdiyi bütün sahələrdə keyfiyyəti hədəf götürdü. “Təhsildə keyfiyyət ili” adı altında davamlı inkişafa hədəflənən planlar, gerçəkləşən çoxsaylı tədbirlər, bir-birini əvəz edən ardıcıl addımlar 2017-2018-ci tədris ilinin “Gündəliy”inə qeyd edildi.

 

Məktəbəqədər və ümumi təhsildə islahatların nəticəsi

 

Məktəbəqədər və ümumi təhsildə həyata keçirilən islahatlar ilin sonunda artıq öz nəticəsini verdi. Təhsilin bu istiqaməti üzrə ən böyük islahat təmayülləşmənin miqyasının genişlənməsi oldu ki, bu da ali təhsil müəssisələrinə qəbul imtahanlarında nəticələrin yüksəlməsi ilə müşayiət edildi. Yaxud, müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirməsini götürək. Dəyişərək təkmilləşən qaydalar müəllimlərin problemlərinin daha asan yolla həllini təmin etməklə yanaşı, onların öz üzərində işləyərək peşəkarlığının, bilik səviyyəsinin artırılmasında mühüm rol oynadı.

Beləliklə, məktəbəqədər və ümumi təhsildə hansı keyfiyyət dəyişikliyinə nail olunduğuna nəzər yetirək:

 

Təmayülləşmənin miqyası genişlənib

 

Yuxarıda qeyd etdiyimiz kimi, 2017-2018-ci dərs ilindən ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşməsinin miqyası genişləndi. Tətbiqi heç də sadə olmayan bu prosesdə hər bir məqam nəzərə alınmışdı. Yəni IX sinfi bitirən şagirdlərin meyil-maraqlarına görə düzgün seçimi, peşəkar səviyyəli pedaqoji heyətin formalaşdırılması, məktəblərdə lazımi təlim-tərbiyə şəraitinin yaradılması, təhsilin məzmununun müasir çağırışlara uyğun optimal müəyyənləşdirilməsi diqqətlə ölçülüb-biçilib sonra icraya yönəldildi.

Beləliklə, icbari ümumi orta təhsil səviyyəsində fənlər üzrə zəruri minimum bilik və bacarıqlara yiyələnən şagirdlər üçün tam orta təhsilin marağa uyğun təşkili ümumi təhsil sistemində yeni mərhələnin əsasını qoydu. Nəticədə 2017-2018-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 onuncu sinfinə 27005 nəfər  şagird cəlb olundu.

 

Azərbaycan məktəblilərinin bilik hərəkatı

 

Respublika fənn olimpiadaları ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır. Bu yarışlar ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanmasına xidmət edir. Onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədi daşıyır. Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilsə də, bu yarışlarda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərinə də tez-tez rast gəlinir.

Builki Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak etdi, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edildi.

Ölkəmizdə keçirilən olimpiadaların 4 ildir artan dinamika ilə inkişafı nəzərdən qaçmayıb. 4 il öncə bu yarışa 22 min şagird qatıldığını nəzərə alsaq, ildən-ilə artan dinamika güclənən etimad və böyüyən maraqla izah oluna bilər. Belə ki, olimpiada 3 ildir fərqli qaydalarla müxtəlif formatda keçirilir. Hər il iştirakçıların sayının artması gərgin müsabiqə şəraiti yaradır və kifayət qədər böyük rəqabət mühiti formalaşır. Artım dinamikasının ayrı-ayrı fənlər üzrə də müşahidə olunması olimpiadanın məqsədinə çatdığının göstəricisidir.

Respublika fənn olimpiadalarında fəal iştirak ölkəmizin beynəlxalq bilik yarışlarındakı nəticələrinə təsirsiz ötüşmür. Elə götürək sonuncu dərs ilini. 2017-2018-ci tədris ilində beynəlxalq olimpiadalarda qazanılmış medalların sayı 13 olub.

Onu da qeyd edək ki, beynəlxalq olimpiadalarda təmsil olunan komandalarımız əksər hallarda ən gənc komandalar olur. Tərkibində 7-8-ci sinif şagirdləri də olan komandalarımız nümayiş etdirdikləri biliklə ölkəmizi fərqləndirirlər. Bunun nəticəsidir ki, beynəlxalq olimpiadalarda olan medal sayı ildən-ilə yaxşılaşır.

Xatırladaq ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər ölkəmizə 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla, ümumilikdə 109 medal gətiriblər. Bu da müstəqillik dövründə qazanılan bütün medalların təxminən 35 faizidir.

 

Heydər Əliyev yolu şagirdlərin təqdimatlarında

 

Artıq 3-cü ildir ki, IX-XI sinif şagirdləri ulu öndərlə bağlı düşüncələrini, arzularını “Ən yaxşı təqdimat” müsabiqəsində ifadə edirlər. İqtisadi cəhətdən inkişaf etmiş mərkəzi şəhərlərdə yerləşən ən nüfuzlu məktəblərdən tutmuş ucqar kəndlərdəki kiçik məktəblərə qədər hər yerdən məktəblilər dahi şəxsiyyətlə bağlı ürək sözlərini ədəbi-bədii dillə, öz tərzində təqdim edirlər. Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 8 nəfər I, 14 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olundu.

Qeyd edək ki, təkcə birinci yerə layiq görülən 8 nəfərdən 5-nin kənd məktəblərindən, hətta rayon mərkəzindən 30 kilometrədək uzaqlıqda yerləşən təhsil müəssisələrindən seçildiyini nəzərə alsaq, müsabiqənin miqyasını və əhəmiyyətini, şəffaflığını və ədalətliliyini təsəvvür etmək daha asan olar.

 

“Ədəbiyyat biliciləri”

 

Mütaliə vərdişlərinin təkmilləşdirilməsi, şagirdlərdə bədii ədəbiyyata marağın daha da artırılması, ədəbi biliklərin genişləndirilməsi, kitaba sevginin yaradılması məqsədi ilə artıq üçüncü ildir ki, keçirilir. Bu ümumrespublika  müsabiqəsi ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərini əhatə edir. Müsabiqənin builki nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnamayə layiq görülüb.

 

Müəllimlər diaqnostik qiymətləndirmədə

 

Məlum olduğu kimi, Azərbaycanda əvvəllər heç vaxt müəllimlərin qiymətləndirilməsi aparılmayıb. İlk dəfə 2014-cü ildə başlayan proses 2017-ci ildə başa çatıb və ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub. Beləliklə, 2014-2018-ci illər ərzində respublika üzrə ümumilikdə 140000-dən çox pedaqoji işçi diaqnostik qiymətləndirmədən keçib və qiymətləndirməyə cəlb edilmiş müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb. Əvvəllər az bal toplayan və yaxud topladığı balla qane olmayanlar diaqnostik qiymətləndirilməsi üçün yenidən müraciət ediblər. Nəticədə 2018-ci ildə 16000-dən, 2017-ci ildə 49000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib.

Məlumat üçün bildirək ki, diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı nəzərə alınır. Onların bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi dərs yükünün rasional bölüşdürülməsinə xidmət edir. Yüksək nəticə göstərənlərin dərs yükü norması və əməkhaqqı, bununla da maddi rifahı yaxşılaşdırılır.

Sadəcə müəllimlərin deyil, regionlardakı məktəbdənkənar təhsil müəssisələrinin dərnək rəhbəri və məşqçi-müəllimlərinin də bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilir. Bu il 3616 nəfər dərnək rəhbəri və məşqçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib. Bu da regionlar üzrə pedaqoji işçi heyətinin ümumi sayının 88,32 faizi deməkdir. On beş istiqamət üzrə aparılan qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzrə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılıb. Onu da bildirək ki, müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri kimi, bu imtahanın nəticələri də nəzərə alınır. Belə ki, məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı müəssisələrin yeni tərkibinin müəyyənləşdirilməsində dərnək rəhbəri və məşqçi-müəllimlərin qiymətləndirmədəki nəticələri əsas götürülür.

 

477 müəllimlə yeni müqavilə

 

Müəllimlər üçün bu il ilk dəfə həyata keçirilən daha bir yenilik müddətli müqavilə ilə işləyənlərin daimiləşməsi üçün onlarla müsahibələrin təşkil edilməsi oldu. Bu məqsədlə martın 29-dan ölkə üzrə sənəd qəbulu aparıldı. Tələb edilən meyarlara uyğun olduğunu hesab edən hər kəs müraciət edərək müsabiqəyə qatıldı. Əvvəlki illərdə buna bənzər layihələr olsa da, bu dəfə ümumtəhsil müəssisələrində müddətli müqavilə ilə işləyən müəllimlərin həmin yerlərə daimiləşdirilməsi mərkəzləşdirilmiş qaydada ilk dəfə reallaşdırıldı. Uyğun hesab edilən 477 nəfərlə bağlı müsbət qərarlar verildi və onlar işlədikləri yerlərə daimi müəllim olaraq qəbul edildilər. Həmin şəxslər 2016-2017-ci və 2017-2018-ci tədris illəri üzrə müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan və ümumi təhsil müəssisəsinə müddətli əmək müqaviləsi əsasında işə qəbul edilən müəllimlər idi.

 

Müəllimlərin yerdəyişməsində yenilik

 

Bu il müşahidə edilən ən çox yenilik müəllimlərin yerdəyişməsi müsabiqəsində oldu. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq edilməklə həyata keçirilir. Namizədlər işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak edibsə, ona müsabiqəyə qatılmaq istədiyi balı seçmək imkanı verilir. Həmçinin güzəştli kateqoriyalara əvvəlcədən müəyyən edilən bal artımı tətbiq olunur.

 

Yüksək bal toplayanlar arasında hədəfi müəllimlik olanların sayı ildən-ilə artır

 

Bütün bu islahatlar istər-istəməz müəllim peşəsinin nüfuzunun artmasına gətirib çıxarır. İstər müəllimlərin diaqnostik qiymətləndirilməsi və bunun nəticəsi olaraq onların maaşının artırılması, istər müəllimlərin və məktəb direktorlarının işə qəbul qaydalarında ədalətli, şəffaf sistemin yaradılması, istərsə də kənd məktəblərində işə qəbul olunmuş gənc mütəxəssislərə həvəsləndirmə tədbirləri, “Gələcəyin müəllimi təqaüdü”nün təsis edilməsi gənc müəllimlər üçün stimula çevrilir. Hətta müsabiqədə yüksək bal toplayan gənc müəllimlərin ucqar kənd məktəblərində işləməyə üstünlük verdikləri də müşahidə edilir. Təhlillər göstərir ki, yüksək bal toplayan və müəllimlik ixtisasını ilk sırada seçən tələbələrin sayı ildən-ilə artır. Bu artım dinamikası, sadəcə yüksək bal toplayıb müəllim olmaq arzusunda olanlara Təhsil Nazirliyinin verdiyi əlavə təqaüdlə izah oluna bilməz. Gənclər həm də ona görə müəllim olmaq istəyirlər ki, bu peşənin nüfuzu artır. Bunu rəqəmlər də təsdiq edir. Məsələn, 2014-cü ildə 500  və daha artıq bal toplayan 674 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 olub.

2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının yaz sessiyasında da belə faktlarla qarşılaşdıq. 600-də çox bal toplayan eyni sinifdən iki şagirdin müəllimliyi seçməsi faktı İsmayıllı rayonunda müşahidə edildi. Belə faktları nəzərə alsaq, bu il yüksək balla müəllimliyi seçənlərin artacağı şübhə doğurmur.

 

PIRLS qiymətləndirilməsində nəticələr yüksəlib

 

İbtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı olan PIRLS 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan bu proqrama ilk dəfə 2011-ci ildə qoşulub və bu, ölkəmizin ikinci iştirakıdır. Təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox şagird, 340 müəllim və 6000-dən çox valideynlə bu beynəlxalq tədqiqatda yer alan Azərbaycan özünəməxsus mövqeyi ilə seçilib. PIRLS-2016 tədqiqatında iştirak edən 4-cü sinif şagirdlərinin nəticələrinə gəlincə, nəticələr ürəkaçandır. Belə ki, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal artaraq 462 baldan 472 bala yüksəlib. “PIRLS 2011” tədqiqatının nəticələri ilə müqayisədə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin faizi isə 10 faiz azalaraq 37-dən 27-yə enib.

 

Birinci siniflərə elektron qəbulun əhatə dairəsi genişlənib

 

Bu il 51 mindən artıq uşağın birinci sinfə qəbul olacağı proqnozlaşdırılır. Təhsil Nazirliyi vətəndaş məmnuniyyətinə nail olmaq və şəffaflığı təmin etmək məqsədi ilə artıq 4 ildir ki, Bakı şəhərində məktəbə qəbulu elektron sistem vasitəsilə aparır. Bu ildən ilk dəfə olaraq Gəncə və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda da eyni qayda tətbiq edildi.

Beləliklə, 2018-2019-cu dərs ili üçün Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin  I siniflərə şagird qəbulu elektron sistem vasitəsi ilə həyata keçirilir. İyunun 11-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 58 minə yaxın sorğu yerləşdirilib. Belə ki, paytaxt məktəblərinin I sinfinə qəbul üçün bu günədək 42325 sorğu yerləşdirilib. Abşeron rayonu üzrə 5776, Gəncə şəhəri üzrə 3802, Sumqayıt şəhəri üzrə 5353 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, sözügedən xidmət “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinə uyğun olaraq həyata keçirilir.

 

İnformatika fənninin yeni formatda tədrisi

 

Təhsil Nazirliyi 2017-2018-ci dərs ilindən proqramlaşdırmanın tədrisi məqsədi ilə informatika fənni üzrə “Rəqəmsal bacarıqlar” pilot layihəsinin mərhələlər üzrə tətbiqinə başlayıb. Layihə çərçivəsində alqoritmik düşüncə və məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və proqramlaşdırmanın əsasları öyrədilir. İnformatika fənninin yeni formatda tədrisindən ibarət olan layihəyə Bakı məktəblərindən start verilib. Artıq 45 məktəb üzrə 240 sinifdə 6500-ə yaxın V sinif şagirdi əhatə olunub. İnformatika fənninin yeni formatda tədrisi 150-dən çox müəllim tərəfindən aparılır. Həm rus, həm də Azərbaycan dilində həyata keçirilən tədris prosesi ilə bağlı çoxlu müsbət rəy var.

 

Peşə təhsilində canlanma

 

 

Təhsilin bütün sahələrində olduğu kimi, peşə təhsilində də canlanma yaranıb. Ötən dərs ilində bu istiqamətdə bəzi ciddi addımlar atılıb. Məsələn, qanunvericilik bazası təkmilləşdirilib. İlk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin plenar iclasında qanun qəbul olunub. “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb.

Ötən dövr ərzində peşə təhsili müəssisələri üzrə 1350 mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilib.

 

800-dən artıq ümumtəhsil fənn, 200-dən artıq ixtisas fənn müəllimləri və ustalar ölkəmizdə və ölkədən kənarda keçirilən seminarlarda, o cümlədən pedaqogika, didaktika, kurikulumun hazırlanması və tədrisi üzrə təlimlərdə iştirak ediblər.

                “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin və regionlarda (Gəncə, Bərdə, Qax, İsmayıllı, Qəbələ və Cəlilabad) peşə təhsili müəssisələrinin fəaliyyətinə dəstək məqsədilə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb.

 

“ASAN Peşə” təhsil mərkəzi

 

2018-ci il fevralın 27-də Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “ASAN Peşə” təhsil mərkəzi yaradıldı.

“ASAN Peşə” Təhsil Mərkəzi müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Layihəyə uyğun olaraq, “ASAN Peşə” Təhsil Mərkəzində 4 istiqamət - elektrik, mexanik, santexnik, tikişçi ixtisasları üzrə  tədris aparılacaq.

 

Koreya təhsil standartları əsasında Peşə Təhsil Mərkəzinin təməli qoyulub

 

Koreya təhsil standartları əsasında Peşə Təhsil Mərkəzinin isə hələlik təməli qoyulub. Belə ki, 2019-2020-ci dərs ilində fəaliyyətə başlaması nəzərdə tutulan müasir standartlara uyğun təhsil müəssisəsi - Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi tamamilə Koreya təhsil standartları əsasında qurulacaq. Azərbaycan və Koreya hökumətləri arasında əldə edilən razılaşmaya uyğun olaraq bu peşə təhsil müəssisəsi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunacaq. Nümunəvi təhsil müəssisəsi olan Peşə Tədris Mərkəzində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacaq. Layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir maddi-texniki bazaya sahib olacaq.

 

Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi bu il - 2018-ci il yanvarın 26-da olub.

 

Avropa İttifaqı peşə təhsilində baş verən dəyişikliklərdən razıdır

 

Peşə təhsili müəssisələrinin maddi-texniki bazası da gücləndirilir. Təkcə onu demək kifayətdir ki, Bakı və Gəncə şəhərlərində yerləşən peşə təhsili müəssisələrində quraşdırılması üçün Çin Xalq Respublikasından ölkəmizə 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitləri gətirilib.

 

 

 

Peşə təhsili sahəsində əldə edilən irəliləyiş diqqətdən qaçmayıb. Bu, Avropa İttifaqının 2018-ci il üçün Azərbaycan üzrə biznes mühiti hesabatında əksini tapıb. Hesabatda Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb.  Ötən illə müqayisədə bu il sorğuda iştirak edən şirkətlərin sayı 31 faiz artıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması qeyd edilib. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin 24 faizi peşə təhsili və təliminin qənaətbəxş olduğunu bildirib. Bu rəqəm 2017-ci illə müqayisədə 4 dəfə çoxdur. Eləcə də peşə təhsili ilə bağlı İKT sektorundan sorğuya cəlb edilən 7 iştirakçıdan 6-sı bu sahəni qənaətbəxş kimi qiymətləndirib.

 

Ali təhsil və elm: ümidlər artır

 

Ali təhsil və elm istiqaməti üzrə qət edilən məsafə də kifayət qədər böyükdür. Tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, beynəlxalq reytinq cədvəllərində Azərbaycan universitetlərinin təmsil olunması, Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Sabahın alimləri” musabiqəsinin qalibləri olan şagirdlərimiz tərəfindən hazırlanan 2 ixtiraçılıq işinin xüsusi mükafatlara layiq görülməsi və başqa faktlar ali təhsil pilləsində də, elm istiqaməti üzrə də gələcəyə ümidləri artırır.

 

Köçürülmə ilə bağlı 1067 sorğu təsdiq edilib

 

Ölkəmizdə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə artıq 2016-cı ildən ardıcıl addımlar atılır. “transfer.edu.az” portalının istifadəyə verilməsi ilə başlayan proses xüsusi vüsət alıb. Artıq 2 ildir ki, tələbələrin yerdəyişməsi və köçürülməsi elektron sistem əsasında uğurla həyata keçirilir. Köçürülmədə edilən bu dəyişikliklər sadəcə tələbələrin rahatlığına səbəb olmayıb, həm də prosesin şəffaflığını təmin edib.

Beləliklə, “transfer.edu.az” portalı vasitəsi ilə 2018-ci ildə bakalavriat və magistratura üzrə 1067 nəfərin sorğusu təsdiq olunub. Bakalavriat üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib.

 

225 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

 

2017-2018-ci tədris ilində hökumətlərarası müqavilələr çərçivəsində 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb.

2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi ilə Təhsil Nazirliyi tərəfindən seçimlər aparılıb, 250-yə yaxın Azərbaycan vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib.

 

Azərbaycan universitetləri beynəlxalq reytinq cədvəllərində

 

 

Ali təhsil pilləsində müşahidə edilən keyfiyyət dəyişikliyi bir çox məsələlərdə, o cümlədən beynəlxalq reytinq cədvəllərində əksini tapıb. Belə ki, Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinq cədvəlində Azərbaycanın 6 ali təhsil müəssisəsi 300 ən yaxşı ali məktəb sırasında qərarlaşıb: Bakı Dövlət Universiteti (95), Xəzər Universiteti (100), Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).

 

Nəşr aktivliyinə görə Azərbaycan regionda birincidir

 

“Clarivate Analytics” (“Thomson Reuters”) şirkəti ilə 2015-ci ildən başlanan əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz artım müşahidə olunub. İmpakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68 faiz artım qeydə alınıb.

 

Nəşr aktivliyinin son 3 ildəki artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə publikasiya sayı üzrə ən yüksək göstərici (1118 elmi tədqiqat işi) qeydə alınıb, ilkin təhlillərə əsasən ölkə üzrə ümumi publikasiyaların təxminən 43 faizi məhz ali  təhsil müəssisələrinin payına düşüb.

 

Şagirdlərimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində

 

Azərbaycan təhsil sisteminin uğurunu təsdiq edən növbəti fakt dünyanın ən böyük şagird elmi müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində qeydə alındı. “Kiçik Nobel mükafatı” müsabiqəsi də adlandırılan bu beynəlxalq tədbirdə iştirak edən azərbaycanlı şagirdlər öz elmi nailiyyəti ilə fərqləndilər. Bu ilin mayında ABŞ-da təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Sabahın alimləri” müsabiqəsinin qalibləri olan şagirdlərimiz tərəfindən hazırlanan 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğlərində xüsusi mükafatlara layiq görüldü.

Qeyd edək ki, dünyanın ən böyük şagird ixtiraçılıq sərgisində hər il 75 ölkədən 1800-dən çox məktəbli iştirak edir və qalib işlərin 30 faizi patent alır.

 

“SABAH” qruplarını 850-yə yaxın məzun bitirir

 

Hər hansı başqa ölkədən götürülmüş bir təşəbbüs deyil, Azərbaycanın formalaşdırdığı bir təhsil modeli olan SABAH qrupları ölkəmizdə böyük rezonans yaradıb. 2017-2018-ci dərs ilində 12 ali təhsil müəssisəsində 32 ixtisas üzrə 851 tələbə müsabiqədən keçərək SABAH qruplarına qəbul olub. SABAH qrupları artıq ikinci ildir ki, öz məzunlarını yola salır. 2016-2017-ci tədris ili üzrə bu qrupların ilk məzunlarının sayı 722 nəfər olub. Cari tədris ilində isə 850-yə yaxın SABAH məzunu təhsilini başa vurur.

 

“Təhsil haqqında” Qanuna dəyişiklik

 

Təhsil Nazirliyi tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsi barədə təkliflər layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Təkliflərdə qanunun 24 maddəsinə dəyişiklik edilməsi, 2 yeni maddənin isə əlavə olunması göstərilib. Layihədə pedaqoji fəaliyyətin tənzimlənməsi, təhsilverənlərin əmək münasibətləri və sair məsələlər yer alıb.

İyunun 12-də Milli Məclisin iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə səsə qoyularaq qəbul olunub.

 

 

Bir azdan son zəng çalınacaq

 

Beləliklə, başa vurduğumuz dərs ilində təhsilin bütün istiqamətlərində irəliyə doğru addım qeydə alınıb. Bir azdan isə son zəng səslənəcək. Bu zəng şagirdləri məktəb partalarından müvəqqəti və ya birdəfəlik ayırsa da, islahatların davamlılığına təsir göstərməyəcək. Şagirdlər yay istirahətinə başlayanda Təhsil Nazirliyi həyata keçirəcəyi təhsil islahatlarının növbəti mərhələsinin bu nöqtədən sonrakı ştrixlərini müəyyənləşdirəcək.

 

 

“Azərbaycan müəllmi” qəzeti