02.06.2018

Ana dilində ilk orta məktəb

Milli kadrların yetişdirilməsində “Şaiq adına nümunə məktəbi”nin əvəzsiz işi

 

1918-ci ilin 28 may tarixində Azərbaycan xalqının həyatında çox mühüm bir hadisə baş verdi. Şərqdə ilk müstəqil, demokratik, parlamentli Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında İstiqlal Bəyannaməsi elan edildi.

Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti milli tariximizə ilk dəfə Azərbaycan türkcəsini dövlət dili elan edən və dövlət dilini təhsil müəssisələrinin əsas tədris dilinə çevirən, çağdaş ali təhsil və elm ocağı təsis edən, ilk milli məktəblər şəbəkəsi yaradan, ümumi icbari təhsilə keçid prosesinə başlayan, çoxsaylı müəllim seminariyaları və pedaqoji kurslar açan, dövlət himayəsində ilk məktəbəqədər tərbiyə müəssisələrinin əsasını qoyan, dövlət səviyyəsində  100 nəfər azərbaycanlı gənci xarici ölkələrin ali təhsil müəssisələrinə oxumağa göndərən, əlifba islahatı ilə Avropa mədəniyyətinə yaxınlaşmaq yolunda ilk addımlar atan demokratik, hüquqi, dünyəvi, sivil dövlət kimi daxil oldu.  Elə buna görə də AXC hökumətinin tarixini tədqiq edən Qərb tədqiqatçıları o dövrün milli hökumətini “maarifçi hökumət” kimi dəyərləndirirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər Azərbaycanda ana dilində orta məktəb yox idi. Ana dili o dövrün orta təhsil ocağı sayılan realnı məktəblərdə həftədə bir-iki dəfə keçirilir və məcburi olmayan fənn hesab olunurdu. İlk dəfə orta təhsilin milliləşməsi AXC hakimiyyəti illərində həyata keçirilmişdi. Pedaqogika tarixindəki bu böyük hadisə qüdrətli sənətkarımız, müəllimlər müəllimi Abdulla Şaiqin adı ilə bağlıdır. Abdulla Şaiq Azərbaycan romantizminin görkəmli nümayəndəsi, anadilli milli məktəblərin banisi, şair, dramaturq və yazıçı, müəllim və publisist, fəal ictimai xadim idi. O özü bütünlüklə xalqa xidmət nümunəsi idi, əsərlərində də müəllim kimi hamıya bunu tövsiyə edirdi. 1924-cü ildə tələbələrindən birinin xatirə albomuna yazmışdır: “Yüksəlmək, həqiqi bəxtiyarçılığa çatmaq özünü deyil, başqalarını yaşatmağa çalışmaqdır. Zira ki, həqiqi bəxtiyarlar cəmiyyət üçün yaşayanlardır”. 

Vətənini, xalqını, doğma dilini məhəbbətlə sevən Abdulla Şaiq “Xatirələrim”də yazırdı: “Milli vicdan milli məktəblərdə doğar. Məktəb və müəllimləri olmayan bir millət müəyyən bir sima və məfkurəsi olmayan bir cocuğa bənzər ki, öz xeyir və şərini düşünə, dost və düşmənini fərq edə bilməz.

Cocuqlara özünü tanıdan, milli hisslərini, ruhlarını yüksəldən, onların dağ çeşmələri qədər saf və təmiz ürəklərində böyük bir məfkurə doğuran, gələcəkdə sevgili vətəni üçün ən dəyərli övlad yetişdirən və sarsılmaz bir qüvvət hazırlayan məktəblərdir. Məktəblər millətin nur və səadət çırağıdır. Bəli, iqrar etməliyik ki, indiyədək milli məktəblərimiz olmadığından xalqımız naminə heç bir şeyimiz yox idi”.

Yazıçılığından artıq müəllimliyi ilə iftixar edən maarif fədaisi Abdulla Şaiq 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin bir-birinin ardınca mədəni tədbirlər həyata keçirdiyi bir zamanda məktəblərin milliləşməsi üçün ilk addımı atdı. Onun təşəbbüsü ilə bütün fənlərin rus dilində tədris edildiyi Bakı I realnı məktəbin nəzdində  Azərbaycan dili üzrə üç aylıq kurs açıldı. Bu kursu qurtaran şagirdlər üçün 49 rus sinfi olan Bakı I realnı məktəbində bütün fənlərin Azərbaycan dilində tədris edildiyi bir sinif (üçüncü sinif) açıldı. Bu sinifdə 25 şagird oxuyurdu. Onlar 1924-cü ildə ana dilində orta məktəbi bitirən ilk məzunlar oldular. Ədib öz xatirələrində yazırdı ki, Cümhuriyyət dövründə siniflərin milliləşdirilməsi ilə bilavasitə özü məşğul olmuş, valideynləri yığaraq onların bir-bir razılığını almış, çarizm havası ilə hərəkət edən bəzi rus pedaqoqları ilə mübarizə aparmışdır.

Azərbaycan maarifi tarixində ana dilində ilk təhsil almış şagirdlər, sonralar görkəmli elm, mədəniyyət xadimləri olaraq, həmin məktəbin müəllimlərindən Abdulla Şaiq Talıbzadəni, Camo Cəbrayılbəylini, Qafur Rəşad Mirzəzadəni, Xudaverdi Kələntərlini və başqalarını həmişə böyük məhəbbətlə yad edirdilər. Məktəbi bitirən tələbələr ali məktəblərə imtahansız qəbul olundular ki, bu da öz növbəsində sonralar  sovet respublikasında kadr məsələsinin həllinə böyük kömək göstərmişdi.

İlk milli orta məktəbin buraxılışına həsr edilmiş  təntənəli iclasda Nəriman Nərimanov da iştirak edirdi. O, üzünü məzunlara tutub demişdi: “Sizə birinci vəsiyyətim budur ki, həyatda çalışqan olun, qorxaq olmayın, həmişə xalqımızın irəli getməsinə çalışın”. Həmin sinfi bitirənlər içərisində məşhur bəstəkar, musiqişünas Əfrasiyab Bədəlbəylinin, istedadlı alim, cərrah Fuad Əfəndiyevin, akademik Səftər Quliyevin, böyük mütəxəssis və dövlət xadimi Süleyman Vəzirovun və onlarla başqalarının adlarını çəkmək olar.

Qeyd etmək lazımdır ki, Azərbaycanda milli kadrların yetişdirilməsində A.Şaiq tərəfindən milliləşdirilmiş siniflərin əsasında 20-ci illərin əvvəllərində yaradılan “Şaiq adına nümunə məktəbi”  böyük iş görmüşdü.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Abdulla Şaiq tərəfindən orta məktəb siniflərinin milliləşdirilməsi təhsil tariximizə mühüm hadisələrdən biri kimi daxil olmuşdur.

 

“Azərbaycan müəllimi” qəzeti