• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər”

İyunun 7-də "ADA" Universitetində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin  dəstəyi ilə “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər”  mövzusunda III  beynəlxalq elm və  təhsil konfransı öz işinə başlayıb.

Tədbirdə  təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə  Abbaszadə, ali məktəblərin rektorları, beynəlxalq ekspertlər, KİV nümayəndələri  iştirak edib.

Tədbiri giriş sözü ilə açan  "ADA" Universitetinin  prorektoru Vəfa Kazdal   qeyd edib ki, ikigünlük konfransın əsas məqsədi 2013-cü ilin oktyabrında ölkə Prezidenti cənab  İlham Əliyevin imzaladığı  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsindən ötən son  beş il ərzində əldə edilmiş nəticələrin beynəlxalq təcrübə ilə müqayisədə təhlili və müzakirəsini aparmaqdır. Vəfa Kazdal  elmi konfransa  50-dən çox tədqiqat işinin təqdim olunduğunu, onlardan 15-nin  Elmi Şura  tərəfindən bəyənildiyini, konfransın gedişində iştirakçılara təqdim olunacağını bildirib.

Təhsil naziri Ceyhun Bayramov çıxışına bir neçə gün əvvəl  "ADA"  Universitetində  keçirilən tədbirdə ölkə başçısı cənab İlham Əliyevin səsləndirdiyi “Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər.  Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin”  fikri ilə başlayıb.

Nazir qeyd edib ki, təhsil sahəsində strateji hədəfləri müəyyən edən və Təhsil Nazirliyi üçün fəaliyyət planı xarakteri daşıyan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan təxminən 5 il vaxt keçir. Bu müddət ərzində bir sıra hədəflərə çatmaq istiqamətində əhəmiyyətli addımlar atılıb, mühüm nailiyyətlər qazanılıb. Təhsilin məzmunu, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə sahəsində bir çox təşəbbüslər reallaşdırılıb, pilot layihələr həyata keçirilib. Təhsil siyasətinin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, bərabər imkanlar və səmərəlilik baxımından müsbət dinamika əldə edilib. Bundan əlavə, tədris planlarının strukturu, dərs yükünün həcminin, digər amillərin şagird nailiyyətlərinə və sağlamlığına təsiri, ayrı-ayrı fənlərin məzmun və qiymətləndirmə çərçivələri istiqamətində tədqiqatlar Təhsil Nazirliyinin maraq dairəsindədir.

Təhsil naziri son 3 ildə Azərbaycanda məktəbəhazırlıq ilə əhatəlilik səviyyəsinin 24 faizdən 65 faizə qədər yüksəldiyini, bu prosesin heç bir zaman məktəbəhazırlıq təşkil edilməyən yüzlərlə yaşayış məntəqəsini əhatə etdiyini deyib. Nazir bildirib ki, ölkənin tarixində ilk dəfə olaraq 130 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb edilib, onların müvafiq ehtiyacları müəyyən olunub. Digər müsbət tendensiya yüksək bal toplayan abituriyentlərin müəllimlik peşəsini seçməsidir. 2014-cü ildə 500 bal və daha artıq toplayan 674 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub.

Şagirdlərin I sinfə qəbulu zamanı elektron sistemin tətbiq edilməsi, məktəb-icma münasibətlərinin yaxşılaşdırılmasından danışan təhsil naziri həmçinin digər tədbirləri də qeyd edib.

Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə belə bir platformanın təhsil sisteminin inkişafı üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib. Məleykə  Abbaszadə təhsillə bağlı innovasiyaların, elmi nəticələrin mütəxəssislər tərəfindən müzakirəsinin keçirilməsinin vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, bu cür müzakirələr ictimai marağı və fikri müvafiq istiqamətə  yönəldə bilər.

Son illər milli təhsilimizin inkişafında yeni mərhələ başlanıldığını deyən Məleykə Abbaszadə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

"ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə isə Dövlət Strategiyasının qəbulu və sonrakı illərdə təhsil sistemindəki dəyişikliklərdən danışıb.  Onun sözlərinə görə, Dövlət Strategiyasının qəbulundan keçən müddət ərzində dünyada təhsil sahəsində sürətli dəyişikliklər baş verib. Buna görə də strategiya sənədinin bəzi müddəalarının dəyişilməsi zərurəti yaranıb.

Daha sonra Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub. Müraciətdə Dövlət Strategiyasının istiqamətləri barədə mövcud beynəlxalq təcrübə konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Konfrans işini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na dair dörd istiqamətdə - “Bacarıqlara əsaslanan təhsil məzmununun inkişaf etdirilməsi”, “Təhsil sistemində insan resurslarının müasirləşdirilməsi”, “Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması” və “Son texnoloji tələblərə cavab verən infrastrukturun yaradılması” panelləri üzrə davam etdirib.


5 il əvvəl