07.06.2018

“Lənkəran iqtisadi rayonunda Regional Model Peşə Təhsil Mərkəzinin yaradılması” layihəsinin təqdimatı

İyunun 6-da Cəlilabadda “Lənkəran iqtisadi rayonunda Regional Model Peşə Təhsil Mərkəzinin yaradılması” layihəsinin təqdimat mərasimi keçirilib.

Mərasim Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” layihəsi çərçivəsində Lənkəran regional komponenti üzrə təşkil olunub. Layihənin məqsədi Lənkəran iqtisadi rayonunda Regional Model Peşə Təhsil Mərkəzinin yaradılmasına dəstək göstərmək və peşə təhsilinin keyfiyyətini artırmaqdır.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, BMTİP-nin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti, Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun direktoru Lorens Meredit, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili çıxış edərək təqdim olunan layihənin Lənkəran iqtisadi rayonunda peşə təhsilinin inkişafında mühüm rol oynayacağını vurğulayıb, layihənin icrası istiqamətində uğurlar arzulayıblar.

Layihə rəhbəri Eltəkin Ömərov təqdimatla çıxış edərək tədbir iştirakçılarına layihənin icra mexanizmi, fəaliyyətləri və peşə təhsilinin inkişafı sahəsində əhəmiyyəti barədə geniş məlumat verib.

Tədbirdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin,  “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” layihəsinin əməkdaşları, peşə təhsili müəssisələrinin və digər qurumların nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edib.

Sonda layihə çərçivəsində görüləcək işlər barəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakirə edilib.


Açar sözlər: