11.06.2018

Şagirdlərimiz beynəlxalq yarışda

Bakı Avropa Liseyinin şagirdləri Estoniyada keçirilən Açıq Beynəlxalq turnirdə  iştirak ediblər.

“FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışının çempionu olan Bakı Avropa Liseyini təmsil edən “Robo Sapiens” komandasınınü üzvləri Murad Quliyev, Əkbər  Ocaqverdiyev, Emil Hacıyev və Ərtoğrul Həsənli bu mötəbər yarışda ölkəmizi təmsil edib.

Yarışın məqsədi məktəb şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.

Qeyd edək ki, mayın 12-də “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçirilib. Yarışda hər birində dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayıb. Şagirdlər ərsəyə gətirdikləri layihələri  3 turda onlara ayrılmış 2.5 dəqiqə ərzində  münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Məktəblilər əyləncəli bir mühitdə  elmi və texnoloji xarakterli problemləri  qaldırıb və onların həlli  yollarını araşdırmağa cəhd ediblər.

Qaliblərə  medal və sertifikatlar,  müxtəlif kateqoriyalar üzrə qalib komandalara  isə kuboklar təqdim olunub.

Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL yarışı 1999-cu ildən bəri hər il təşkil edilir. FLL yarışına dünyanın 80-dən artıq ölkəsindən 250 mindən çox məktəbli cəlb edilir. Yarışın keçirilməsinin məqsədi şagirdlərin elm və texnologiyalara marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməyə həvəsləndirməkdir.

Ölkəmizin bir sıra dövlət və özəl ümumtəhsil məktəb şagirdlərinin iştirak etdiyi yarış Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və “PAŞA Bank”,“Enginet” şirkəti, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə keçirilib.


Açar sözlər: ,